Terrorçuları Dağlıq Qarabağa çəkib gətirən təkcə pul yox, həm də “narkotika cənnəti”dir

0
23

Nasizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistan həm də terrorçu  bir ölkə kimi tanınır. Məhz bu  işğalçı ölkənin yardımı ilə irqçi ideologiya əsasında yaradılmış erməni terror təşkilatı ASALA keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq, öz əməliyyat zonasını Yaxın Şərqdən Cənubi Qafqaza keçirib. Həmin müddət ərzində bu terror təşkilatı ölkəmizdə bir sıra terror əməliyyatları törədib. Bildiyiniz kimi, ASALA-nın terror əməllərinin bir ünvanı da Bakı metropoliteni olmuşdu. Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmasının rəhbəri Monte Melkonyan isə Dağlıq Qarabağda – Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinə rəhbərlik etmişdi.

Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Dağlıq Qarabağda terror qruplaşmaları daha da fəallaşmışlar. Artıq bu, faktdır ki, könüllü silahlı qruplaşmaların yaradıldığını elan edən Ermənistan işğal altında saxladığı ərazilərə xarici ölkələrdən köçürdüyü insanlardan da Azərbaycana qarşı aparılan döyüşlərdə istifadə etməkdədir. Üstəlik, Ermənistanın rəsmi şəxsləri açıq müraciətlər ünvanlayaraq xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştiraka cəlb edirlər. Halbuki BMT-nin “Silahlı muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası”nda qeyd olunur ki,  üzv dövlətlər muzdluları öz ordularına dəvət etməməlidirlər.  Amma Ermənistan buna məhəl qoymur. Beləliklə də, işğalçı ölkə döyüşlərə silahlı muzdluları cəlb etməklə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini açıq şəkildə pozur.

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin hazırda  Dağlıq Qarabağda ASALA-dan başqa, kürd ekstremist qruplaşmalarının da münaqişəyə cəlb olunduğunu bildirib. Onun məlumatından bir daha bu qənaətə gəlmək olar ki, Ermənistan öz işğalçı qoşunlarının itkilərini doldurmaq məqsədi ilə  xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlara sövq edir.

 İşğalçı ölkə Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə muzdluları şirnikləndirmək təbliğatı da aparır. Belə ki, bu günlərdə Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanıb. Mütəxəssislərin fikrincə, nəzarətsiz torpaqlarımızda toplaşan başıpozuq dəstələrin üzvlərini oraya həm də narkotika cəlb edirmiş. Yəni, müxtəlif  radikal ideologiyaları təmsil edən terrorçuları Dağlıq Qarabağa çəkib gətirən təkcə pul yox, həm də “narkotika cənnəti” haqda vədlər olub.

Kəşfiyyat məlumatları da əsasən, Dağlıq Qarabağda, daha çox meşələrdə və dağlıq ərazilərdə PKK-nın düşərgələrinin olduğunu təsdiqləyir. Bu, həm də ondan xəbər verir ki, onlar bu gün Azərbaycana qarşı döyüşlərdə iştirak edirlər. Döyüş meydanında  öldürülən terrorçuların üzərindən tapılan Kanada və Livan pasportları bunu bir daha sübut edir. Amma nədənsə dünya mətbuatında bu faktlara geniş yer verilmir.

Amma bəzi qurumlar, o cümlədən bəzi ölkələrin liderləri hər hansı bir sübut olmadan Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başladığı  qətiyyətli əks-həmlələrdə muzdlulardan istifadə etməkdə günahlandırmaqdadırlar. Bu məsələyə hər çıxışında aydınlıq gətirən və həmin ittihamları əsassız sayan Prezident İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində bir daha vurğulamışdır ki, bizim muzdlulara ehtiyacımız yoxdur: “Bizim orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir.”

Azərbaycanın beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olduğunu vurğulayan dövlətimizin başçısı bildirmişdir ki, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Şübhəsiz, azad edilmiş bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanandan sonra orada bir dənə də terrorçu sağ-salamat qala bilməyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bu bölgəni işğalçılardan təmizləyəndən sonra o düşərgələri də məhv edəcəyik.

Qvami Məhəbbətoğlu, “İki sahil”