Azərbaycan neftinin dəyəri 45 ay əvvəlki səviyyəyə düşüb

0
231
Dünya bazarında Azərbaycan nefti yenidən ucuzlaşıb. Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, ötən gün Londonda birjasında keçirilən hərraclarda “Azeri Light” markalı neftin 1 barreli 2,33 dollar ucuzlaşaraq 67,65 dollara enib. Bu nəinki 2014-cü ildə, ümumiyyətlə son 3 il 9 ay ərzində Azərbaycan neftinin ən aşağı qiymətidir. Sonuncu dəfə bu qiymət 2011-ci ilın martında qeydə alınıb. “Azeri Light” neftinin bu qiyməti neftin büdcədə nəzərdə tutulan qiymətindən 33% aşağıdır. Xatırladaq ki, 2014-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 100 dollar nəzərdə tutulub. Məlumat üçün bildirək ki, neftin ucuzlaşması rəsmilər və ekspertlər tərəfindən birmənalı qarşılanmır.

Küveyt neft şirkətinin prezidenti Nizar əl-Adsani bildirib ki, hələ 6 və ya 7 ay neftin qiyməti 65 dollar ətrafında olacaq: “Neftin qiyməti yalnız o zaman artacaq ki, OPEK hasilat siyasətinə yenidən baxsın və dnyanın iqtisadi perspektivləri aydınlaşsın. Neftin qiymətinə geosiyasi münaqişələr də təsir edəcək”.

Dünya bazarında müşahidə olunan neftin aşağı qiyməti 2015-2016-cı illlərdə dünya iqtisadiyyatının 0,3% artması ilə nəticələnəcək. “Fitch” agentliyinin analitikləri belə qənaətə gəliblər. Onlar proqnozlaşdırırlar ki, 2014-cü ildə dünya ÜDM-i 2,5%, 2015-2016-cı illərdə isə 2,9% və 3% artıracaq. Qiymətləndirmələrə görə, neftin qiymətinin 10 dollar enməsi dünya iqtisadiyyatının inkişaf dinamikasını 0, 2 faiz bəndi sürətləndirir. “Fitch” agentliyinin gözləntilərinə əsasən, “Brent” markalı neftin bir barelinin orta qiyməti 2014-cü ildə 100 dollardan 2015-ci ildə 83 dollaradək düşəcək, 2016-cı ildə isə 90 dollaradək artacaq. İlin əvvəlindən neftin qiyməti 39,2% enərək 67,35 dollara düşüb.

“Bundan qazanan və zərərə düşənlər olacaq, amma ümumilikdə dünya iqtisadiyyatı üçün bu, yaxşı xəbərdir”, – deyə Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard bildirib.

Əgər neftin qiymətinin hazırkı həddi saxlanılarsa, gəlirləri neftin ixracından asılı olan ölkələr zərər çəkəcək. Gələn il İraq iqtisadiyyatının gəlirlərinin azalması ÜDM-nin təxminən 18%-i ekvivalentində, Əlcəzairdə 15,6%, Nigeriyada 13,6%, Venesuelada 10,2%, Rusiyada 4,7% olacaq. Lakin iri idxalçılar xammala xeyli qənaət edəcək. Əgər neftin qiyməti 6-8 ay hazırkı səviyyədə qalarsa, neft üçün qlobal hesab (qənaət) 500 mlrd. dollar az olacaq. Nəticədə, ABŞ iqtisadiyyatı ÜDM-in 0,5%-nə, Almaniya və Çin 0,7%, Yaponiya 1,2%, Hindistan 1,8%, Cənubi Koreya 2,4 %-nə qənaət edəcək. BVF qeyd edir ki, neftin hər 1 dollar qiymət enməsi Çinə ildə 2,1 mlrd. dollar qənaət etməyə imkan verir.

“IHS Global Insight”ın qiymətləndirməsinə görə, orta amerkialı 2015-ci ildə təxminən 750 dollar qənaət edəcək. Nəqliyyat və istehsal xərcləri, xüsusən də enerji istifadə edilən sahələrdə, məsələn, hava nəqliyyatı və metallurgiyada aşağı düşəcək. HSBC-nin baş iqtisadçısı Stiven Kinq isə əksinə, düşünür ki, tarixən neftin qiymətinin aşağı düşməsi qlobal tənəzüllə nəticələnir. Məsələn, son qlobal maliyyə böhranının baş verdiyi 2008-ci ildə “Brent” markalı neftin qiyməti 147 dollardan 36 dollara enmişdir. Qiymətlərin enməsi daha geniş deflyasiya gözləntilərinin xəbərçisidir.

“Neftin qiymətinin ortamüddətli və uzunmüddətli perspektivdə 70 dollardan aşağı düşməsi Türkiyəyə mənfi təsir göstərəcək”. Bu barədə “SOCAR Turkey Energy” şirkətinin rəhbəri Kənan Yavuz bildirib. Onun sözlərinə görə, neftin ən münasib qiyməti 70-80 dollar/barel həddində olmalıdır, lakin neftin qiymətinin ortamüddətli və uzunmüddətli perspektivdə 70 dollardan aşağı düşməsi ilk növbədə Türkiyənin ixracına təsir edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here