“Neftçi” məğlub oldu, “Qarabağ” xal itirdi

0
32

Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci tura start verilib. Günün ilk matçında “Neftçi” klubu “Sumqayıt”ı qəbul edib.

“Bakcell Arena”da keçirilmiş oyun “Neftçi”nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Görüşdə hesab 14-cü dəqiqədə açılıb. “Sumqayıt”ın iranlı hücumçusu Əli Qurbani fərqlənib. Forvard 46-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Görüşün 83-cü dəqiqəsində meydan sahiblərinin heyətində Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Beləliklə, ilk turda “Keşlə”yə məğlub olan “Sumqayıt” yeni mövsümdə ilk 3 xalı aktivinə yazdırıb. Birinci turda “Səbail”i məğlub edən “Neftçi” də eyni xala malikdir.

Qeyd edək ki, günün digər matçında son çempion “Qarabağ” səfərdə “Keşlə” ilə üz-üzə gəlib. 90 dəqiqə 0:0 hesabı ilə başa çatıb.  Beləliklə, ikinci turdan sonra xal itirməyən komanda qalmadı.Tura bu gün keçiriləcək “Səbail”-“Zirə” və sentyabrın 13-də baş tutacaq “Sabah”-“Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.