“Oğulların sözləri”nə ehtiyac var

0
407
O gün oturub fikirləşəndə birdən ağlıma gəldi ki, axı mən niyə uzanıb fikirləşmirəm? Bəlkə belə fikirləşməkdə bir hikmət var? Elə yenicə uzanıb fikirləşirdim ki, birdən-birə ağlıma elə xoruz səsi eşitməmiş şeylər gəldi ki…
Camaat, biz niyə indiyədək şifahi xalq ədəbiyyatına belə biganəyik? Axı nə vaxta qədər hələ də bir zamanlar toplanmış atalar sözlərindən, məsəllərdən, atmacalardan, yaxud lətifələrdən istifadə edəcəyik? Niyə son illər bu sahə kölgədə qalıb (Görürsünüzmü? uzanıb fikirləşməyin kəramətini)? Halbuki bu sahədə də müəyyən yeniliklər var. Yəni son illər müasir cəmiyyətimizlə bağlı o qədər ifadələr yaranıb ki… Nədən onları toplum halına gətirən, başqa sözlə desək, sistemləşdirmək istəyən yoxdur? Bir dissertasiya yazan yoxdur? Axı nə vaxta qədər şablon mövzulardan elmi işlər yazılacaq? Bu, xalqa xəyanət deyilmi? Demirəm ki, buna görə oba-oba, kəndbəkənd gəzin. Yeri gəlmişkən, bir zamanlar folklorşünaslar belə edirdilər. İndiki zəmanədə isə buna əsla ehtiyac yoxdur. Sadəcə, “feysbuk”a müraciət etmək kifayətdir. Yəni bu virtual məkandan son illər ərsəyə gətirilmiş kifayət qədər dəyərli kəlamlar, lətifələr, daha nə bilim nələr toplamaq mümkündür. Mənə elə gəlir ki, bu addımı atmasaq, gələcək nəsillər bizi bağışlamayacaq, üstəlik, xalq yaradıcılığına biganəlikdə günahlandıracaqlar. Yeri gəlmişkən, kim bu sahədəki nümunələri toplasa, onları “Atalar sözləri” adı ilə deyil, “Oğulların sözləri” adı ilə nəşr etdirsin. Niyə? Çünki bu sahədə fəaliyyət göstərənlər, daha doğrusu, fəallıq göstərənlər əsasən gənclərdir (Görünür yaşlı adamların qayğısı o qədər çoxalıb ki, daha belə şeylərə baş qoşmurlar). Hətta mən deyərdim ki, bu sahədə bizim gənclər Avropa ölkələrinin gənclərini çox qabaqlayıblar. Hətta deyərdim ki, heç bir Avropa dövlətinin cavanları sosial şəbəkədən istifadədə bizimlə rəqabət apara bilməz. Amma burada bir məsələni qeyd etmək yerinə düşərdi. Həmin deyimlər digər dillərə tərcümə edilmədiyindən dünya bizdən xəbərsizdir. Mənə elə gəlir ki, yaxın illərdə gənclər bu kəsri aradan qaldırmağa cəhd edəcəklər.

İndi isə həmin “feysbuk” yaradıcılığından bir neçə nümunə göstərmək istəyirəm. Məsələn, əvvəllər deyərdilər: “Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış”. İndi isə həmin kəlam bu şəkildə formalaşıb: “Sənə güvəndiyim dağlar, sənə də alpinist çıxarmış”. Əvvəllər deyirdilər ki, anasına bax qızını al. İndi isə deyirlər: “Bir qızın əsl halını görmək istəyirsinizsə, profil şəklinə yox, işarələdiyi şəkillərə baxın”. Fikrimcə, yeni yaranmış bu kimi ifadələr əvvəlkinə nisbətən daha tutumludur, həm də olduqca müasir səslənir. Gördüyünüz kimi, indi yaranan kəlamların əksəriyyətinin dərin kökləri vardır, yəni öz keçmişinə bağlıdır. Bu yerdə deyəsən bir qədər acdım. Bir “feysbuk”çunun yazdığı kimi, hətta o qədər acam ki, oxucularımdan yumruq da yeyə bilərəm…

Onu da qeyd edim ki, belə ifadələr, lətifələr məişətimizin hər sahəsi üzrə formalaşıb. Məsələn, bu günlərdə bir lətifə diqqətimi cəlb etdi. Deməli, belə: iki dost söhbət edir:

– Alə, gördün o qız mənə baxıb necə güldü?

– Ay brat, mən sənə birinci dəfə baxanda bir ay gülmüşdüm ki…

Yaxud: “Metroda mesaj yazırdım, qız gözünü zilləyib telefona. Dedim: “Buyur, xanım, nəsə əlavə eləmək istəyirsinizsə, çəkinməyin. Qız: “Yox, yaxşı yazmısan, göndər getsin”, – dedi.

Sizcə, bu məsələni indi onun-bunun işinə burun soxanlara şamil etmək olmazmı? Təbii ki, olar. Bəli, bu gün yeni yaranan ifadələrdə hər bir sahə öz əksini tapıb. Məsələn: “Telefonun zaryadkası indiki sevgililərin ömründən uzundur”. Bu kəlamda həm də müasir texnikanın nələrə qadir olduğu da vurğulanır. Texnika demişkən, arvadın sözünə qulaq as, amma qulağında “nauşnik”lə. İndi bəzən elə olur ki, salam verdiyin şəxsə salam verdiyini sübut edə bilmirsən. Odur ki: “Salam aldın, çek tələb et”, – deyimi necə də gözəl formalaşıb. Mən hələ: “Ağlımı başımdan alana ürəyim hədiyyə” kəlamını demirəm.

Müasir xalq yaradıcılığında böyüklər xüsusi diqqət mərkəzindədir. Məsələn, “Saniyə xalanın 60 yaşı tamam oldu. Bu gündən ona Dəqiqə xanım kimi müraciət edəcəyik” ifadəsi məhz bu hörmətin nəticəsidir. Məncə, bu ifadə: “Qoduq böyüyəndə eşşək olacaq” kəlamından daha mərifətlidir, həm də olduqca mədənidir. Eşşək demişkən, eşşək alsam, adını Pul qoyacağam. Qoy pul mənim eşşəyim olsun. Siyasi yönümlü kəlamlara isə söz ola bilməz. Məsələn, Azərbaycanın müharibəyə hazırlaşdığını görən Rusiya Ermənistana pampers ixracını çoxaldıb.

Bəli, bu gün “feysbuk”da istənilən sahəyə aid müasir kəlamlar tapmaq mümkündür. Onların nə dərəcədə hikmətli olduğunu mən bu kiçik yazı ilə müəyyənləşdirə bilmərəm. Yaxşısı budur ki, siz də bu barədə uzanıb fikirləsəsiniz. Mən isə sizə söz verirəm ki, növbəti dəfə nə oturub, nə də uzanıb fikirləşəcəyəm. Gələn dəfə ayaqüstə fikirləşəcəyəm. Bəlkə, ağlıma daha yaxşı şeylər gəldi. Hə, lap sonda… Bu yazını alın təri ilə ərsəyə gətirdim. Amma soruşmayın ki, kimin alın təri ilə…

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here