Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır

0
37

Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir.

Bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

Dövlətimizin başçısı deyib: “Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır.

Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

Qeyd edək ki, bu gün saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə,  düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb. Belə ki, ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazovun verdiyi məlumata görə, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.