“Rusiyanın çökməsi Dağlıq Qarabağ probleminin həllinə yol açacaq”

0
403

Son zamanlar Rusiyanın milli valyutası – rublun məzənnəsi dünyanın aparıcı valyutalarına – dollar və avroya, eləcə də Azərbaycan manatına nisbətdə sürətlə aşağı düşür. Bu il ərzində rublun dəyəri manat qarşısında yarı-yarıya azalıb. Yanvar ayında valyutadəyişmə məntəqələrində 100 rubl 2,3 manata dəyişdirildiyi halda, dünən 1,1 manata dəyişdirilib. Rublun bu qədər kəskin ucuzlaşması bu ölkənin iqtisadiyyatında ciddi böhrana səbəb olub. İlin əvvəlindən Rusiya Mərkəzi Bankı rublun dəstəklənməsi məqsədilə bazara 70 milyard dollar vəsait yönəldib və uçot faiz dərəcəsi 6 dəfə qaldırılaraq 17%-ə çatdırılıb. Lakin müsbət nəticə əldə olunmayıb. Artıq şimal qonşumuzda istehlak məhsullarının qiyməti son bir neçə ay ərzində 10% bahalanıb. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu üçün rublun ucuzlaşmasının ölkəmizə də təsiri qaçılmaz olacaq. Dünəndən etibarən Azərbaycanda FOREX (Beynəlxalq Banklararası Valyuta Bazarı – Foreign Exchange) fəaliyyəti ilə məşğul olan şirkətlər Rusiya rublu ilə əməliyyatları dayandırıb.

Məsələyə münasibət bildirən iqtisadi məsələlər üzrə tanınmış ekspert, keçmiş millət vəkili Nazim Məmmədov rublun ucuzlaşmasının Rusiyanı iqtisadi baxımdan çökdürəcəyini söylədi: “Rusiya faktiki olaraq iqtisadi fəlakət astanasındadır. Rublun sürətlə ucuzlaşmasının ən ağır nəticələrini Rusiya bu ilin yazında hiss edəcək. Əgər yaza kimi Rusiya Ukraynaya münasibətdə mövqeyində dəyişiklik etməsə, onda ölkə iqtisadi baxımdan çökmək təhlükəsi ilə üzləşəcək. Bu iqtisadi böhrandan çıxmaq isə Rusiya üçün heç də asan olmayacaq. Bu baxımdan Rusiyanı yaxın gələcəkdə yaxşı heç nə gözləmir”,-dedi.

Politoloq Vəfa Quluzadə rublun ucuzlaşması nəticəsində Rusiyanın iqtisadi baxımdan çökməsinin siyasi dəyişikliklərə yol açacağını və imperiyanın dağılacağını bildirdi: “Rusiya Ukraynaya təcavüzünün ağır nəticələrini öz üzərində hiss edir. Rublun ucuzlaşması göstərdi ki, Rusiya heç də qələmə verildiyi kimi qüdrətli dövlət deyil. Mənə elə gəlir ki, Rusiyanın çökməsi MDB məkanındakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinə yol açacaq. Bu amil MDB-nin, həmçinin Avrasiya və Gömrük İttifaqının sonu demək olacaq”,- dedi

Azərbaycanda FOREX (Beynəlxalq Banklararası Valyuta Bazarı – Foreign Exchange) fəaliyyəti ilə məşğul olan şirkətlər Rusiya rublu ilə əməliyyatları dayandırıb. Bu barədə fins.az-a FOREX bazarının əsas iştirakçıları olan şirkətlərdən bildirilib. “İnvest-Az” şirkətindən bildirilib ki, şirkət dekabrın 16-dan etibarən rublla əməliyyatlara xitam verib. FOREX xidməti göstərən digər maliyyə təşkilatı “Muğanbank” isə rubla əməliyyatları dünəndən dayandırıb. Bankda bunu dünya valyuta birjalarında rublla bağlı yaranmış vəziyyətlə izah edirlər. Belə ki, rublla əməliyyatlar dünya FOREX bazarında da məhdudlaşdırılıb. Hər iki təşkilatdan bildirilib ki, rublla əməliyyatların nə vaxt bərpa olunacağı dünya bazarındakı vəziyyətdən asılı olacaq.

 Dünya ucuz mal almaq üçün Rusiya mağazalarına üz tutur

Rublun avro və dollar qarşısında kəskin ucuzlaşması nəticəsində dünyanın bütün ölkələrindən olan alıcılar ucuz mal almaq üçün Rusiya mağazalarına üz tutub. Xarici ölkələrdən bank kartları vasitəsilə Rusiyadan mal alanların sayı və ticarətin həcmi sürətlə böyüyür. Məsələ ondadır ki, digər ölkələrin valyutasının dollara milli nəzərən kursu rubl qədər ucuzlaşmayıb. Buna görə də Rusiyanın iri pərakəndə satış mağazalarından “online” sifarişlə eyni malı başqa ölkələrdə (məsələn, Belarus və Qazaxıstan) olduğundan xeyli ucuz qiymətə əldə etmək olur. Alıcılar da bundan istifadə etmək istəyirlər. Belə ki, 16 GB yaddaşa malik “İphone 6 Plus” smartfonunu Rusiyada “Ulmart.Ru”dan 677 dollara əldə etmək olar. Halbuki, bu məhsul Qazaxstanın “Olx.Kz” “online” mağazasında 935 dollar, Belarusun “Technoshok.Shop.by” “online” mağazasında isə 920 dollardır. Rusiyanın prosessinq şirkətlərinin məlumatına görə, noyabrda Ermənistan, Çin, Belarus, Qazaxıstan, həmçinin digər yaxın və uzaq xarici ölkələrdən olan alıcılar Rusiya mağazalarında xərcləmələri kəskin artırıb. Məsələn, ermənilər buna 2013-ci ilin noyabr ayı ilə müqayisədə 123,64%, çinlilər 85,73%, beloruslar 78,31%, qazaxlar 32,51% çox vəsait sərf ediblər.

Belarus və Qazaxıstan sakinləri Rusiyadan daha çox məişət texnikası alırlar – bu istiqamətdə alış-verişin həcmi 120% artıb. Çindən olan alıcılar saat və zərgərlik əşyalarına xüsusi diqqət yetirirlər- bu kateqoriya üzrə 3,9 dəfə artım qeydə alınıb. Qazaxıstandan olan veb-alıcıların sayı ötən ay 2013-cü ilin noyabrına nisbətən 140%, Belarusdan isə 29% artıb. Tranzaksiyaların sayı isə müvafiq olaraq 27% və 32% artıb. Belaruslar və qazaxlar avtomobillərin alışında da fəaldırlar- oktyabrın sonundan onlar bütün alıcıların 60%-ni təşkil edirlər. Avtomobil satışı şirkətləri Qazaxıstan vətəndaşları tərəfindən avtomobillərin alışının sürətlə artması bildiriblər.

 “Apple” Rusiyadakı satışlarını dayandırıb

Dünyanın texnologiya nəhənglərindən biri olan “Apple”, Rusiyadakı satışlarını rublda baş verən “həddindən artıq dalğalanma” səbəbi ilə müvəqqəti dayandırdığını açıqladı.

“Apple”dan verilən açıqlamaya görə, şirkət Rusiyada yalnız onlayn mağazası ilə fəaliyyət göstərəcəkdir.”Apple” məhsullarının ölkədəki tək satış ünvanı olan internet saytında (www.store.apple.com/ru) isə “Apple mağazasını sizin üçün yenilədik. Qısa bir müddət sonra təkrar fəaliyyətə başlayacağıq” mesajı yerləşdirilib. “Apple”in Maliyyə Direktoru (CFO) Luca Maestri, “Məzənnənin təsirini yüngülləşdirmək üçün tətbiq etdiyimiz bir proqramımız var. Ancaq, bu müvəqqəti  bir proqramdır” qiymətləndirməsini edib.

Şirkət, rublun ucuzlaşmasına indiyə qədər məhsullarının qiymətini artıraraq cavab verməyə çalışmışdı. “Apple”in bazara sentyabr ayında təqdim etdiyi  “Iphone 6”nın Rusiyadakı qiyməti bir ayda 25% bahalaşıb. Ancaq, rubldakı enişin idarə edilə bilinməməsi şirkətin ölkədəki satışlarını müvəqqəti dayandırmasına gətirib çıxardıb.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here