Rusiya Özbəkistana münasibətdə səmimi ola biləcəkmi?

0
285
Krımı işğal edən və bununla kifayətlənməyərək Ukraynanın cənub-şərqində separatizmi körükləyən Rusiya təcavüzkarlıq siyasətinin ən ağır nəticələrini öz üzərində hiss etməkdədir.
 Belə ki, dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşmaqda davam etməsi Rusiyaya milyardlarla dollar zərər vuraraq ölkəni iqtisadi böhran təhlükəsi ilə üz-üzə qoyub. Ukrayna ərazilərini işğal etməsinə görə, Qərbin sərt iqtisadi sanksiyalarına məruz qalan Rusiyada vəziyyətin gündən-günə pisləşməsi isə Kremli vəziyyətdən çıxış yolu axtarmağa və üzünü yenidən postsovet məkanı ölkələrinə tutmağa məcbur edib. Bu müstəvidə də Rusiya Prezidenti Vladimir Putinin Özbəkistana səfəri və həmkarı İslam Kərimovla apardığı danışıqların nəticələri Moskvanın Qərbin ağır iqtisadi sanksiyalarını postsovet məkanı ölkələrinin hesabına yüngülləşdirmək niyyətində olduğunu bir daha üzə çıxarıb. Putin Rusiyanın Özbəkistanla ticari münasibətlərinin indiki ilə müqayisədə ən azı 5-10 dəfə artırmağı planlaşdırdığını, eyni zamanda müxtəlif təyinatlı sənaye məhsullarını bölgəyə göndərməkdə maraqlı olduğunu söyləyib. O, Özbəkistan bazarının Rusiyanın müxtəlif təyinatlı sənaye maları üçün cəlbedici olduğunu xüsusi vurğulayıb. Putin eyni zamanda Özbəkistanın kənd təsərrüfatı məhsullarına Rusiyada böyük ehtiyac duyulduğunu və bu çərçivədə Qərbin sanksiyaları nəticəsində boşalan bazarlara özbək iş adamlarının daha çox meyvə-tərəvəz göndərməsinin qarşılıqlı maraqlara xidmət edəcəyini söyləyib. Rusiya Prezidenti həmçinin özbək iş adamlarını Rusiyaya sərmayə qoymağa çağıraraq bunun üçün onlara hər cür şəraitin yaradılacağını vəd edib.

Bundan əlavə Özbəkistanla Avrasiya iqtisadi birliyi arasında azad iqtisadi zonanın yaradılması və Rusiyanın “Lukoyl” kompaniyasının 2039-cu ilə kimi bölgədə həyata keçiriləcək müxtəlif layihələrin reallaşdırılmasına 5 milyard dollar sərmayə qoyması barədə razılıq əldə edilib.

Moskvanın Daşkəndə münasibətdə səmimi olduğunu nümayiş etdirmək üçün Putin ötən əsrin 90-cı illərində Özbəkistanın Rusiyadan aldığı müxtəlif təyinatlı texnika və məhsullar hesabına yaranan və faiz artımı nəticəsində əsas borc məbləğini azı 7-8 dəfə üstələyərək  865 milyon dollara çatan borcunun silindiyini bildirib. Qeyd edək ki, bu borcun silinməsi Özbəkistanın Rusiyadan hərbi texnika alacağı şərti ilə baş tutub. Belə ki, borcun silinməsinin əvəzində Özbəkistan Rusiyadan bir neçə milyard dollar həcmində müxtəlif təyinatlı hərbi texnika almağa razılıq verib. Putin ümid etdiyini bildirib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq daha da inkişaf etdiriləcək. Əslində Putinin iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi çərçivəsində hərbi əməkdaşlığın genişləndirilməsini önə çıxarması heç də təsadüfi deyi. Hərbi ekspertlərin fikrincə, Rusiya digər postsovet məkanı ölkələri ilə olduğu kimi, Özbəkistana ilk növbədə müəyyən qədər köhnəlmiş, həmçinin dünya bazarında rəqabətə davam gətirməyən hərbi texnika və sursat satmaqda maraqlıdır və belə bir siyasətini uğurla həyata keçirir. Digər tərəfdən də Putin bu yolla Qərb istehsalı olan hərbi texnikanın postsovet məkanı ölkələrinə satılmasının qarşısını alaraq hazırda müstəqil olan keçmiş ittifaq respublikalarına silah satışından milyardlarla dollar gəlir götürür. Bundan əlavə hərbi texnika satışı, bu texnikadan istifadə edilməsinin öyrədilməsi üçün Rusiyaya  postsovet məkanı ölkələrinə öz hərbi mütəxəssislərini göndərməyə və bu yolla MDB məkanında hərbi vəziyyətə nəzarət etməyə imkan verir. Təsadüfi deyil ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov: “Özbəkistanın borclarının silinməsi iki ölkə arasında silah alqı-satqısının bir neçə dəfə genişləndirilməsinə imkan verəcək ki, bu da Rusiya üçün böyük strateji önəm daşıyır”,-deyib.

Rusiyanın Özbəkistan da daxil olmaqla postsovet məkanı ölkələrinə hərbi texnika satmaqda maraqlı olmasını həm bundan milyardlarla dolar gəlir götürməsi, həm də keçmiş imperiyanın sərhədləri daxilində hərbi nəzarəti saxlaması niyyəti ilə əlaqələndirən Mərkəzi Asiya və Yaxın Şərq üzrə hərbi ekspert Aleksandr Knyazev: “Rusiya üçün postsovet məkanı ölkələri ilə hərbi-texniki əməkdaşlıq həmişə xüsusi yer tutub. Belə bir əməkdaşlıq NATO hərbi texnikasının postsovet məkanı ölkələrinə daxil olmasının qabağını almağa və onları hərbi sahədə Rusiyadan asılı vəziyyətə salmağa imkan verir. Özbəkistana gəlincə, onlar Rusiya hərbi texnikasına həmişə maraq göstəriblər və NATO ölkələrindən hərbi sursat almağı məqsədəuyğun hesab etmirlər”,-deyib.

Öz növbəsində İslam Kərimov ölkəsinin Rusiyadan hərbi texnika almaqda maraqlı olduğunu təsdiq edib. O: “Özbəkistan hərbi-texniki sahədə Rusiya ilə əməkdaşlığın genişləndirilməsini həmişə xüsusi diqqət mərkəzində saxlayıb”,-deyib. Özbəkistanın Rusiyaya strateji tərəfdaş kimi baxdığını və Moskva ilə bütün sahələr üzrə hərtərəfli əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayan İslam Kərimov bunun regionda təhlükəsizliyə xidmət etdiyini də qeyd edib. Qeyd edək ki, iki ölkə prezidentləri arasında keçirilən görüşdə Putin hərbi və iqtisadi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini, İslam Kərimov isə regionda təhlükəsizliyin təmin edilməsi və bu müstəvidə də bölgə üçün  Əfqanıstandan gələn təhlükə məsələsini əsas müzakirə obyektinə çevirib. İslam Kərimov əfqan təhlükəsinin bütün postsovet məkanı ölkələrini təhdid edə biləcəyini istisna etmədiyini də öz sözlərinə əlavə edib. Putin  regional təhlükəsizlik və əfqan təhlükəsi ilə bağlı özbək həmkarı ilə razılaşdığını söyləyərək, bölgədə sabitlik və sülhün bərpası ilə əlaqədar iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Putinin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında əlaqələrin genişləndirilməsi barədə razılıq əldə edilməsinə baxmayaraq, Moskvanın Daşkəndə münasibətdə bu “səmimi”liyini uzun müddət qoruyub saxlaya biləcəyi şübhə doğurur. Çünki hər vasitə ilə imperiyanı bərpa etmək siyasətini önə çıxaran Rusiyanın istənilən an Özbəkistana münasibətdə siyasətinin dəyişə biləcəyi ehtimal edilir.  Digər tərəfdən də Putinin Qərbin iqtisadi sanksiyalarını Özbəkistan da daxil olmaqla postsovet məkanı ölkələri hesabına yüngülləşdirmək istəyi də çətin ki, arzuedilən nəticə versin. Belə ki, hazırda rublun dollara münasibətdə dəyərdən düşməkdə davam etməsi nəticəsində Rusiya bazarı postsovet məkanı ölkələri üçün öz əhəmiyyətini itirib. Buna paralel olaraq Rusiyanın yeni iqtisadi böhrana sürükləndiyi bir vaxtda MDB ölkələri iş adamlarının adı çəkilən ölkəyə sərmayə qoyması bu pulların batması təhlükəsi baxımından sərfəli deyil.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here