Gəncləri qoruyaq

0
341
Bu günlərdə gənclərimizin kitab oxumaması, onların bu bilik mənbəyinə etinasızlıqları ilə bağlı bir yazı diqqətimi cəlb etdi. 
Həmin yazının müəllifi dönə-dönə qeyd edir ki, bəs sovet dönəmində gənclər boş vaxtlarından səmərəli istifadə edərdilər, hətta avtobus və metroda belə kitab oxuyardılar. İndi isə həmin nəqliyyat vasitələrində belə gənclərə rast gəlmək mümkün deyil. Sanki həmin gənclik qeybə çəkilib. Halbuki xarici ölkələrin gəncləri hər yerdə, o cümlədən avtobus və qatarlarda da kitab oxuyurlar. Yazının bu yerinə çatanda, inandırım sizi, cin vurdu təpəmdən. Bir istədim müəllifə bir tutarlı cavab yazım, abrını ətəyinə büküm, lakin az sonra bu fikrimdən daşındım, dedim, elə bir xudmani yazı yazsam, kifayətdir.Əvvəla, həmin ağsaqqal yazara (həmin yazının müəllifi ağsaqqal idi) demək istəyirəm ki, onun son illər, həqiqətən də, məmləkətimizin gənclərinin kitaba və oxumağa marağının azalması fikri ilə tam razıyam. Amma nədənsə həmin yazar bunun səbəblərini araşdırmaq belə istəmir. Axı bunun da müəyyən səbəbləri var. Mən bununla bağlı fikirlərimi uzun-uzadı yazıb kimsənin vaxtını almaq istəmirəm. Lakin gənclərimizin niyə avtobus və metroda kitab oxumamalarına müəyyən mənada aydınlıq gətirmək istəyirəm.

Əvvəla, onu deyim ki, hərəkətda edən nəqliyyat vasitələrində kitab, jurnal, qəzet oxumaq gözə ziyandır. Görünür, bu məlumatdan bütün gənclərimiz halidirlər. Ona görə də, avtobus və metroda əllərinə kitab almırlar. Bunu bilə-bilə hansı axmaq əlinə kitab alar? İkincisi, indi kitab oxuyana baxan kimdir? Bu və ya digər yerə işə düzəlmək istəyəndə də bir kimsə soruşmur ki, nə oxumusan? Sadəcə, işə girmək üçün nə qədər pulu olduğu ilə maraqlanırlar. Ay yazar, nə düşmüsünüz bu gənclərin üstünə e… Bütün bunlar bir yana… Digər bir əsas məsələni lap az qala unudacaqdım.

İndi avtobuslara, metroda qatarlara minib-düşmək problemə çevrilib. Bu nəqliyyat növlərində basabas o həddə çatıb ki, insanların bir-birinin belinə minməsi, ayaq tapdanması, qapılardan sallanması adi hala çevrilib. Xüsusilə qatarlarda “mehribançılıq” o həddə çatıb  ki, təsvirinə çətinlik çəkirəm. Bircə onu deyə bilərəm ki, həmin nəqliyyat növlərindən istifadə edənlərin basabasla bağlı kifayət qədər xatirələri var. Bu mənada basabas “mehribançılığı” artıq bu nəqliyyat növlərinin simvoluna çevrilib desək, yanılmarıq. (Bəlkə elə bu səbəbdən indi hamı şəxsi minik maşını almaq istəyir. Təbii, şəhərdə minik maşını ilə mənzil başına vaxtında yetişmək də müşkül məsələdir. Çünki tıxaclar, əgər belə demək mümkünsə, Ərəbzəngi kimi meydan sulayır). Həm avtobusdan, həm də qatarlardan istifadə edənlər yaxşı bilirlər ki, belə hallarda o qədər xoşagəlməz hallar yaşanır ki… Bununla bağlı kifayət qədər misal çəkmək olar. Lakin buna nə hacət. Elə bir neçə gün öncə metronun “20 Yanvar” stansiyasında qatara minərkən yaranan basabasda iki qadın kəllə-kəlləyə gəlmədimi? Saçyolduya çıxmadımı? Bir-birlərini nalayiq söyüşlərə qərq etmədimi?

İnsafən, xalq yaradıcılığı xiridarları bu basabaslarla bağlı o qədər lətifələr, deyimlər uydurublar ki, saymaqla qurtarmaz. Lakin onlardan bir mərifətlisini tapmadım ki, oxuculara təqdim edəm. Çünki onların hər birinə basabas mədəniyyəti elə hopub ki, bir kəlməsini ayıranda duzu itir. Odur ki, öz başıma gələni nəql etməklə kifayətlənirəm. Dünən işə gələndə basabasda belə bir söhbətin şahidi oldum:

– Basabasda mənim mənliyimi niyə təhqir edirsən?

– A kişi, sənin mənliyinin bu basabasda nə işi var axı?

Hə, bir dəfə kənddə yaşayan anam mənə dedi:

– Nə vaxt zəng edirəm, gah deyirsən, tıxacgildəyəm, gah da deyirsən, basabasgildəyəm. Balam, bəs sən nə vaxt evində olursan?

Bu yazıda məqsədim heç də basabasdan belə ətraflı söz açmaq deyildi. Lakin necə basabasa düşdümsə, yazımın cilovunu da başlı-başlı buraxdım. Keçənə güzəşt deyiblər… Hə, onu deyirdim axı. Daha dediyimi dedim də… Daha nə deməliyəm ki? Bəli, elə bu basabasların ucbatından gənclərimiz həmin nəqliyyat vasitələrində kitab oxumurlar! Odur ki, ağsaqqallardan xahiş edirəm ki, gənclərdən bu tipli yazılar yazanda bir qədər diqqətli olsunlar. Əks halda, belə yazılara görə qarşılarında məni görəcəklər. Mən gənclərin haqsız tənqidlərə məruz qalmasına dözə bilmərəm. Yaşasın belə gənclik!

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here