UEFA deyəcək ki…

0
428

“Qarabağ” – “İnter” (İtaliya) oyununun 90+4-cü dəqiqəsində baş verən olayla bağlı “Qarabağ” Futbol Klubunun UEFA-ya göndərdiyi şikayət məktubuna artıq cavab gəlib. UEFA-dan “Qarabağ” klubuna ünvanlanan məktubda deyilir: “Oyun zamanı baş verən epizodla bağlı edilən məhkəmə müraciətiniz qəbul edilib və UEFA-nın İntizam və Nəzarət Komitəsinin 05.02.2015 tarixində baş tutacaq iclasında məsələyə baxılaraq qərar veriləcək”. Orada hansı qərarın qəbul ediləcəyi barədə fikir mübadiləsi aparmaq niyyətində deyiləm. Təbii ki, “Qarabağ”ın rəsmilərinin atdığı bu addım təqdirəlayiqdir. “Qarabağ” rəsmiləri bununla kifayətlənməyiblər. Belə ki, bu günlərdə “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl İsveçrəyə də getmək niyyətindədir. O bu niyyətini isə belə əsaslandırıb: “Mənim başqa bir arzum yoxdur. Burada əsas məqsədim onların mənim gözümün içinə baxaraq, buna reaksiyalarını görməkdir. Ondan sonra nə olacaq? Əlbəttə, indidən buna cavab vermək çox çətindir. Mən şəxsən özüm inanmıram ki, təzədən nəsə baş versin. Amma ən böyük arzum odur ki, əvvəla “Qarabağ”a edilən haqsızlıq UEFA tərəfindən təsdiq olunsun. UEFA mədəniyyətlərdən, məqsədlərdən danışır. Onlar da təsdiq etsinlər ki, bu qələbə bizim əlimizdən alınıb”.

Bir daha xatırladaq ki, “Qarabağ” – “İnter” oyununu idarə edən çexiyalı hakimlər briqadası Riçard Almeydanın vurduğu, futbol dili ilə desək, təmiz qolu hesaba almayıb. Nəticədə, qrupda 6 xal toplayan komandamız 3-cü sırada qərarlaşıb və qrupdan çıxa bilməyib. Baş vermiş olaydakı haqsızlıq ictimayyətə pis təsir edib. Yəni bu, hər bir kəsin üzüntüsünə səbəb olub. Fikrimcə, bu üzüntümüz hələ çox davam edəcək.

Bəli, Tahir Gözəl yol üstədir. Bəri başdan Tahir Gözəl kimi işgüzar şəxsə bu yolda uğurlar diləyirik. Təbii ki, Tahir Gözəlin bu missiyasına UEFA-nin necə reaksiya verəcəyini öncədən söyləmək çətindir. Buna rəğmən, mən bir proqnoz vermək niyyətindəyəm. Di gəl, qorxuram ki, “Qarabağ” – “İnter” (İtaliya) oyununun baş hakimi çexiyalı Mioslav Zelinka bunu “ofsayd” kimi qeydə ala və üstəlik, mənim futbola siyasi rənglər qatmaqda qınaya, bununla da bütün ümidlərimi puç edə. Lakin həmin cənab unutmasın ki, o özü artıq ədalətsiz qərarı ilə futbola siyasi çalarlar gətirib. Bu gün kimi aydındır. Odur ki, öz fikrimdə israrlıyam.

Bəli, iyirmi ildən artıqdır ki, erməni silahlı qüvvələri havadarlarının köməyi ilə işğal etdikləri dədə-baba torpaqlarımızda at oynadırlar. Bütün cəhdlərimizə baxmayaraq, dünyanın beynəlxalq qurumları, eləcə də ölkə başçıları bizim haqq səsimizi eşitmirlər. Yaxud da özlərini eşitməməzliyə vururlar. Onlar bu və ya digər rəsmi görüşlərdə sadəcə, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, Qarabağın əzəli Azərbaycan torpaqları olduqlarını dilə gətirməklə kifayətlənirlər. Adama bəzən elə gəlir ki, artıq beynəlxalq qurumlar və bəzi dövlətlər Qarabağ amilindən alver edirlər. Odur ki, hələ də hansısa beynəlxalq təşkilatdan, yaxud dövlətdən Ermənistana qarşı sanksiyalar, təzyiqlər heç müzakirə mövzusu deyil. Bu mənada biz hər dəfə onların boş söhbətlərinin şahidi oluruq. Bu isə, hər şeydən əvvəl, beynəlxalq hüquq normalarına ziddir.

Bəli, mənim fikrimcə, elə UEFA-nın rəsmiləri də “Qarabağ”la bağlı məsələyə elə bu aspektdən yanaşacaqlar. Dünya gör-götür dünyası deyilmi? Yəni sadəcə deyəcəklər ki, bəli, biz “Qarabağ”ı çox yaxşı tanıyırıq, ona hörmətimiz var, artıq o, dünya miqyaslı bir komandaya çevrilməkdədir, (ürəklərində isə söyləyəcəklər: “Ay imkan verdik a…”) üstəlik, ərz edəcəklər ki, bəs vurulan qol hesaba alınmalı idi. Biz də sizin dərdinizə şərikik. Lakin biz oyunun “rəsmi” nəticəsini dəyişə bilmərik, əks halda, mayamızı batıra bilərik. Yenə deyirəm, dünya gör-götür dünyası deyilmi?

Bütün bunlara rəğmən, şəxsən mən Tahir Gözəlin bu addımını dəstəkləyirəm. Çünki bununla o, “Qarabağ” həqiqətini UEFA üzərindən bir daha dünyaya bəyan edəcək. Bununla da UEFA kimi bir qurumun digər beynəlxalq qurumlardan əsla fərqlənmədiyini sübut edəcək. Məgər bu azdır?

Yazımı isə klub rəsmisinin bu sözləri ilə başa vurmaq istəyirəm: “Mənim arzum odur ki, bu oyun “Qarabağ”ın “İnter” üzərində 1:0 hesablı qələbəsi kimi yadda qalsın”. Elə mən də bu fikirdəyəm. Odur ki, elə UEFA-nın acığına muğam üstündə deyirəm:

Əzizinəm “Qarabağ”,

“Milan”, “Real”, “Qarabağ”.

Yaddan çıxmaz “İnter”ə

Vurduğun qol, “Qarabağ”!

ə Qvami Məhəbbetoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here