İdarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha optimal mexanizmdir

0
45

Ölkəmizdə son illər cəmiyyətin bütün sahələrini əhatə edən köklü islahatlar həyata keçirilir. Bu islahatlar sosial-iqtisadi və digər sahələrlə yanaşı, respublikamızın siyasi sisteminin, dövlət idarəçiliyinin qanunvericilik və icra hakimiyyəti qollarını da əhatə edir. Prezident İlham Əliyev çıxış­larında sosial-iqtisadi sahələrdə, eləcə də idarəetmə strukturunda ciddi islahatların gerçəkləşdirilməsi barədə ətraflı bəhs edərək, diqqəti icra hakimiyyətlərinə nəzarətin gücləndirilməsinin, qanunların icrasın­da boşluqların aradan qaldırılmasının zəruriliyini dəfələrlə vurğulayıb. Bildirib ki, ölkəmizdə hərtərəfli is­lahatların qarşısını heç bir qüvvə ala bilməz. Odur ki, islahatlar bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Yeri gəlmişkən qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” mövzusunda keçirdiyi sosioloji sorğu əsasında hazırladığı növbəti analitik hesabatda  Prezident İlham Əliyevin cari ilin ikinci rübündəki fəaliyyətinin ictimai qiymətləndirilməsinə dair təhlil yer alıb. Burada dövlətimizin başçısının fəaliyyətinin prioritet istiqamətlərindən biri olan islahatlara  da toxunulub. STM-nin keçirdiyi sor­ğunun nəticələrindən aydın görünür ki, vətəndaşlarımız bu istiqamətdə görülən tədbirləri yüksək qiymətləndiriblər. Bu isə o deməkdir ki, aparılan islahatlar əhali tərəfindən təqdir olunur.

Xəbər verildiyi kimi, son günlər Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Nizami və Kəpəz rayonlarının ləğvi və idarəetmənin vahid mərkəzdən həyata keçirilməsi təşəbbüsünün irəli sürülməsi təqdirəlayiqdir: “Fikrimcə, bu hər şeydən əvvəl zərurətdən irəli gəlir. Belə ki, son illərin müşahidələri göstərir ki, Gəncə vətəndaşları bir qayda olaraq,  bu və ya digər problemlə üzləşəndə  şəhər icra hakimiyyətinə daha çox müraciət edirlər və nəticədən də məmnun qalırlar. Çünki onlar yaxşı dərk edirlər ki, şəhər icra hakimiyyətinin imkanları daha genişdir. Yəni, bu qurum daha çevik, daha operativ idarəetmə mexanizminə malikdir. Belə olan təqdirdə Nizami və Kəpəz  rayonları inzibati ərazi vahidi kimi saxlamağa ehtiyac yoxdur. Bu mənada Nizami və Kəpəz rayonlarının ləğv olunması ilə bağlı irəli sürülən təşəbbüsü dəstəkləyirəm. Hər şeydən əvvəl ona görə ki, bu, ölkəmizin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Bu məqamda bir məsələni də xatırlatmaq istərdim. Cənab Prezidentimizin 17 mart 2020-ci il tarixli “Dövlət idarəçiliyində səmərəliliyin artırılma­sı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamda deyilir ki, müasir döv­rün çağırışlarından biri kimi, dövlət orqanları və qurumlarının fəaliyyətinin səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi sistemi­nin mərhələlərlə işlənməsi və tətbiqi dövlətimizin diqqət mərkəzindədir. Şübhəsiz, bu da dövlət nəzarətinin təşkili və icra intizamına əməl olun­ması istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, bu sahədə daha əhatəli və çevik mexanizmlər yara­dılmasından irəli gəlir.”

Milli Məclisin deputatı daha sonra dedi: “Digər tərəfdən, qarşımızda əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan və iri sənaye mərkəzi kimi tanınan Sumqayıt şəhərinin nümunəsi var. Məlum olduğu kimi, Sumqayıt kimi böyük bir şəhərdə vahid icra mərkəzi mövcuddur. İdarəçilik də qanunvericiliyə uyğun formada mərkəzi icra orqanı tərəfindən təmin edilir. Buradan da belə fikir irəli sürmək olar ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir. Bu mənada fikrimcə, Kəpəz və Nizami rayonlarının inzibati ərazi bölgüsünün ləğvi 4 min illik zəngin tarixə malik Gəncə kimi böyük bir şəhərin idarəçiliyinə yeni çalarlar əlavə edəcək. Daha doğrusu, Nizami və Kəpəz inzibati ərazi bölgüsünün ləğvi Gəncədə daha səmərəli və optimal idarəçilik mexanizminin yaradılması ilə nəticələnəcək.”

Milli Məclisin deputatının söylədikləridən belə qənaətə gəlmək olar ki,  Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək. Üstəlik, idarəetmə sistemində neqativ hallara son qoyula­caq. Bu addım həm də büdcə vəsaitlərinin sərfiyyatına da öz töhfəsini verəcək.”

Qvami Məhəbbətoğlu, “İki sahil”