Qarabağ qazisi: İndi hər yer Qarabağdır

0
28

İşğalçılıq siyasətindən, faşizm xislətindən əl çəkməyən Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalini hədəf seçməsinə cavab olaraq Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başladığı  qətiyyətli əks-həmlə əməliyyatları və qısa müddətdə əldə etdiyu uğurlar hər birimizdə qələbə əzminin və ovqatının daha da güclənməsinə səbəb olub. Artıq indi heç kəs Vətən müharibəsində qalib olacağımıza şübhə etmir. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın edərək  şanlı şanlı tarix yazır. Hazırda Cəbrayıl şəhərində, Hadrut qəsəbəsində, Suqovuşanda, Talış kəndində və digər kəndlərimizdə bayrağımız dalğalanır. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev hər çıxışında, hər müsahibəsində ordumuzun bu qüdrətini xüsusi vurğulayır. Bildirir ki, məhz bu zəfər status-kvonu dəyişdi, təmas xəttini darmadağın etdi: “Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini.” Bunu xalqımızın iradəsi ilə Ali Baş Komandan, Azərbaycan Ordusu döyüş meydanında etdi. Döyüş meydanında ciddi məğlubiyyətə uğrayan Ermənistan bunun əvəzini yaşayış məntəqələrimizi vurmaqla, dinc insanları öldürməklə çıxmağa çalışır. Amma bu gün terrorçu Ermənistanın raket zərbələrinə məruz qalan cəbhəyanı bölgələrdə vətəndaşlarımız evlərini tərk etmək barədə əsla düşünmürlər. Bir nəfər kimi: “Təki Vətən sağ olsun” deyirlər. Elə bu mətinlikləri ilə düşmənə meydan oxuyurlar. Şübhəsiz, bu, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə xalqın dəstəyinin, Azərbaycan Ordusuna olan sevgi və inamın təntənəsidir.

II qrup Qarabağ qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə  açıqlamasında bildirdi ki, bu, hər şeydən əvvəl haqqın, ədalətin zəfəridir: “Dövlət başçımızın, Ali Baş Komandanımızın dediyi kimi, biz haqq işimizi axıra qədər davam etdirəcəyik. Onu da qeyd edim ki, bu gün ölkəmizdə möhtəşəm xalq-dövlət-ordu birliyi formalaşıb. Yəni, hamı bir nəfər kimi Prezidentin ətrafında sıx birləşib. Bu birliyi isə heç bir qüvvə sarsıda bilməz. Necə deyərlər, indi hər yer Qarabağdır. Vətən torpaqlarımızı düşməndən azad etmək eşqi ilə coşan xalqımızın cəsur övladları da cəbhəyə getmək, düşmənə layiq olduğu cavabı vermək üçün növbəyə düzülüblər. Üstəlik, hər kəs bacardığı qədər ordumuza dəstək göstərməyə tələsir. Ön cəbhədəki əhval-ruhiyyəyə isə söz ola bilməz. Bu günlərdə cəbhə bölgəsində olan və əsgər və zabitlərimizlə görüşən bir qazi kimi deyirəm ki, onlar ancaq irəliyə can atırlar.”

Müsahibimiz, həmçinin vurğuladı ki, xalqdan ilham alan əsgər və zabitlərimizin şəhidlərimizin intiqamını alması, müasir silahlarla təchiz olunmuş ordumuzun işğalçıya belə divan tutması, başqa sözlə desək, Azərbaycan Ordusunun dünyanın ən güclüləri sırasında olduğunu döyüş meydanında nümayiş etdirməsi, Böyük Qələbə salnaməsinin ilk səhifələrini yazması tanınmış hərbçilər tərəfindən də diqqətlə izlənilir. Məsələn, bu günlərdə oxuduğum məlumata görə, ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil bildirib ki, Dağlıq Qarabağ münaqişə zonasında Azərbaycan tərəfdən pilotsuz uçan aparatların aktiv istifadəsi Amerika Silahlı Qüvvələrinin modernləşdirilməsinin zəruriliyini gündəmə gətirib. Fikrimcə, bu sözləri Azərbaycan Ordusuna verilən yüksək qiymət kimi dəyərləndirmək olar. Buradan həm də belə qənaətə gəlmək olar ki, Azərbaycan Ordusu şanlı tarixlə yanaşı, hərb aləmində də yeni səhifələr yazır.”

Müsahibimiz fikrini bu sözlərlə tamamladı: “Ermənistan hazırda mülki insanları atəşə məruz qoy­maqla yeni-yeni cinayətlər törətməkdədir. Gəncədə və digər yaşayış məskənlərimizdə törətdiyi terror aktları bunun bariz nümunələridir. Amma mən əminəm ki, vaxt gələcək dinc vətəndaşlarımızın qanına susayan Ermənistan törətdiyi hər hərbi cinayətə görə  cavab verəcək. Şübhəsiz, Ermənistanın siyasi-hərbi rəhbərliyinin, o cümlədən Sorosun pulları ilə hakimiyyətə yiyələnən Nikol Paşinyanın göstərişləri ilə dinc əhalinin hədəfə çevrilməsi işğalçı ölkənin ordusunun rəzil duruma düşməsindən xəbər verir. Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımı­zın bütövlükdə azad edəcəyi gün o qədər də uzaqda deyil.”

Qvami Məhəbbətoğlu, “İki sahil”