Məqsəd əlillərin əməkqabiliyyətli insanlar kimi cəmiyyətdə yer tutmasıdır

0
93

Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə sosial proqramların daha da genişləndirilməsi, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi işləri də vüsət alıb. Belə ki, avqustun 11-də Lənkəranda, avqustun 18-də  Şəkidə, avqustun 25-də Xaçmazda, sentyabrın 15-də isə Şirvanda reabilitasiya mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu mənada dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır desək yanılmarıq. Bu isə o deməkdir ki, ümummilli lider Heydər Əliyevin “Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından  istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq” fikri bu gün də dövlətimizin sosial siyasətinin mühüm prioritet istiqamətlərindən biridir. Şübhəsiz, əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi sahəsində atılan addımlar sosial sahəyə, həm də həssas qruplara dövlət qayğısının  əyani təzahürüdür. Ən təqdirəlayiq hal isə pandemiya dövrü olmasına baxmayaraq, bu sahəyə göstərilən qayğının daha da genişləndirilməsidir.

Yeri gəlmişkən qeyd edək ki, bu ilin sonunadək Sumqayıt Reabilitasiya Mərkəzinin, Şağan Reabilitasiya Pansionatının da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyi gözlənilir. Bu il, həmçinin Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya mərkəzlərinin açılması  planlaşdırılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 reabilitasiya müəssisəsi var ki, bu il əlavə iki uşaq reabilitasiya müəssisəsi yaradılmaqla bu say 16-ya çatacaq. Nəticədə reabilitasiya xidmətləri ilə təmin edilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq. Yeri gəlmişkən qeyd edək ki, ötən il müasir standartlara cavab verən Yevlax və Naftalan Reabilitasiya mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Məlumata görə, cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 2,2 min nəfər əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin olunub. 4 minə yaxın əlilliyi olan şəxsə 11 mindən çox reabilitasiya vasitəsi verilib.

Heydər Əliyev Fondu tərəfindən də əlilliyi olan şəxslərin reabilitasiyasına mühüm töhfələr verilir. Məsələn, Fondun dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb ki, burada müasir reabilitasiya metodları əsasında sağlamlıq imkanları məhdud uşaqlara bərpa xidmətləri göstərilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin yaradılması ekspertiza və reabilitasiya sahəsində xidmətlərin yeni optimal və təkmil model üzərində qurulmaqla daha çevik və keyfiyyətli, effektiv  təşkilinə yönəlib. Bu da müvafiq sahədə mövcud resurslardan səmərəli istifadəyə, bərpa xidmətlərinin çeşidlərinin və əhatə dairəsinin genişlənməsinə xidmət edir. Reabilitasiya müəssisələri müasirləşdirildiyi kimi, bu mərkəzlərdə çalışan  işçi heyətinin də bilik və peşəkarlığı artırılır. Bütün bunlar da reabilitasiya müəssisələrinin fəaliyyətinin əlilliyi olan şəxslərin yenidən əmək qabiliyyətli insanlar kimi cəmiyyətə qazandırılması prinsipi üzərində  qurulmasından xəbər verir.

Qvami Məhəbbətoğlu“İki sahil”