BTC: Ümüdləri doğruldan kəmər

0
73

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlqoyma mərasimindən 18 il keçir

Azərbaycanın qarşısında yeni üfüqlər açan və “Əsrin müqaviləsi”nin tərkib hissəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin təntənəli təməlqoyma mərasimindən 18 il ötür. Bu müddətdə fasiləsiz və təhlükəsiz işləyən BTC Azərbaycanı neft ixrac edən, eləcə də Prezident İlham Əliyevin bildirdiyi kimi, iqtisadi cəhətdən çox zəngin ölkəyə çevrilməsində önəmli rol oynayıb. Ölkəmizi dünya iqtisadiyyatına inteqrasiya edən, Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə qət edən  bu kəmər  respublikamızın xilaskarı olub desək, yanılmarıq.

Bu kəmər,  həm də iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, əlverişli biznes mühiti yaratmağa, sosial infrastrukturumuza böyük həcmdə investisiya yatırmağa, əhalinin yaşayış səviyyəsini qısa müddətdə yüksəltməyə imkan verib. BTC sonradan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi–Qars dəmir yolunun, Cənub Qaz Dəhlizinin həqiqətə cevrilməsinə vəsilə olub. Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev bununla bağlı demişdir: “Sözsüz ki,  BTC neft kəməri olmasaydı, BTC qaz kəmərindən, bunlar olmasaydı, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi”. Şübhəsiz, bu kəmər olmasaydı, Azərbaycan öz neftini dünya bazarlarına çatdıra, öz iqtisadi müstəqilliyinə nail ola bilməzdi.

BTC təkcə iqtisadi sahədə deyil, siyasi-diplomatik sahədə də ölkəmizə çox dividendlər qazandırıb. Bu mənada BTC həm də böyük siyasi əhəmiyyəti ilə fərqlənən boru kəməri kimi tarixə düşüb. Belə ki, Xəzərin sahilindən Avropaya uzanan bu polad boru kəməri region, eləcə də dünya dövlətlərini, bir-birinə sıx bağlayıb.  Regiona, eləcə də düynaya xeyir-bərəkət bəxş edib. Üstəlik, dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə mühüm zəmin yaradıb. Bir sözlə, beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində mühüm rol oynayan BTC dünya miqyasında ölkəmizin mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu mənada  xalqımıza, dövlətimizə, milli maraqlarımıza xidmət edən BTC ona bəslənilən bütün ümidləri doğruldub. Prezident İlham Əliyevin dediyi kimi, bütün bunların hamısı ölkədə aparılan hərtərəfli islahatların, ən başlıcası isə ulu öndər Heydər Əliyevin neft strategiyasının bizə verdiyi səmərələrdir.

Qeyd edək ki, 2002-ci il sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Heydər Əliyev, Əhməd Necdət Sezər və Eduard Şevardnadzenin iştirakı ilə təməli qoyulmuş BTC –yə qarşı istər ölkəmizdə, istərsə də xaricdə əsassız iddialarla çıxışlar edənlər olub. Belə bir ağır şəraitdə hər hansısa bir ölkənin, şirkətin Azərbaycana böyük investisiyalar yatırması onlara olduqca mümkünsüz görünüb. Digər tərəfdən, bədxahlarımız müxtəlif bəhanələr gətirərək beynəlxalq ictimai rəydə guya Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışıb, üstəlik, bu ideyanı utopiya sayıblar. Amma onlar son anda “BTC tikiləcək! BTC reallaşacaq!” deyən Ümummilli Liderin siyasi iradəsi, şəxsiyyəti və siyasi uzaqgörənliyi qarşısında məğlubiyyətə uğrayıblar. Nəticədə BTC əsas ixrac boru kəmərinin təməlinin qoyulması ilə bağlı Heydər Əliyevin ideyası reallığa çevrilib. Çünki Ulu Öndər çox gözəl bilirdi ki, görülən bu nəhəng iş gələcəkdə Azərbaycanın istiqadi müstəqilliyinin əsasını təşkil edəcəkdir.

Bəli, zaman ulu öndər Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu göstərdi. Yeri gəlmişkən qeyd edək ki, ulu öndər Heydər Əliyevin neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən bu sahəni ciddi nəzarətə götürüb. Dövlət başçımız  bu zəfər yolunu bu gün də uğurla davam etdirir. Azərbaycan rəhbərliyinin bu siyasəti beynəlxalq ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir. Əminliklə deyə bilərik ki, bu strategiya ölkəmizə və dövlətimizə daha böyük nailiyyətlər qazandıracaq, xalqımızın maddi rifah halının durmadan yüksəlməsinə xidmət edəcəkdir.

Xatırladaq ki, 2006-cı il mayın 28-də  Azərbaycan nefti Ceyhan limanına çatdırılıb. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib.

Rəsmi məlumatlara görə, cari il sentyabrın 1-dək dünya bazarlarına 579 milyon ton Azərbaycan nefti çıxarılıb. Bunun da 417 milyon tonu BTC ilə nəql olunub. Cari ilin yanvar-avqust aylarında isə Azərbaycandakı magistral neft kəmərləri ilə 23 milyon 945,7 min ton neft nəql olunub ki, bunun da 79,7 faizi  BTC ilə həyata keçirilib. Hesabat dövründə BTC ilə 2 milyon 764,7 min ton tranzit nefti də ötürülüb. Bu isə o deməkdir ki, Azərbaycan, eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”