İnana bilmirəm…

0
26

Dünən nəfəsiylə daşı isidən,
İnsan özü indi daşa dönübdür.
Gözlərim önündə cansız bir vücud,
İnana bilmirəm atam ölübdür.

Yollanan pay kimi ağa bükülüb,
Üstünə gözümün yaşı tökülüb,
Anamın gözləri mənə dikilib,
İnana bilmirəm atam ölübdür.

Hər tərəf qaraya bürünür bir an,
Oxunur kiməsə müqəddəs Quran,
Mənə səbr verir qarşımda duran,
İnana bilmirəm atam ölübdür.

Qəlbim sızıldayır “qalxın” deyəndə,
Min xəyal canlanır o an beynimdə,
Bir tabut qapıdan çıxır çiynimdə,
İnana bilmirəm atam ölübdür.

Gəlib məzarlığa göz yaş içində,
Sanki tək qalmışam yoldaş içində.
Qoyub qayıtsam da qum, daş içində,
İnana bilmirəm Atam ölübdür.

Oğlu adından əmim Vəli Salam oğlunun əziz xatirəsinə ittihafən.
Q.Məmmədov, 01.10.2020