“İqtidar-xalq”, “ordu-xalq” həmrəyliyi olanda…

0
48

Xəbər verildiyi kimi, bu gün saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.  Öz gücünü xalqdan alan Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə genişmiqyaslı cavab tədbirləri görüb. Belə ki, ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub. Hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. Xalqımız səbirsiliklə gözlədiyi bu hadisəni böyük coşqu ilə qarşılayıb. Şübhəsiz, bu hər şeydən əvvəl cəmiyyətimizin dövlətimizə və torpağımıza olan ali məhəbbətinin, vətənpərvərlik ruhu­nun, “iqtidar-xalq” və “ordu-xalq” həmrəyliyinin nəticəsidir. Yeri gəlmişkən qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı bildirib ki,  onlar, yəni ermənilər bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın:  “Amma tam qətiyyətlə deyə bilərəm ki, – bu gün səhər mən bütün bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, – Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər.”

Ağ Partiyanın sədri Tural Abbaslı mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi xalqımızın  vahid mövqedən çıxış etdiyi məsələlərdəndir: “Yəni bu problemin həllində siyasi baxışlarından asılı olmayaraq, kimsə ayrı-seçkilik etmir. Elə səsləndirilən bəyanatlar, verilən açıqlamalar da bunu sübut edir. Bəli, bu gün hər kəs haqq-ədalət uğrunda mübarizəyə atılan Azərbaycan Ordusunun, eləcə də Azərbaydan dövlətinin  yanındadır. Bu mənada hər kəs torpaqlarımız  erməni faşizmindən tam azad olunana qədər bu istiqamətdə üzərinə düşən hər bir işi görməyə, hətta mən deyərdim ki, ordumuzun sıravi əsgəri olmağa hazırdır. Elə son olaylar da bunu bir daha təsdiq edir. Şübhəsiz, bu, həm də xalqımızın öz dövlətinə sadiqliyini göstəricisidir.”

Həmsöhbətimiz daha sonra vurğuladı ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə  olan ruh yüksəkliyi, eləcə də  ordumuza könüllü yazılanların sayının on minlərlə insanı əhatə etməsi həm də xalqımızın öz dövlətinə sadiqliyini göstərir: “Bu mənada deyərdim ki, zəfər bizimlə olmaqda davan edəcək və qüdrətini xalqımızdan alan Azərbaycan Ordusu otuz ilə yaxın davam edən işğala tamamilə  son qoyacaqdır!”

Qvami Məhəbbətoğlu,
“İki sahil”