Hansı şinlərdən istifadə edək ki, avtomobilimiz sürüşməsin?

0
511

 Qaz, işıq, su problemləri ilə yanaşı, yollarda yaşanan acınacaqlı vəziyyət  bütün ölkə əhalisini narahat edir. Ekspertlərin fikrincə, yollarda avtomobillərin sürüşməsinin müəyyən bir qismi sürücülərin qeyri-peşəkarlığından baş verirsə, bir hissəsi avtomobillərin qışa düzgün hazırlanmamasından meydana gəlir. Avtomobildə təhlükəsizliyi təmin etmək üçün fəsil dəyişikliyinə ciddi fikir vermək lazımdır. Bu, xüsusilə qış ayları üçün daha çox önəmlidir. Qışda qarlı-buzlu yollarda təhlükəsizlik baxımından avtomobil şinləri xüsusi əhəmiyyət kəsb edir. Şinlər qarlı-buzlu, yaş və quru yollar üçün istehsal olunur. Mövzu ilə bağlı suallarımızı Ağdaş rayonunda fəaliyyət göstərən usta İlqar Mərdanova ünvanladıq.

– Avtomobil şinləri qışda təhlükəsizliyin əsas təminatıdır. Avtomobil şinləri üçün, əgər belə demək mümkünsə, qış 10 dərəcə temperaturdan başlayır. Artıq belə havada yay şinləri elastikliyini itirir. Rayonumuzda yolların vəziyyətinə görə qışda şinlərini dəyişdirən çox az sürücü tapmaq olar. Qış şinlərindən istifadə olunmamasının səbəbi yəqin ki, sürücülərin özlərini xərcə salmaq istəməmələridir. Rayonumuz aran bölgəsində yerləşdiyi üçün qış o qədər də sərt keçmir. Qarlı-buzlu günlərin sayı az olsa da, şinlərin dəyişdirilməməsi sürücülərin təhlükəsizliyini birbaşa şübhə altında qoyur.

– Sürücülər ən çox hansı ölkələrdə istehsal olunan şinlərə üstünlük verirlər?

– Əsasən Almaniyada istehsal olunan şinlərə üstünlük verilir. Ümumiyyətlə, Avropada ən iri şin bazarı Almaniya hesab olunur. Dünyada şin bazarında bir çox istehsalatçı olsa da, onlardan üçü daha çox üstünlük təşkil edir. Bunlar “Michelin”,” “Bridgestone” və “Good Year”dir. Dünya standartlarına görə qış şinlərinin 2 növü var. Birinci növ şinlər qarlı-buzlu yollar üçün və az palçıqlı, az qarlı yollar üçündür. İkinci növ şinlər daha “dişli” olurlar. Bu şinlər şaxtalı havaya daha çox dözümlü olurlar. Belə ki, tikanlı şinlərin palçıqlı yollarda heç bir xeyri olmur. Bu zaman yapışqan şinlərdən istifadə daha məsləhətlidir. Buz üzərində hərəkətdən sonra şinlər yaş olur və uzun müddət dayandıqdan sonra soyuq havada donur. Buna görə avtomobili birbaşa yola çıxarmaq olmaz. Təkərləri qızdırmaq lazımdır ki, üzərindəki buz təbəqəsi ərisin.

– Usta, fəsildən asılı olmayaraq, şinləri neçə müddət istifadə edəndən sonra dəyişdirməyi tövsiyə edirsiniz?

– Əgər protektorun naxışının dərinliyi 5 mm-ə çatıbsa, deməli, şinləri dəyişmək vaxtıdır. Bunun üçün şinlərin bir çoxunda çıxıntı şəklində 4 mm-lik indikator olur. Əgər protektor onunla bərabərləşibsə, deməli, yenisi ilə əvəz olunmalıdır. Bəzən az istifadə olunan avtomobildə protektorun dərinliyi azalmır. Bu zaman sürücü şinlərin dəyişdirilməsini lazım bilmir. Lakin sürücü bir ildən sonra şinlərin ilişmə (yapışma) keyfiyyətinin 10 faiz azaldığını bilmir.

– Şinlərin qiyməti bahadırmı?

– Necə deyərlər, “ucuz ətin şorbası olmaz”. Qiymətlər keyfiyyətinə görə dəyişir. Məsələn, “Premium” markasından olan şinlərin qiyməti 100 və 300 manat arası dəyişir. Bu qiymətə olan qış şinləri ən qabaqcıl texnologiyalarla istehsal edilmiş ən yeni modellərdir. Bu şinlər 2-3 qış mövsümü sizi yolda qoymaz. Orta keyfiyyətdə olan şinlərin qiyməti 70-100 manat təşkil edir. Bu şinləri də normal və keyfiyyətli qış şinləri hesab etmək olar. Ucuz hesab etdiyimiz şinlərin qiyməti isə 70 AZN-dən aşağı qiymətə olan şinlərdir ki, bunlar da daha çox Belarus, Rusiya və Ukrayna şirkətlərinin istehsal etdikləri şinlərdir. Keyfiyyət baxımından aşağı olsa da, 1-2 mövsüm istifadə etmək olar.

– Sonda sürücülərimizə nə kimi məsləhətlər verərdiniz?

– Bir çox sürücülər ucuz olsun deyə Avropanın maşın xarabalıqlarından gətirilmiş ikinci əl şinlərə üstünlük verirlər. Belə şinlər çox vaxt bir mövsümü başa vura bilmir. Çalışsınlar, qış fəsli yaxınlaşdıqda şinləri dəyişdirsinlər. Buz düşməsini gözləməsinlər. Təbiidir ki, şinlərin qiyməti mövsüm başlayanda bahalanır. Qışda şinlərin təzyiqini tez-tez yoxlayın. Qış şinlərinin tanınmış markalardan olması vacib deyil. Şinlərin daha elastik rezindən hazırlandığına əmin olun ki, şaxtada yumşaq olsun və öz amortizasiya xüsusiyyətlərini saxlamağa imkan versin. Əgər yolunuz daha çox asfalt örtük olacaqsa, protektoru xırda naxışlı olan, qarlı yollarda gedəcəksinizsə, iri naxışlı şinlərdən istifadə etmək lazımdır. Şinlərin dördünü də dəyişmək lazımdır. Bəzi sürücülər imkan baxımdan iki şini dəyişirlər. Bu doğru olmasa da, çarəsiz arxa şinləri dəyişin. Şinlərin ölçüsü diskin ölçüsündən böyük olmamalıdır. Hətta şinləri bir ölçü kiçiltmək olar. Bəzən iri şinlərin hər yerdə işə yaradığını düşünürlər. Amma bu cür şinləri buzlu yollarda idarə etmək çox çətindir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here