Mən də “şpaqat” açmalı oldum

0
271
Aparıcı Mətanət xanım Əliverdiyevanın “şpaqat” açması gündəmi elə zəbt edib ki… Özü də bu “tarixi” hadisədən yazanların doxsan doqquz faizi qızcığazı quru yuyub, yaş sərib.
 Amma bir kimsə yazmayıb ki, balam, axı nə vaxta qədər bu televiziyalar öz mətbəx verilişlərində qazan qapağı açacaq? Və ya nə vaxta qədər bizim müğənnilərin qarderobunu açacaq? Yaxud nə vaxta qədər ailə problemləri ilə bağlı boş-boş müzakirələr açacaq? Bu mənada “şpaqat” açmaq bu yeknəsəqlikdən qurtulmaq, başqa sözlə desək, yeni yol açmaq kimi bir şey deyilmi? Təbii ki, belədir (Bu yeniliyə görə mən xanım aparıcımızı təbrik edirəm). Amma belə yazan yoxdur. Bir istədim, dəstədən geridə qalmamaq, bu boşluğu doldurmaq məqsədilə bir “şpaqat” da mən açım, bağışlayın, bu mövzuda bir yazı yazım… Elə yenicə “şpaqat”lı xəyallara dalmaq istəyirdim ki, Binədən zəng edən köhnə tanışım Hacımirzə məni bu kövrək notlardan ayırdı. Sözün düzü, onun bu zəngi heç ürəyimcə olmadı. Elə bu səbəbdən bilə-bilə: “Zəng edən kimdir?” sualı ilə ona müraciət etdim. Tanışım bunu başa düşdüyündən söhbətinə: “Köhnə qonağa oxşayırammı?” sözləri ilə giriş verdi və söylədiyi məsəlin yaranma tarixçəsini açıqlamağa başladı: “Deməli, belə. Bir evə üzlü qonaq gəlib, uzun zaman getmək istəmirmiş. Təzəcə evlənmiş ev yiyəsinin də bir otağı olduğundan bu vəziyyət heç ürəyincə deyilmiş. Nəhayət, bir gün qonaq getmək istədiyini söyləyirmiş və ev sahibi onu hörmətlə yola salırmış. Tək qaldıqları üçün sevinən kişi arvadından soruşurmuş:

– Bir de görüm Şah Abbasın oğluna oxşayırammı?

Gəlin başı ilə “hə” cavabı verir və öz növbəsində soruşurmuş:

– Sən də de görüm, mən Şah Abbasın gəlininə oxşayırammı?

Bu vaxt qapı açılır, qonaq başını qapıdan içəri soxaraq deyirmiş:

– Mən necə, köhnə qonağa oxşayırammı?”

O bu hekayəti tamamlayan kimi “hə” tanıdım dedim və əlavə etdim: “Buyur görək, bu dəfə dərdin nədir?” Tanışım: “Təbii ki, dərdim “şpaqat” açmaq olmayacaq” deyəndə bayaqdan bəri başımda fırlatdığım mövzuya qayıtmayacağıma görə bir qədər dilxor oldum. Lakin bu dilxorçuluğum çox çəkmədi. Çünki tanışımın sonrakı sözlərindən “şpaqat” “iyi” gəlirdi: “Qardaş, yaşadığım Binədə hazırda, yalan olmasın, böyük bir rayonun əhalisi qədər insan yaşayır. Di gəl ki, bu boyda qəsəbədən paytaxta doğru cəmi bir, daha doğrusu, 160 saylı avtobus marşrutu işləyir. Bu marşrutdakı məhdud saylı avtobuslara minmək o dünyanı görüb gəlmək kimi bir şeydir. Pik saatlarında isə elə basabas olur ki, heç deyiləsi deyil. Bununla bağlı yuxarılara dəfələrlə şikayətimiz olub. İnsafən, Nəqliyyat Nazirliyindən bizə söz  veriblər ki, daha bir marşrut da açılacaq. Amma hələ bir xəbər yoxdur. Vallah, şəxsən mənim o yerlərə gəlib-getmək və bu məsələ ilə maraqlanmaq imkanım yoxdur. Deyirəm, bəlkə qonşuluğunuzda yerləşən Nəqliyyat Nazirliyinə bizə verdiyi sözü bir daha sən xatırladasan? Mən bilən aranızdakı məsafə elə bir “şpaqat”lıqdır”. Bu acizanə xahişindən sonra tanışım mənimlə sağollaşdı.

Mən isə düz iki gündür ki, götür-qoy edirəm: görəsən buna görə “şpaqat” açmağa dəyərmi?

Eh, kim deyir ki, “şpaqat” açmaq yaxşı şey deyil? Tanışımın könlünü qırmayacağam ki… Açdım e… Kaş Nəqliyyat Nazirliyi mənim bu “şpaqat” açmağımı başqa cür yozmasın. Eh, bu yandan da aparıcı Mətanət xanım Əliverdiyevanın “şpaqat” açması gündəmi elə zəbt edib ki… Yazarlar da bu “şpaqat”a elə don geyindirirlər ki… Axı bunun nəyi pisdir ki? Məgər “şpaqat” akrobatik idman hərəkəti deyilmi?

Qvami Məhəbbətoğlu

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here