Mingəçevirdə yeni tikilən məktəb istifadəyə verildi

0
205

2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.

Qeyd edək ki, Heydər Əliyev Fondu təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr və proqramlar icra etməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu tədris ilində 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilir. Fondun dəstəyi ilə Mingəçevirdə inşa olunan 624 şagird yerlik 13 saylı tam orta məktəb də istifadəyə verildi.  Məktəb 1974 ci ildə tikilmişdi. Qəzalı vəziyyətdə olan məktəb ötən ildən yenidən tikintisinə başlanmışdır.

Pandemiya şəraitində karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən açılış mərasimində Heydər Əliyev fondunun nümayəndələri, könüllülər və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə məktəbin sinif otaqları, idman zalı, mətbəx, fənn kabinələri,labaratoriyalar, akt zalı və məktəbin həyətində geniş inşa edilmiş idman meydançası ilə tanış olublar.

Müasir təhsil standartlarının yaradıldığı yeni məktəb binasının və buradakı mövcud maddi-texniki bazanın gələcəkdə şagirdlərin bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyini deyən məktəbə yeni təyin edilmiş direktor Daşqın İbrahimov məktəbin pedoqoji kollektivi adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq bildirib.

Esmira Hidayətova, Mingəçevir