“Qarabağ”ı İspaniyanın vəziyyətinə saldılar

0
262
Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində Bakıda keçirilmiş “Qarabağ” – “İnter” qarşılaşmasının 94-cü dəqiqəsində Riçard Almeydanın hesaba alınmayan qolunun şokundan hələ də ayılmamışıq. 
Çex hakimin timsalında ədalət təmsilçilərinin insanı şoka salan qərarları nə birincidir, nə də sonuncudur. 2002-ci ildə Uzaq Şərqdə, Yaponiya və Cənubi Koreyada keçirilən ilk və sonuncu müştərək dünya çempionatına hakimlər öz damğasını vurub. 2:1 hesabı ilə başa çatan Braziliya-Türkiyə oyununda Rivaldonun aktyorluğuna görə meydandan qovulan Hakan Ünsalı nümunə göstərə bilərik. Bu öz yerində, amma meydan sahibləri Cənubi Koreyanın 1/8 finalda İtaliya, ¼ finalda isə İspaniya ilə qarşılaşmalarda yaşananlar, hakimlərin dünyanın gözü qarşısında qəbul etdikləri ədalətsiz qərarlar hələ də yaddaşlardan silinməyib. Cənubi Koreya – İtaliya matçının baş hakimi ekvadorlu Bayron Morenonu İtaliyanın qapısına mübahisəli penalti təyin edib, Françesko Tottini də simulyasiyaya görə meydandan qovub. Bundan başqa, Bayron Moreno oyunun əlavə hissəsində qapıçını da aldadaraq topu baş qapıya yollayan Damiano Tomazzinin təmiz qolunu ofsayd olduğu üçün hesaba almayıb. Oyunu 2-1 hesab koreyalıların qələbəsi ilə başa çatıb.

Yenə Cənubi Koreya, yenə hakim özbaşınalığı. Cənubi Koreya – İspaniya matçının baş hakimi misirli Camal Qandur da ekvadorlu həmkarından geri qalmayıb. Misirli baş hakim İspaniya yığmasının vurduğu iki təmiz qolu qeydə almayıb. Bir sözlə, oyun boyu meydan sahiblərinin lehinə qərarlar çıxaran baş hakimin İspaniyanın məğlubiyyətində “böyük fədakarlıq” göstərib. Matçın ikinci hissəsinin əvvəllərində İspaniyanın cərimə zərbəsindən Cənubi Koreyanın qapısına yolladığı topu Kim Tae-Younq öz qapısına göndərsə də, hakimlər Fernando Morientesin ofsaydda olduğunu əsas gətirərək qolu hesaba almayıblar. Eynən “Qarabağ”-”İnter” matçında olduğu kimi… Matça əlavə olunmuş dəqiqələrdə isə Xoakin Sançezin asmasını başla Cənubi Koreyanın qapısına göndərən Fernanado Morientesin də qolu sayılmayıb. Səbəb kimi, topun meydan xəttini keçdiyi bəhanə gətiriblər. Penalti zərbələrinə qədər uzanan matçı meydan sahibləri qazanıb. 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatı da hakim səhvləri ilə müşahidə olunub. Dünya çempionatının ən yaddaqalan oyunu 1/8 final çərçivəsində keçirilmiş Almaniya-İngiltərə oyunu olub. İngiltərənin yarımmüdafiəçisi Frank Lempardın oyunun 37-ci dəqiqəsində vurduğu zərbə qapının üst dirəyinə dəyəndən sonra qapı xəttini keçib. Lakin, çox keçmədən baş hakim futbolçular və azarkeşlər qol sevincini gözündə qoyub. Həmin an ilk ağla gələn azərbaycanlı hakim Tofiq Bəhramov olub.

Bundan başqa, 2010-cu il dünya çempionatında üçüncülük uğrunda keçirilən Uruqvay-Almaniya oyununda Bastian Şvaynştaygerin zərbəsini qapıçı Muslera qaytarandan sonra boş qalan topu Tomas Müller tora qovuşdursa da yan hakim bayrağını havaya qaldırıb.

Bu il Braziliyada keçirilən dünya çempionatının A qrupundan Meksika və Kamerun yığmalarının oyununda Covanni Dos Santosun qolu ofsayd olduğu üçün ləğv edilib. Epizoda təkrar baxan zaman meksikalı futbolçunun ofsaydda olmadığı açıq-aşkar görünüb.

Belə oyunlardan sonra isə ilk ağla gələn o olur ki, görəsən oyunu yenidən keçirmək olarmı? Hər halda futbolda belə bir ilk yaşanmayıb. Yəqin ki, bunun da bir mistikası olmamış deyil…

“NTV-Plyus Futbol”: “Qarabağ”ı öldürdülər

“Qarabağ”ı öldürdülər, öldürdülər”.  Bu sözləri tanınmış futbol şərhçisi Georgi Çerdantsev deyib. Rusiyanın populyar “NTV-Plyus Futbol” kanalı ilə Avropa Liqasının qrup mərhələsinin son turunun oyunlarını şərh edən ekspert Bakıda keçirilən “Qarabağ”  (Azərbaycan) – “İnter” (İtaliya) oyununa da toxunub. O, son dəqiqələrdə rəqib qapısına yol tapan Riçard Almeydanın qolunun sayılmamasını ədalətsizlik hesab edib. Verilişə qatılan Kirill Dementyev də Miroslav Zelinkanın rəhbərlik etdiyi çexiyalı hakimlərin ədalətsizliyindən danışıb: “Düşünürəm ki, “Qarabağ” – “İnter” oyununun hakimliyi uzun müddət müzakirə olunacaq. Amma nəticə əlbəttə ki, dəyişməz qalacaq”. Aparıcı Sergey Akulinin 0:0 hesabı ilə başa çatan qarşılaşmanın sonunda yaşananları şərh edib: “Qrup mərhələsinin debütantı olan “Qarabağ” Avropa Liqasının 1/16 final mərhələsinə çıxmağa çalışırdı. Bu da onlarda demək olar ki, alındı. Oyuna artırılan vaxtda top “İnter”in oyunçusunun ayağından sıçrayıb qapıya daxil oldu. Lakin yan xətt hakimi elə hesab etdi ki, son toxunuş “Qarabağ”ın futbolçusundan olub. Bu səhv olmasaydı, “Qarabağ” növbəti mərhələyə keçəcəkdi”.

Türkiyə mətbuatı: “Qarabağ”a qarşı biabırçı səhv

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”i ilə keçirdiyi oyun Türkiyə mətbuatının da gündəmindən yayınmayıb. Qardaş ölkənin NTV-Spor saytı “Qarabağ”ın təmiz qolunun sayılmadığını xüsusi vurğulayıb. Türkiyədən olan həmkarlarımız Avropa Liqasında “Qarabağ”ın növbəti mərhələyə vəsiqəsi göz görə-görə əldən getdiyini vurğulayıblar: “Qarabağ” qələbə qazanacağı təqdirdə 1/16 finala adlayacaqdı. Lakin çexiyalı hakim Miroslav Zelinka biabırçı səhvə yol verdi. Riçard Almeydanın 90+4-cü dəqiqədəki zərbəsindən sonra top rəqib müdafiəçiyə dəyərək tora düşdü. Növbəti mərhələyə vəsiqəni öncədən təmin edən “İnter” oyunçuları məyus, “Qarabağ”lılar isə böyük sevinc içində idilər. Lakin Zelinka qolu ləğv etdi…”.

“Oyun yenidən keçirilə bilər”

“Həmin epizoddakı qərəzli qərarla bağlı əlimizdə fakt yoxdu. Amma UEFA-nın hakimlərindən bu cür səhv gözləmək ağlasığmazdı”. Bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Avropa Liqası çərçivəsində baş tutan “Qarabağ” – “İnter” oyunu ilə bağlı Ağdam klubu tərəfindən təşkil edilən mətbuat konfransında iştirak edən Məmmədov matçın baş hakimi Miroslav Zelinkanı qərəzli idarəçilikdə günahlandırıb: “Adi epizod idi. Bunların altında nələrsə gizlənir. Dünənki oyunun hakim inspektoru da bildirdi ki, təmiz qol idi, onların qiyməti aşağı olacaq. Amma iki halda oyun yenidən keçirilə bilər. Biri vaxt, digəri isə “lipa” dediyimiz məsələ zamanı. Doğrudan da, həmin vaxt oynanılmayıbsa, buna görə etiraz etmək olar”.

Qeyd edək ki, “İnter”lə oyunda “Qarabağ”ın 90+4-cü dəqiqədə vurduğu təmiz qol qeydə alınmadığından, Ağdam təmsilçisi növbəti mərhələyə adlaya bilməyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here