Müasir yollar bölgələrimizə yeni nəfəs gətirir

0
37

Koronavirus pandemiyasının hökm sürməsinə və bu səbəbdən iqtisadiyyatımızın inkişaf tempinin nisbətən azalmasına baxmayaraq, ölkəmizdə yol infrastrukturunun yenilənməsi, genişlənməsi və ən müasir səviyyədə qurulması istiqamətində tədbirlər uğurla davam etdirilir. Təqdirəlayiq haldır ki, belə tədbirlər regionlarda da intensivləşib. Məsələn, hazırda bir neçə rayonda avtomobil yollarının tikintisi həyata keçirilir. Bu isə o deməkdir ki, ölkə rəhbərinin müvafiq tapşırıqları əsasında respublikamızda regionların yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Yəni,  ölkəmizin inkişaf strategiyasının əsas xətti yalnız paytaxt Bakı şəhəri və Abşeron yarımadası ilə məhdudlaşmır, regionların sosial-iqtisadi inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur.

Sentyabrın 10-da Qazax və Ağdaş rayonlarının, sentyabrın 11-də Şamaxı rayonunun yol infrastrukturları, sentyabrın 14-də isə Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlərlə  bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlar bunu bir daha sübut edir. Şübhəsiz, bunlar dövlət başçımızın rəhbərliyi ilə regionlarda uğurla aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin məntiqi davamıdır. Xatırladaq ki, həmin sərəncamlarda Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri, altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Ağdaş rayonunun Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli, üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax–Şəhriyar–Kələxana avtomobil yollarının tikintisi öz əksini tapıb. Susay–Xınalıq avtomobil yolu isə səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirəcək. Bu isə bir daha o deməkdir ki, ölkəmizdə paytaxt yolları ilə yanaşı, regionlarımızın yollarının müasir tələblər səviyyəsinə qaldırılması diqqət mərkəzindədir. Bütün bunlar həm də ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində aparılan işlərin davamlı olduğunu bir daha təsdiqləyir.

Yeri gəlmişkən qeyd edək ki, “Bölgələrin inkişafı Azərbaycan dövlətinin inkişafıdır” deyən Prezident İlham Əliyev ölkəmizin ən ucqar rayonlarından tutmuş, ən uzaq kənd və qəsəbələrində aparılan yol  işlərinin keyfiyyətlə görülməsini də diqqətdə saxlayır. Belə ki, dövlətimizin başçısı bölgələrə səfərləri zamanı bir sıra sosialyönlü binaların tikintisi, səhiyyə və idman sahəsində görülən işlərlə yanaşı, bölgələrin yollarının yenidən qurulması ilə də maraqlanır.

Şübhəsiz, ən ucqar rayonların sovet dövründə belə yol olmayan yaşayış məntəqələrinə bu gün yeni yolların çəkilməsi, yenilənməsi dövlətimizin iqtisadi gücünü göstərir. Digər tərəfdən, yolların çəkilməsi bölgələrimizin turizm imkanlarını artırır, istehsal olunan kənd təsərrüfatı məhsullarının bazarlara itkisiz daşınmasına şərait yaradır. Bütün bunlar da rayon, kənd insanlarının dolanışığına birbaşa öz müsbət təsirini göstərir. Bu mənada dövlət başçımızın sosial islahatlarının tərkib hissəsi olan və bir çox funksiyaları özündə ehtifa edən yol çəkilişinin bütün yaşayış məntəqələrimizi əhatə etməsi istiqamətində real işlərin hədəfində insanlarımızın rahat həyat yaşaması dayanır. Yol infrastrukturuna göstərilən diqqətin nəticəsidir ki, artıq bölgələrdə sosi­al-iqtisadi sahələrdə dinamik inkişaf nəzərə çarpır. Elə son aylar kənd təsərrüfatı məhsullarının artımında da müasirləşən yol infrastrukturunun müəyyən payı vardır. Bu isə o deməkdir ki, yolların inkişafı bir tərəfdən iqtisadiyyatımıza səmərə gətirir, digər tərəfdən də qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir. Bir sözlə, yollar bölgələrimizə yeni nəfəs gətirməklə yanaşı, yeni imkanlar da açır.

Bir məsələni də xatırlatmaq yerinə düşərdi. Əgər 2004-cü ildən başlayaraq birinci Dövlət proqramı və ondan sonrakı illərdə bu proqramın davamı  olmasay­dı, hazırda Azərbaycan regionlarının yolları  bu qədər müasirləşə bilməzdi. Bu mənada Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları bu sahənin inkişafında mühüm rol oynayıb və oynamaqdadır.

Qvami Məhəbbətoğlu,

“İki sahil”