Təhsilə qayğı olanda…

0
30

Mehparə Rüstəmova: Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatan məktəb problemi tamamilə həll olunacaq

Koronavirus pandemiyasının çətinliklərinə baxmayaraq, ölkəmizdə yeni məktəblərin tikintisi, həmçinin təmiri uğurla davam etdirilir, təhsil müəssisələrinin maddi-texniki bazaları möhkəmləndirilir. Belə məktəblərin açılışlarında ölkə Prezidenti İlham Əliyev də mütəmadi iştirak edir. Dünən dövlətimizin başçısı Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirakı da buna sübutdur.

Elşad Bayramov adına Alpan kənd tam orta məktəbinin direktoru Mehparə Rüstəmova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, ölkəmizin gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə hər zaman xüsusi qayğı göstərilir: “Prezident İlham Əliyev ölkənin əsas təbii sərvəti olan neftin insan kapitalına çevrilməsini Azərbaycan dövlətinin əsas strateji hədəflərindən biri kimi elan edib. Bu istiqamətdə ardıcıl tədbirlər görülür, davamlı islahatlar həyata keçirilir. Elə görülən işlər də bundan xəbər verir. Təkcə bir faktı xatırladaq ki, son illər respublikamızda 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. Fikrimcə, ölkəmizdə təhsilin inkişafından danışarkən, bir məqama da diqqət yetirmək istərdik. Bu, modul tipli məktəblərin tikintisi ilə bağlı məsələdir. Belə ki, indi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Şübhəsiz, modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatan məktəb problemi tamamilə həll olunacaq. Yeri gəlmişkən onu da qeyd edim ki, son iki ildə Quba rayonunda 960 şagird yerlik Alekseyevka kənd tam orta məktəbi, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan ümumi tutumu 1642 şagird yerlik Zərdabi qəsəbə və Birinci Nügədi kənd tam orta məktəbləri tikilib istifadəyə verilib. Qubada quraşdırılan modul məktəblərin ümumi sayı 24-ə çatıb.”

Müsahibimizin fikrincə, bütün bunlar vacib strateji fəaliyyət sahəsinin inkişafına güclü təkan verir, üstəlik, ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiyasına şərait yaradır: “Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğı öz bəhrəsini verməkdədir. Onu da deyim ki, təhsilə göstərilən dövlət qayğısı, müəllim əməyinə verilən qiymət cəmiyyətdə bu şərəfli peşə sahiblərinin nüfuzunu da yüksəldir.”

Qvami Məhəbbətoğlu, “İki sahil”