Putinin səfəri Ankara-Moskva yaxınlaşmasına yol açacaqmı?

0
309
Türkiyə ilə münasibətlərin yeni müstəviyə keçirilməsi də Rusiya üçün həm iqtisadi, həm də siyasi baxımdan olduqca böyük strateji əhəmiyyət daşımaqdadır. 
Siyasi müşahidəçilərin fikrincə, Putin Ankarada keçirəcəyi görüşlərdə əsas ağırlıq mərkəzini iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf  etdirilməsi müstəvisi üzərinə keçirəcək. Bunun da səbəbi qeyd edildiyi kimi aydındır. Belə ki, Rusiya Qərbin ağır iqtisadi sanksiylarının təsirini azaltmaq üçün bütün qonşu ölkələrlə, o cümlədən Türkiyə və Çin ilə ticari əlaqələri genişləndirməyə cəhd edir. Qeyd edək ki, Rusiya həm Türkiyə, həm də Çinlə energetika sahəsində geniş əməkdaşlıq münasibətlərinə malikdir. Son illərdə Türkiyənin Rusiyanın əsas qaz alıcısına çevrildiyini nəzərə alanda, Putinin Türkiyədə keçirəcəyi görüşlərdə məhz iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsini önə çıxaracağı başa düşüləndir.

Beynəlxalq aləmdə baş verən hadisələr, o cümlədən Ukrayna böhranı nəticəsində Qərblə Rusiya arasında ziddiyyətlərin dərinləşməsi soyuq müharibənin yenidən körüklənməsi ilə müşahidə olunmaqdadır. Bu baxımdan Qərblə Rusiya arasında ziddiyyətlərin kəskinləşməsi nəinki Avropada, həm də dünyanın müxtəlif bölgələrində, o cümlədən Yaxın Şərqdə özünəməxsus şəkildə əks-səda verərək yeni qarşıdurma mərkəzlərinin əmələ gəlməsi prosesinə rəvac verib. Buna paralel olaraq hazırda dünyanın əksər ölkələri  yeni qütbləşmə dövründə Qərbi və ya Rusiyanı dəstəkləmə siyasətini müəyyən etməyə cəhd edirlər. Bu baxımdan  II Dünya müharibəsindən sonra NATO-nun cənub qanadının alınmaz qalası hesab edilən, ancaq SSRİ dağılandan sonra müəyyən qədər Qərb üçün öz strateji əhəmiyyətini itirən və üstəlik son illərdə ABŞ və Avropa Birliyi (AB) ölkələri ilə bəzi problemlər yaşamaqda olan Türkiyə olduqca çətin seçim qarşısındadır. Yaxın Şərqdə strateji baxımdan önəmli bir ölkə əhəmiyyəti daşımasına baxmayaraq, Qərbdə davam edən türk düşmənçiliyi və bu çərçivədə pərdəarxasından PKK terrorçularının əli ilə Türkiyənin parçalanması cəhdləri təbii ki, Ankarada narahatlıqla qarşılanır. Eyni zamanda Qərbin Yaxın Şərqdə yeritdiyi qeyri-konstruktiv, yüzminlərlə insanın ölümünə yol açan siyasəti, Türkiyənin bir çox məsələlərdə əzəli müttəfiqlərini dəstəkləməməsinə yol açaraq Ankaranı vəziyyətdən çıxış yolu axtarmağa məcbur etməkdədir. Ona görə də Qərblə Rusiya arasında soyuq müharibə küləklərinin əsdiyi bir vaxtda Türkiyənin, aralarındakı ziddiyyətlərə baxmayaraq ənənəvi müttəfiqlərinimi, yoxsa Rusiyanımı dəstəkləyəcəyini söyləmək çox çətindir. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin dekabr ayının 1-də Yüksək Əməkdaşlıq Şurasının 5-ci  iclasında iştirak etmək üçün Türkiyəyə gözlənilən səfəri böyük maraq doğurur. İş orasındadır ki, hazırda Qərbin sərt sanksiyaları ilə üzləşən Rusiya da düşdüyü ağır iqtisadi vəziyyətdən çıxış yolu axtarır. Qərbin sanksiyalarına qarşı dayana bilmək məqsədi ilə Rusiyanın müttəfiq axtarışı isə nəinki yaxın ölkələr, həm də Latın Amerikası dövlətlərinin timsalında davam etdirilir. Təbii ki, Türkiyə ilə münasibətlərin yeni müstəviyə keçirilməsi də Rusiya üçün həm iqtisadi, həm də siyasi baxımdan olduqca böyük strateji əhəmiyyət daşımaqdadır. Siyasi müşahidəçilərin fikrincə, Putin Ankarada keçirəcəyi görüşlərdə əsas ağırlıq mərkəzini iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf  etdirilməsi müstəvisi üzərinə keçirəcək. Bunun da səbəbi qeyd edildiyi kimi aydındır. Belə ki, Rusiya Qərbin ağır iqtisadi sanksiylarının təsirini azaltmaq üçün bütün qonşu ölkələrlə, o cümlədən Türkiyə və Çin ilə ticari əlaqələri genişləndirməyə cəhd edir. Qeyd edək ki, Rusiya həm Türkiyə, həm də Çinlə energetika sahəsində geniş əməkdaşlıq münasibətlərinə malikdir. Son illərdə Türkiyənin Rusiyanın əsas qaz alıcısına çevrildiyini nəzərə alanda, Putinin Türkiyədə keçirəcəyi görüşlərdə məhz iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələsini önə çıxaracağı başa düşüləndir. Digər tərəfdən də unutmaq olmaz ki, Putin siyasi, hərbi sahədə olduğu kimi iqtisadi sahədə də Rusiyanın milli, dövlət maraqlarının qorunmasının mahir strateqi kimi çıxış edir. Hər halda Putinin hadisələri qabaqlayaraq Türkiyəyə və Çinə yeni qaz kəmərinin çəkilməsi barədə qarşı tərəflə anlaşma imzalaması və bunu qismən reallaşdırmağa nail olması onun böyük uğuru hesab edilə bilər. Çünki Putin bununla Qərbdə itirdikləri iqtisadi itkilərin əvəzini kompenssasiya etmə imkanı əldə edib. Türkiyəyə gəlincə, Rusiyanın hələ Qərblə münasibətlərinin yaxşı olduğu vaxtlarda belə, iki ölkə arasında iqtisadi münasibətlər yüksək vəziyyətdə idi. Türkiyə Rusiyanın simasında müxtəlif təyinatlı öz məhsullarının satılması üçün böyük bir bazar əldə etmişdi. Eyni zamanda Rusiyanın Qərb bazarına yol tapa bilməyən rəqabətə az davamlı sənaye məhsulları Türkiyə bazarında həvəslə alınır. Nəhayət, Türkiyə hər il ölkəyə çoxsaylı Rusiya turistlərinin axınından on miyonlarla dollar gəlir götürür. Necə deyərlər, Qərbin iqtisadi sanksiyalarının ağır nəticələri öz növbəsində Rusiyadan Türkiyəyə turist axının azalmasına, millyonlarla dollar itirilməsinə gətirib çıxarıb. Rusiyaya qarşı iqtisadi sanksiyaların davam etməsi isə Türkiyə iqtisadiyyatına da mənfi təsir etməkdədir. Ona görə də iqtisadi baxımdan iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi nəinki Rusiya, həm də Türkiyə üçün böyük strateji önəm daşıyır. Təsadüfi deyil ki, Rusiya-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının bundan əvvəl keçirilən 4-cü iclasında tərəflər iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırılması barədə razılıq əldə etmişdilər. Ona görə də Putinin Türkiyəyə səfəri çərçivəsində yenidən bu məsələni gündəmə gətirəcəyi istisna edilmir. İki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması isə Rusiyaya Qərbin iqtisadi sanksiyaları nəticəsində itirdiyi 100 milyard dolları kompensasiya etməyə imkan verə bilər. İki ölkə arasında ticari əlaqələrin genişləndirilməsinin geniş perspektivlərə malik olmasını yanacaq-energetika sahəsində daha genilş imkanların olması da sübut etməkdədir. Məsələn, Rusiya Türkiyəyə satacağı qazın həcmini bir neçə dəfə artırmaqla və bununla bağlı tərəfləri qane edən münasib razılaşma əldə etməklə sanksiyalar nəticəsində iqtisadi sahədə itrdiklərinin əvəzini çıxarmağa qadirdir.

Siyasi sahədə ortaq məxrəc axtarılacaq

Putinin Türkiyəyə səfəri zamanı Ankaranın bölgə üçün önəmli olan siyasi məsələləri önə çıxaracağı istisna edilmir. Belə ki, Rusiya üçün iqtisadi sahədə Türkiyə ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıdığı kimi, Ankara üçün də Moskva ilə regionda baş verən siyasi hadisələrə münasibətdə ortaq məxrəcə gələ bilmək o qədər önəmlidir. Bu baxımdan istər Suriyada, istərsə də İraqda baş verənlərə münasibətdə iki ölkə arasında ciddi fikir ayrılıqları var. Rusiyadan fərqli olaraq Türkiyə Əsəd rejiminin bundan sonra da Suriyada hakimiyyətinin davam etməsinin əleyhinədir. Rusiya Əsəd rejimini dəstəklədiyi halda, Türkiyə Qərb tərəfinin müdafiə etdiyi müxalif qüvvələrə müxtəlif yollarla dəstək verməkdə davam edir. Türkiyənin Əsəd əleyhdarlarını dəstəkləməsinə cavab olaraq Moskva bir neçə dəfə Ankaraya xəbərdarlıq edərək onu Suriya ərazisinə qoşun yeritməkdən çəkindirməyə cəhd edib. Moskva əks halda buna biganə qala bilməyəcəyini,  cavab addımları atacağını Türkiyənin nəzərinə çatdırıb.

Eyni sözləri Ukraynada baş verənlərə münasibətdə Ankaranın Kiyevi dəstəkələməsi haqqında da demək olar. Türkiyə Rusiyanın Krımın işğal etməsini dəfələrlə pisləyib və Ukraynanın cənub-şərqində baş verənlərə münasibətdə Qərblə eyni mövqedən çıxış edib. Buna paralel olaraq Türkiyə Krım tatarlarını açıq şəkildə müdafiə edir və onların  hüquqlarına hörmət edilməsi ilə bağlı dəfələrlə Rusiya rəhbərliyi qarşısında məsələ qaldırıb. Nəhayət, Türkiyə Rusiyanın Qara dənizdən Ukraynanı sıxışdırıb çıxarmasından və burada möhkəmlənməsindən də ciddi şəkildə narahatlıq keçirməkdədir. Təbii ki, Türkiyənin Ukraynaya dəstək verməsi Rusiyanı müntəzəm olaraq qıcıqlandırmaqdadır. Belə bir vəziyyətdə Türkiyə adı çəkilən məsələdə Rusiya ilə ortaq məxrəcə gəlməyə cəhd edəcək. Lakin Putinin Qərblə aralarında bəzi ziddiyyətlər olan Türkiyəni öz tərəfinə çəkmək, NATO sıralarına parçalama salmaq üçün Ankaraya bəzi şirnikləndirici vədlər verə bilməsi də ehtimal edilir. Öz növbəsində Türkiyənin də siyasi sahədə  Rusiya ilə yaxınlaşmaq üçün bəzi addımlar ata biləcəyi, o cümlədən Avrasiya İttifaqına və Şanxay Əməkdaşlığı Təşkilatına üzv olmaq üçün müraciət edəcəyi də istisna edilmir. Xatırladaq ki, bir müddət əvvəl Türkiyə artıq Avrasiya İttifaqına üzv olmaq niyyətində olduğunu da şifahi şəkildə gündəmə gətirmişdi. Bu baxımdan Putinin Türkiyəyə səfəri zamanı iki ölkənin siyasi və iqtisadi sahədə yaxınlaşmasına xidmət edən addımların atılması Qərb üçün ciddi başağrısına çevrilə bilər.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here