Balaxanı: Yeni turizm məkanına çevrilməkdə olan qədim məkan

0
52

Dünyada qlobal pandemiyanın hökm sürdüyü bir dönəmdə ölkəmizdə Bakıətrafı qəsəbə və kəndlərin inkişafı da diqqət mərkəzindədir. Belə ki, belə bir çətin şəraitdə bu məkanlarda abadlıq işləri davam etdirilir, infrastruktur, eləcə də sakinlərin yaşayış tərzi günün tələbləri səviyyəsinə uyğunlaşdırılır.Elə götürək ən qədim yaşayış yerlərindən, eləcə də dünyanın ən qədim neft mərkəzlərindən biri sayılan Balaxanını…

Bir zamanlar bu yaşayış məskənindəki zibilxanadan çıxan zəhərli tüstü bütün Balaxanını, eləcə də Bakını bürüyərdi. Balaxanı zibilxanasının yerində müasir poliqon Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu fəaliyyətə başlayandan sonra isə bu acınacaqlı mənzərəyə son qoyulub. Digər tərəfdən, indi Sabunçu rayonunun Balaxanı qəsəbəsində daha əvvəlki ekoloji fəlakətdən – neft gölməçələrindən əsər-əlamət qalmayıb. Üstəlik, qəsəbənin küçələri, mövcud istirahət məkanları abadlaşdırılıb, infrastruktur, o cümlədən kanalizasiya, su, işıq, telefon xətləri tamamilə yenilənib. Hətta binaların dam örtükləri dəyişdirilib, qəzalı vəziyyətdə olan evlər, eləcə də eyvanlar təmir edilib, küçələrə qənbər döşənib, bütüm darvazaların, pəncərələrin qarşısına dibçəklər qoyulub. Bir sözlə, Balaxanının əvvəlki miskin siması tamamilə dəyişərək  gözəl bir qəsəbəyə çevrilib. Bəli, bir zamanlar zibilliklə adı qoşa çəkilən Balaxanı bu gün güllər-çiçəklər qəsəbəsidir. Şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin  tapşırığı əsasında həyata keçirilən genişmiqyaslı abadlıq işlərinin bəhrəsidir.

Onu da vurğulayaq ki, bütün bu işlər həyata keçirilərkən qəsəbənin qədim tarixinin qorunub saxlanılmasına ciddi önəm verilib. Belə ki, yenilənən küçə və məhəllələrdə tarixi ornamentlərin hamısı qorunub saxlanılıb. Hazırda burada qədimliklə müasirlik bir-birini tamamlayır, yəni vəhdət təşkil edir. Bu isə qəsəbədə bütün işlərin böyük məhəbbətlə, zövqlə görülməsindən xəbər verir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Balaxanıda aparılan abadlıq işlərilə  tanış olarkən onlara məlumat verilib ki, qəsəbədəki XIV əsr memarlıq abidəsi Hacı Şəhla Məscidi, eləcə də ən qiymətli abidələrdən hesab edilən Şakir ağa türbəsi də bərpa olunub. Digər tarixi abidələr XIV əsrə aid olan 40 pilləkənli Ovdan və  “Qum hamamı” diqqət mərkəzindədir. Burada görülən bütün işləri  yüksək dəyərləndirən dövlətimizin başçısı sakinlərlə görüşdə bildirib ki, bu, işlərin birinci mərhələsidir: “Hələ işlər başa çatmayıb. İşlərin böyük hissəsi başa çatıb. Ancaq hələ görüləsi işlər çoxdur və biz bunları da tədricən edəcəyik.” Prezident vurğulayıb ki,  bütün bu işləri görməkdə əsas məqsəd Balaxanıda – bu qədim yaşayış yerində insanların daha  rahat, daha yaxşı yaşamalarına hesablanıb. “İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik” deyən dövlətimizin başçısı, həmçinin bildirib ki, bu abadlaşma, bu tərəqqi “qara qızıl”ı, daha doğrusu, neftdən gələn gəlirləri insan kapitalına çevirməyimizin daha bir bariz nümunəsidir. 

Bəli, bu gün dünyada hökm sürən COVID-19 pandemiyası dövlətlərin öz  vətəndaşlarının rifahını yaxşılaşdırmasını çətinləşdirib. Amma Ermənistanla müharibə şəraitində olan ölkəmizdə isə bu dönəmdə də insan amilinə mühüm önəm verilir, onların həyat şəraitinin  yaxşılaşdırılması üçün müvafiq dövlət proqramları uğurla icra edilir. Yeri gəlmişkən onu da qeyd edək ki, abadlıq işlərinə minə yaxın insan cəlb olunub ki, onların da 70 faizi yerli sakinlərdən ibarətdir. Digər sakinlər də abadlıq işləri aparanlara canla-başla kömək edirlər.

Xüsusi vurğulanmalıdır ki, Bakının tarixi-mədəni abidələrlə zəngin bu qədim qəsəbəsi artıq yeni turizm marşrutu kimi təsdiqlənib. Şübhəsiz, bu, qəsəbədə yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək. Mütəxəssislərin fikrincə, Balaxanıda bu istiqamətlər üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyəti təşkil oluna bilər. Yeri gəlmişkən, artıq xarici mətbuatda abadlaşan Balaxanı ilə bağlı materiallar dərc edilir. Şübhəsiz, bu, qədim diyara olan maraqdan irəli gəlir. Hətta Balaxanı qəsəbəsi ilə bağlı yayılan fotolar İtaliyanın məşhur “Si Viaggia” səyahət portalının diqqətini cəlb edib. Bütün bunlar  gələcəkdə Balaxanıya turistlərin axınının çox  olacağından xəbər verir. Bununla bağlı Prezident İlham Əliyev Balaxanı sakinləri ilə görüşündə qeyd edib ki, bu, qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaqdır. Odur ki, dövlətimizin başçısı qəsəbə sakinlərini turizmlə bağlı məsələlərdə fəal olmağa, imkanlardan səmərəli istifadə etməyə səsləyib. O, həmçinin bu məsələdə dövlətin də qəsəbə sakinlərinə lazımi kömək göstərəcəyini vurğulayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”