Azər Badamov: Korrupsiyaya qarşı mübarizə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir

0
63

Koppupsiyaya qarşı mübarizədə ictimai nəzarət güclənməli, vətəndaş cəmiyyəti institutları daha aktiv olmalıdırlar

Ölkəmizdə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə kəskin forma alıb.  Bu mənada hər kəs son aylar respublikamızda kimliyindən asılı olmayaraq xalqın malına xor baxanlara, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş yardımı mənimsəyənlərə, dövlət büdcəsini talan edənlərə qarşı mübarizənin gücləndiyinin şahididir.

Milli Məclisin deputatı Azər Badamov bu məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, korrupsiyaya qarşı aparılan mübarizə cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır: “Çünki vətəndaşlarımız yaxşı dərk edirlər ki, korrupsiyaya, rüşvətxorluğa qarşı atılan addımlar dövlətimizin müstəqilliyinin  gücləndirilməsinə, həm də vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Yeri gəlmişkən onu da qeyd edim ki, Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin hüquq-mühafizə orqanları qarşısında prioritet sahə kimi dayanmalı olduğunu dəfələrlə vurğulayıb. Bir sözlə, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə həmişə gündəmdə olan məsələdir. Bu isə o deməkdir ki, ölkəmizin  uğurlu inkişafı naminə aparılan belə əməliyyatlar xoşagəlməz halların tam aradan qaldırılmasına qədər davam etdiriləcək. Şübhəsiz, bu, olduqca təqdirəlayiqdir. Birmənalı şəkildə bir daha bildirirəm ki,  bütün bunlar xalqın mənafeyinin qorunması məqsədi ilə edilir.”

Milli Məclisin deputatı daha sonra dedi: “Sentyabrın 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə videoformatda keçirilən ilk iclasında da komissiyanın sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri  Samir Nuriyev bir daha diqqətə çatdırdı ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil edir. Belə ki, Prezident  İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Hətta mən deyərdim ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha sərt forma alıb. Elə son aylar 6 rayonun icra hakimiyyəti başçılarının və ayrı-ayrı nazirliklərin struktur rəhbərlərinin işdən azad edilərək həbs olunmaları bunun bariz nümunələridir. Onu da deyim ki, koppupsiyaya qarşı mübarizədə ictimai nəzarət güclənməli, eləcə də vətəndaş cəmiyyəti institutları daha aktiv olmalıdırlar: “Dövlətimizin başçısı bu məsələdən dəfələrlə söz açıb. ”

Müsahibimiz, həmçinin bildirdi ki, Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarına tövsiyə və tapşırıqlarını verərkən dönə-dönə tapşırır ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır: “Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır.”   Cənab Prezidentimiz deyir ki, “Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır”. Budur, cənab Prezidentimizin istəyi…  Bütün bunlar isə o deməkdir ki, Prezident İlham Əliyev ölkəmizdə sosial ədalət prinsiplərinin əsas təşkil etməsində israrlıdır. Əminəm ki, dövlət başçımızın siyasi iradəsi nəticəsində tezliklə korrupsiyaya  hallarına da son qoyulacaq.”

Qvami Məhəbbətoğlu, “İki sahil”