Ermənistanı islah etməyin yolu sanksiyalardan keçir

0
45

Məlum olduğu kimi, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq göstərsə də, Ermənistan həmişə danışıqlar prosesini pozur, üstəlik, cəbhə bölgəsində, eləcə də sərhədyanı ərazilərdə təxribatlar törətməkdə davam edir. Son hadisələr də Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar, təxribatçı xarakterə malik olduğunu bir daha göstərir.  Bununla da işğalçı ölkə beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə əsla əhəmiyyət vermədiyini açıq şəkildə nümayiş etdirir.  Amma bəzi mötəbər qurumlar, eləcə də bir sıra ölkələr hələ də onların bu hərəkətlərini yalnız müşahidə etməklə kifayətlənməkdədirlər.

Doğrudur, bir sıra beynəlxalq qurumlar, eləcə də ölkələr bu problemin Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsinin vacibliyini vurğulayırlar. Üstəlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiy 4 qətnamə var. Fikrimizcə, həmin qətnamələrin indiyədək icra olunmaması  onu qəbul edən ölkələrin öz qərarlarına hörmətsiz yanaşmalarından xəbər verir. Şübhəsiz, təcavüzkara adekvat təsir göstərmək üçün beynəlxalq qurumlarda siyasi iradənin, daha doğrusu, beynəlxalq təzyiqin olmaması bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. BMT Təhlükəsizlik Şurası, eləcə də digər müvafiq beynəlxalq təşkilatlar nəzərə almırlar ki, bölgədə Ermənistanın nazı ilə oturub-durmaq  cəhdləri strateji baxımdan daha ciddi fəsadlara yol aça bilər. Bu vacib məsələyə belə münasibətlər azmış kimi, bəzi ölkələr müxtəlif yollarla işğalçı Ermənistana yardımlar da göstərirlər. Halbuki dünyanın heç bir yerində belə bir ölkəyə qarşı xoş münasibət görmək mümkün deyil.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videoformatda çıxışında bir daha bu vacib məsələyə toxunaraq bəyan edib ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir: “Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.”

Belə bir sual meydana gəlir: niyə bəzi qurumlar “böyük Ermənistan” yaratmaq xülyasına düşmüş Ermənistanın qeyri-konstruktiv mövqeyinə göz yumurlar? Şübhəsiz, bu, hər şeydən əvvəl, onların bu məsələyə ikili standartlardan yanaşmalarından irəli gəlir. Nəticədə Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymur, beynəlxalq hüququn normalarını pozaraq Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirir, status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, danışıqların qarşısını alır. Halbuki ATƏT-in Minsk Qrupunun həmsədrləri – Fransa, Rusiya və ABŞ dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir. Bu faktlar işğalçı ölkənin sülhə qarşı olduğunu, beynəlxalq hüquq prinsiplərinin pozduğunu bir daha təsdiq edir. Ancaq beynəlxalq təşkilatlar hələ də bunlara göz yummaqdadırlar. Yəni, təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Biz isə Prezident İlham Əliyevin çıxışlarının birində dediyi kimi, ikili standartlardan yorulmuşuq. Bir sözlə, bu qədər ədalətsizliyə dözmək mümkün deyil.

Digər tərəfdən, nədən beynəlxalq qurumlar anlamırlar ki,  nasizmi  dövlət siyasətinə çevirən işğalçı Ermənistanın yürütdüyü siyasət, bütövlükdə dünya üçün ləkədir. Bu ləkəni təmizləməyin yeganə yolu isə Ermənistana qarşış sanksiyalar həyata keçirməkdən keçir.  Bəli, görünən budur ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcbur etmək üçün Ermənistana qarşı sanksiyalar tətbiq etməyin vaxtı çatıb. Əslində isə bu ölkəyə  qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi. Xatırladaq ki, dünya təcrübəsində belə sanksiyalar tətbiq edilib. Heç uzağa getməyək. Krım hadisələrindən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq olunmadımı?

Bu gün də Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və hələ də faşist simasını dəyişməyən təcavüzkarı 2016-cı ilin aprelində, 2018-ci ilin mayında, eləcə də bu ilin iyulunda olduğu kimi yenidən cəzalandıracaq. Yeri gəlmişkən, Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən demişdir: “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm.”

Qvami Məhəbbətoğlu, “İki sahil”