90 yaşın 66 ili

0
288
Günümüzdə ailədaxili ciddi narazılıqların, boşanmaların, hətta ailə daxilində baş verən münaqişələrin qanla, qətllə nəticələnməsi barədə təəssüf ki, tez-tez xəbərlər alırıq. Hamılıqla narazılıq hissi keçirdiyimiz belə halların qarşısını almaq ciddi mənada maariflənmə işinin gücləndirilməsi ilə bir bağlılıq təşkil edir. Bu işdə də daha çox kütləvi informasiya vasitələrinin, ziyalıların, ağsaqqalların, ümumiyyətlə, faydalı ola biləcək hər bir kəsin səfərbər olub, hamımızı narahat edən məsələdə birlik nümayiş etdirməsinə ehtiyac var. Bununla bağlı qəzetimizdə də daima maarifləndirici və ibrətamiz məzmunlu mövzulara yer verilir. Odur ki, psixoloji yazıların və nümunəvi ailələrin yaşam tərzini sevə-sevə oxumaq mümkündür. Və bu, cəmiyyətdə müsbət addım kimi dəyərləndirilir. Oxucularımızın bizimlə bölüşdükləri fikirlərə əsasən bunu qeyd etmək olar.

Bu yaxınlarda uzunömürlü, cəmiyyətimiz üçün nümunə sayıla biləcək növbəti bir ailənin – Tahirovlar ailəsinin sorağına düşdük. Quba rayonunun Qımıl kəndində yaşayan Tahirovlar ailəsini ziyarət etdik. Bu görüşü təşkil etdiklərinə görə Quba Rayon İcra Hakimiyyətinin Qımıl kənd inzibati ərazi üzrə nümayəndəsi Yusif Yusifova və bələdiyyə sədri İmran Ramazanova təşəkkürümüzü bildiririk. Əvvəlcə ondan başqalayaq ki, kənddə tanıdığımız bir neçə nəfərlə söhbətləşdiyimiz zaman onlar da bildirdilər ki, kəndin ağsaqqalı və ağbirçəyi olan bu cütlük nümunəvi bir həyat yaşayaraq, sakinlərə mənəvi arxa-dayaqdırlar. Bunu bizi qarşılayanda ağbirçək Narıngül nənənin nurlu görkəmindən də hiss etdik. Ağsaqqal Feyzullah kişi səhhəti ilə bağlı bizimlə söhbətləşə bilmədiyindən söhbətə Narıngül nənə və 62 yaşlı oğlu Feyrullah Tahirovla başladıq.

 

“Hətta bu yaşında belə,

işləmək üçün can atır”

Evliliklərinin 66-cı ilini yaşayan bu nümunəvi ailənin qurucuları Feyzullah Tahirov 1924-cü ilin mart ayında, Narıngül Tahirova isə 1925-ci ilin may ayında dünyaya göz açıblar. Feyzullah kişi haqqında oğlu Feyrullah Tahirov məlumat verdi: “Atam  IX sinifdə oxuyarkən Böyük Vətən müharibəsi adlandırılan II Dünya müharibəsinə qatılıb. Müharibədən sonra ailə qurub. Son illərə kimi də dülgərliklə məşğul olub. Kəndin demək olar əksər evlərində, hətta ətraf kəndlərin də evlərində atamın əl işlərinin izlərini görmək mümkündür. Maraqlısı budur ki, özü dülgər ola-ola evimizə heç vaxt stol düzəltmədi. Xoşu gəlmir, deyir ki, “yemək yerdə yeyilməlidir”. Atam köhnə kişilərdən olduğuna görə bu fikirdədir ki, bunun da bir hikməti var. Yerdə süfrə arxasında əyləşib yeyəndə yemək daha dadlı olur. Kəndin yaxınlığındakı dəyirmanın qurulmasında və daha bir neçə işlərdə bu kişinin zəhməti var. Əlbəttə ki, bunlar hamısı insana xidmət anlayışından qaynaqlanır. Haqqa bağlı, zəhmətə bağlı insandır. Hətta bu yaşında belə işləmək üçün can atır. Böyük vətən müharibəsi iştirakçısı olmasına baxmayaraq, özündən asılı olmayan səbəblərdən hələ də səhhəti ilə bağlı imtiyazlardan yararlana bilməyib. Ümumilikdə, zəhmətkeşliyi həyat qayəsinə çevirən valideynlərimiz bizim də təhsil almamıza da böyük əmək sərf ediblər”.

 

“Çalışmışıq ki, övladlarımızı

dürüstlük, zəhmətkeşlik,

vətənpərvərlik ruhunda tərbiyə edək”

Narıngül nənə isə uşaqlıqdan xalçaçılıqla məşğul olduğunu dedi: “Can bala, kolxozda, sovxozda işləmişəm. Əllərimin qabarı ilə, alın təri ilə, zəhmətli həyat yaşamışıq. Xüsusən, müharibə illəri ərəfəsində ən çətin günlərimi yaşamışam. Sonrakı çətin günlər də həyatımın yaddan çıxmayan anlarıdır. Yeddi il ot tayası qoymuşam. Əlimlə taxıl biçmişəm. Son illərə kimi xalça toxumuşam. İndi gözlərim daha görmür. Bir gözümlə ötəri görürəm. Şükür bu günlərə”. Narıngül nənə bu illər ərzində təxminən 30-dan çox xalça toxuyub. Həmin xalçalar bu gün dünyaca məşhur olan Qımıl xalça növlərinə aiddir. Narıngül nənəni tanıyanlar deyirlər ki, o  həyat yoldaşına qarşı çox hörmətcil olub, onun qayğısına qalıb. Bir neçə gündür səhhətinə görə yatağa düşən həyat yoldaşının yorulmadan, minnət etmədən nazı ilə “oynayır”. Elə bu anda nənəyə: “Heç bir-birinizlə dalaşdığınız, sözlərnizin çəp gəldiyi olubmu?” sualını ünvanladıq. Cavab almamışdan əvvəl düşündüm ki, həyatdı, hər halda nənə müəyyən hadisələri etiraf edər. Cavabı belə oldu: “O evimizin dirəyidir. Onunla dalaşsaydım, heç bu günə kimi yaşamaq olardımı? Ona heç vaxt sayğısızlıq etməmişəm. Həmişə həddimi gözləmişəm. Allaha ibadət edərək həyatımızı yaşayırıq. Biz torpaqla nəfəs almışıq. Kolxoz, sovxozda işləyəndən sonra da gəlib evdə işləmişik. Günümüzün demək olar ki, 19-20 saatını çalışmışıq, əməyə sərf etmişik. Çalışmışıq ki, övladlarımızı dürüstlük, zəhmətkeşlik, vətənpərvərlik ruhunda tərbiyə edək”.

 

“Nənələrinə “ana”, mənə isə

“bacı” deyə müraciət ediblər”

“Boşanmaların, ailədaxili xoşagəlməz hadisələrin baş verməməsi üçün gənc ailələrə nə kimi tövsiyələr verərdiniz?” sualımıza Narıngül nənə belə cavab verdi: “Bunların baş verməməsi əxlaq və tərbiyədən asılıdır. Ailədə qarşılıqlı anlayış lazımdır. Bu, illərlə qazanılır. Allahı bilmək, tanımaq ən böyük nemətdir. Övladları da bu ruhda tərbiyə edərək gələcək üçün daha da faydalı bir nəsil yetişdirmək olar. Bizim ətrafımızda bu cür insanlar olub, biz də onlardan nümunə götürmüşük. Onları zəhmətə sövq etməklə həm də zəhmətkeş ruhda tərbiyə etmək lazımdır. 3 gəlin gətirmişik, 1 qız köçürmüşük. Qızıma demişəm ki, getdiyin evdə qayınata, qayınana sənin ata, anandır. Onlara cavab qaytarma, sözlərini dinlə. Onların qayğısına qal. Mən də bu evə gəlin gələndə o cür davranmışam. 4 qayın evlənib, 2 baldız köçüb bu evdən. Hamısı ilə də bacı-qardaş olmuşuq. İşləmək, çalışmaq bizim yaşam tərzimiz olub. Sovxoza, kolxoza gedəndə uşaqlara nənəsi baxıb. Nənələrinə “ana”, mənə isə “bacı” deyə müraciət ediblər”.

 

Yeddi nəsil arxa dönənini tanıyır…

Narıngül nənə gözlərinin zəif gördüyünü bildirsə də, maşallah, yaddaşı itidir. Danışdığı hadisələri elə yaxın müddətdə baş vermiş kimi xatırlayır. Yeddi nəsil arxa dönənini tanıyır. Qonum-qonşu, qohum-əqrəba ziyarətlərinə əhəmiyyət verir və bunu övladlarına, yaxınlarına da məsləhət verir, tövsiyyə edir. Kənd rəsmilərindən də razılıqlarını ifadə edən bu cütlük onlara göstərdikləri qayğıya görə təşəkkürlərini bildirdilər. Nə zaman bir kömək lazım olsa, Yusif və İmran müəllim  əlindən gələniəsirgəmir. Qeyd edək ki, bu cütlüyün 3 oğul, bir qızı, 12 nəvəsi, 13 nəticəsi var. Ən böyük övladlarının 65 yaşı, nəvələrindən isə ən böyüyünün 36, ən kiçiyinin 21 yaşı var. Nəticələrindən ən kiçiyi isə 6 aylıqdır, ən böyüyünün isə 14 yaşı var.

Amil Tağıyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here