İcra başçısı yüksək bal toplayanları təbrik edib

0
378

Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatı 2019-2020-ci tədris ilində  yüksək bal toplayan gəncləri təbrik edib. Mərasim qaydalara uyğun olaraq Dövlət Rəmzləri Muzeyinin qarşısında keçirilib. Əvvəlcə icra başçısı İlham İsmayılov çıxış edərək  tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib.

Daha sonra ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan  icra başçısı vurğulayıb ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə ölkə başçısı cənab İlham Əliyev  bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.

Başçı daha sonra bildirib ki, Mingəçevir təhsili həmişə öndə olub, bu gündə mingəçevir yetirmələrinin yaxşı soraqlarını eşidirik: ”Əminəm ki, builki məzunlarımız da  bu ənənəni davam etirəcəklər. Ən yüksək bal toplayan Mingəçevir Texniki-humanitar liseyinin iki məzunu – Mustafayev Samid Zaur oğlunu  (652.2 bal), Mikayılov Ömər İlham oğlunu (655) bal  ölkə Prezidentinin açılış etdiyi Dövlət Rəmzləri Muzeyinin qarşısında təbrik etməyimiz də təsadüfi deyil. Bu isə o deməkdir ki, burada müstəqil dövlətimizin atributları və tarixi barədə məlumatlar var. Bu mənada şübhə etmirəm ki, siz bu ölkəyə, bu dövlətə layiqli töhfələr verəcəksiniz. Ümüdvaram ki, bu gün onların həyatlarına önəmli gün kimi daxil olacaq”.

Qeyd edək ki, 2019-2020 –ci tədris ilində Mingəçevir məktəblərindən 24 məzun 600-dən yuxarı bal toplayıb, 300 dən yuxarı məzun isə ali məktəblərə qəbul olub.

Esmira Hidayətova, Mingəçevir