Təcrübə keçən könüllüyə sertifikat verildi

0
118

 

Mingəçevir şəhər  İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.  
   Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.
   Bu gün Mingəçevir  İcra Hakimiyyətində təcrübə keçən bir könüllü, könüllük fəaliyyətini başa vurub, digər iki könüllü isə könüllülk fəaliyyətinə başlayıb.  Bu münasibətlə sosial məsafəni qorumaqla keçən tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və könüllülər iştirak ediblər. İcra başçısı  əvvəlcə gənclərə bildirib ki, biz bu gün həm dünyada tüğyan edən COVID-19 pandemiyasına, həm də işğalçı ölkə ilə mübarizə aparırıq: ”Hər iki cəbhədə də uğurlar əldə edirik.” O daha sonra vurğulayıb ki, bu gün Mingəçevir gəncləri könüllü olaraq cəbhə bölgəsində erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak edirlər. Onun sözlərinə görə, könüllük fəaliyyətin ölkəmizdə artıq səmərəsi görünür. İcra başçısı gənclərə onu da bildirib ki,  Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda da bu ideologiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

İcra başçısı respublikamızda təşkil olunan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayıb.

Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, şəhər  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər. Sonra bir könüllüyə Mingəçevir  İcra Hakimiyyəti tərəfindən sertifikat təqdim olunub, digər iki könüllüyə isə könüllülük  fəaliyyətində uğurlar arzulanıb.

Esmira Hidayətova, Mingəçevir