“Dağlar, sizə baş əyməyə gəlmişəm”

0
545
Çağdaş ədəbiyyatımızın zənginləşməsində böyük xidmətləri olan şair İlyas Tapdıqın 80 yaşı tamam olur. İndiyədək onun yetmişdən çox kitabı nəşr olunub. Yaradıcılığı geniş və çoxşaxəli olan şairin əsərləri  türk, rus, qırğız, türkmən, eston, Litva, latış, polyak, çex və digər dillərə çevrilib. Xalq şairi Məmməd Araz “Ustad haqqı qazanmış şair” adlı məqaləsində yazıb: “İlyas Tapdığın uşaq ədəbiyyatımızın inkişafında və zənginləşməsində xüsusi və şərəfli zəhmətini görməmək, onu qiymətləndirməmək son dərəcə insafsızlıq olardı. Yüzlərlə maraqlı uşaq şeirlərinin, onlarca mənzum nağıl və poema müəllifi İlyas Tapdıq əllinci illərdən bu günədək şeirləri uşaqların dilinin əzbəri olan şairdir”. İlyas Tapdıq dünya uşaq ədəbiyyatının balalarımıza çatdırılmasında da tərcüməçi kimi böyük əmək sərf edib. Əmək fəaliyyəti daha çox nəşriyyatlarla bağlı olan şair minə yaxın kitabın redaktoru olub…  Yubiley ərəfəsində şairlə görüşümüzdə onun ömür “kitabını” vərəqlədik, yaradıcılıq yoluna nəzər saldıq və bugünkü düşüncələrini öyrənməyə çalışdıq.  Söhbət zamanı ürəyimizcə olan cavablar da oldu, verə bilmədiyimiz suallar da.
-İlyas müəllim, maşallah, həmişəki kimi gümrah, həyatsevərsiniz. Artıq səksənin belini qatlayırsınız. Bəs səksən sözünü eşidəndə, az da olsa, təəssüf hissi keçirmirsiniz ki?

– İnanın ki, buna sevinirəm. Bilirsiniz niyə? Mənə görə, elə səksənə gəlib yetişməyin özü də qəhrəmanlıq kimi şeydi. Çünki həyatımın o qədər çətin illəri olub ki. Oralardan keçə-keçə gəlib bu yaşa çatmışamsa, əlbəttə, bu İlahinin verdiyi gücün, qüdrətin hesabına olub. Amma onu deyə bilərəm ki, çox yaşamağın şərtlərindən biri insanın ürəyinin təmizliyidir. Ola bilər ki, sən özünə yaxşı baxasan, hər cür şərait sahibi olasan, amma ürəyin təmiz olmasa, çətin ki, çox yaşayasan.

– Siz dağlar qoynunda doğulub boya-başa çatmısınız. Gədəbəyin saf suyu, təmiz havası, zəngin torpağı ilə maya bağlamısınız. Uşaqlıq illəriniz barədə oxucularımıza nə demək istərdiniz?

– Mən də hamı kimi uşaq olmuşam. Görərdin nənəm qarğıdalını dənələyib sərib həyətə və əlimə bir çubuq verib ki, bunu sərçələrdən qoru. Ancaq mənim sərçələrə yazığım gəlirdi. Buna görə də qarğıdalı dənindən bir ovuc götürüb sərçələr üçün kənara atardım. Bir azdan qapı sərçə ilə dolardı…

Nənəm yaxşı xalça toxuyardı. Mən də onun yanında oturub vurduğu naxışlara baxardım. Arabir qaçıb ona lazım olan yumağı, kələfi gətirərdim. Bəzən nənəm ilmələrin yerini səhv salardı. Mənə deyərdi ki, İlyas, diqqətlə bax, gör bu, hansı əriş-arğacdı? Mən də bu işdə ona kömək edərdim. Bax, belə günlərim də olub. Yəni sərçə də qovlamışam, toyuq da, qoyun-quzu da otarmışam, leysan yağışda başdan-ayağa islanmışam da. Beləcə, mən uşaqlıqda həyatın ən gözəl və şirin günlərini, anlarını da yaşamışam.

– Atanız müharibəyə gedib qayıtmayıb. O illərdə çörək qazanmaq da asan məsələ olmayıb.

– Mənim iki qardaşım olub, bir bacım. Qardaşlarım yaşca məndən böyük olublar. Ancaq mən onlardan boy-buxunlu, qüvvəli olmuşam. Qonşumuz dəmirçi idi. Mən onun yanında çalışırdım. İyirmi dörd kiloluq gürzü təkəlli vurmağı bacarırdım. Sonra dəmiri döyməyi öyrəndim. İllər keçdi, mən o dəmirçixanada gördüklərimi, yaşantılarımı “Dəmir o dəmir” adlı poemamda misralara çevirdim. Yəqin ki, dəmirçixanada işləməsəydim, heç o əsəri də yaza bilməzdim. Ümumiyyətlə, mənim bir çox əsərlərim uşaqlıqda gördüklərim, təsirləndiyim və müşahidələrimlə bağlıdır. Yazanda mən gözümü yumurdum, uşaqlıq günlərim  gözümün önündən gəlib-keçirdi və misralara çevrilirdi. Beləcə zaman özü məni  şairə çevirdi.

 – Atanızı necə xatırlayırsınız?

– Atam çalışqan, zəhmətkeş, qorxmaz kişi idi. Gecə bir dəfə məni tərkinə alıb, meşədən keçib yaylağa gedirdik. Onda mənim səkkiz-doqquz yaşım olardı. Atı düz canavarların üstünə sürürdü. Gedirdi yaylağa, səhər tezdən bizim üçün süd, qaymaq gətirirdi. Çox az dincəlirdi. Getdi müharibəyə. Əvvəllər məktub yazırdı. Bir gün qara kağızı gəldi və mənim atasız, həsrət dolu günlərim başladı. İlk şeirim də “Atamın son məktubu” oldu.

– Sizin “Valideynlərimə” adlı şeiriniz var. Həmin şeirdə yazmısınız: “Mən uşaq şairiyəm, uşaqlar ürəyimdir…”  Siz özünüzü uşaq şairi adlandırırsınız. Ancaq ədəbi fəaliyyətiniz çox genişdir.

– Mən uşaqları çox sevirəm. Yaradıcılığa da uşaq şeirləri ilə başlamışam. Bu mövzuda uğurlarım daha çox olduğuna görə özümü uşaq şairi sayıram. Bir çox şeirlərimin yazılmasının səbəbkarı da uşaqlar olublar.

Onu da deyim ki, respublikamızda az bəstəkar tapmaq olar ki, mənim şeirlərimə mahnı yazmasın.

– Pedaqoji İnstitutun ikinci kursunda oxuyanda iki şeir kitabınız çıxıb. İlk kitabınızı “Kəndimizin çobanı” adlandırmısınız. İkinci kitab rusca olub. Bu, hər qələm sahibinə qismət olmur. Yəqin ki, çoxları sizə həsədlə baxıb.

–  Elədir. Onu da deyim ki, ilk kitabıma görə mənə çoxlu pul verdilər və həmin pula qardaşımla  birgə ev tikdik.

 – İnstitutu bitirdikdən sonra haralarda işləmisiniz?

– Əvvəlcə, qısa müddətdə radioda işləmişəm. Sonra “Uşaqgəncnəşr” dəvət etdi. Orada redaktor işlədim. Daha sonra “Gənclik” nəşriyyatında, “Azərnəşrdə” baş redaktor işləmişəm. Azərbaycan televiziyasında da çalışmışam. Amma əsas fəaliyyətim nəşriyyatlarda olub.

– İlyas müəllim, təbii ki, təbiətin zənginliklərinə uşaq yaşlarından bələd olmağınız, elin-obanın adət-ənənələrini yaxşı bilməyiniz, kiçik yaşdan saza-sözə sevginiz sizin milli ruhda yetişməyinizdə xüsusi rol oynayıb. Şeir və poemalarınızı oxuduqca bu ruh özünü aydın göstərir…

–  Müharibə illərində Göyçə mahalının xeyli hissəsi axışıb gəlmişdi Gədəbəyə. Çünki orada yaşamağa, dolanmağa müəyyən qədər imkan vardı. Allah həmin illərdə də bu torpağa kartofu daha bol verirdi. Yəqin aclıq çəkən bəndələrini nəzərə alırdı. Bizim qonşuluqda Göyçədən gələn dəmirçi İbrahim vardı. Demək olar ki, hər gün onun evində saz çalınar, aşıqlar oxuyardılar. Mən həmin aşıqların çalıb-oxumasına, söhbətlərinə qulaq asardım. Asıq Şükür vardı. O, Aşıq Alının, Aşıq Ələsgərin şeirlərini oxuyardı… Mən də saz çalmağı öyrənmişdim. Arabir qardaşımın çökədən düzəltdiyi sazı sinəmə basıb çalıb-oxuyardım.

– Səhv etmirəmsə, siz Aşıq Alı haqqında pyes də yazmısınız?

– Elədi. Yəqin bilirsiniz, Aşıq Alı Aşıq Ələsgərin ustadıdı. Mən uşaqlıqdan onun şeirlərinin vurğunu olmuşam. İndi müğənnilərin oxuduğu “Nə qaldı?” qoşmasını uşaq yaşlarımda əzbər bilirdim.

– Siz illərlə müxtəlif nəşriyyatlarda baş redaktor işləmisiniz. Təxminən minə yaxın müxtəlif səpkili kitabların redaktoru olmusunuz. Ədəbiyyatımızın, kitab mədəniyyətimizin keşiyində ləyaqətlə dayanmısınız. İlk kitabına “yaşıl işıq” yandırdığınız istedadlı gənclər sonralar çağdaş şeirimizin tanınmış simalarına çevriliblər. Təbii ki, sovet dövründə nəinki hər şeirin ümumi mənasına, hətta hər sözün, misranın yükünə, sətiraltı mənasına xüsusi diqqət yetirilirdi. Amma oda var ki, hər şeirə görə istedadları çapdan uzaqlaşdırmaq, qaralamaq olmazdı.  Bu mənada heç olubmu ki, hansısa gənc yazarın kitabına görə “başınız ağrıyıb”?

– Mənim əqidəmə görə, şair gərək ilk əsərlərindən öz yolunu düzgün müəyyənləşdirə. Mən bir redaktor kimi xalqın düşüncəsindən, mənəviyyatından kənar, təfəkkürünə yad kitabları həmişə kənara qoymuşam, onların çapına yol verməmişəm. Amma istedadlı yazarlara dayaq olmağa çalışmışam.

– Bəs özünüzün hansı kitabınıza görə “danlanmısınız”?

– “Gözlər” kitabıma görə. O kitabda bir sıra sevgi şeirlərim var ki, yaxşı qarşılanmadı. Rəhmətlik akademik Məmməd Arifin məsləhətindən sonra daha elə şeirlər yazmadım. Ədəbiyyat elə bir şeydir ki, gərək öz sözünü açıq deyəsən.

– Sizinlə bir sıra səfərlərdə, görüşlərdə olmuşam.  Müxtəlif bögələrimizdə hər bir çıxışınız nəinki uşaqlar, eləcə də böyüklər tərəfindən alqışlarla qarşılanıb. Həqiqətən, xalq sizin şeirinizi, insanlığınızı çox sevir. Amma bir dəfə də eşitməmişəm ki, bəzi qələm sahibləri kimi, öz şeirlərinizlə qürrələnəsiniz, başqalarını bəyənmədiyiizi deyəsiniz?

– Bizdən əvvəl ədəbiyyatımızda çox qüdrətli qələm sahibləri olub. Onların yaradıcılığına bələd olandan sonra özünün kimliyini daha yaxşı anlayırsan. Axı Mirzə Ələkbər Sabirin şeirlərini oxuyandan sonra öz yazdıqlarınla necə qürrələnə bilərsən? Biz onlara çox borcluyuq. Buna görə də gərək hər bir yazar özündən əvvəlki şair və yazıçıların yaradıcılığını yaxşı-yaxşı oxusun.

– Sizcə, şair olmaq xoşbəxtlikdirmi?

–  Mənə görə, şairlik o mənada xoşbəxtlikdir ki, sən xalqına xidmət edirsən. Ancaq şairin yuxusuz gecələri, ağrı-acıları çox olur, gərək bunlara dözəsən, sağlamlığını itirməyəsən.

– Ötən il həyat yoldaşınız dünyasını dəyişdi. Təbii ki,  böyük itkidir. Amma siz həyatın hər üzünü görmüş adamsınız. Bizim sizə təsəlli verməyimiz yəqin ki, yersiz olar… Allah Münəvvər xanıma rəhmət eləsin…

– Elə bil ürəyimin yarısını, qolumun birini itirmişəm…

– İndi payızdı. Əvvəlki illərin payızı ilə bu payız arasında nə fərq görürsünüz?Mümkünsə, bu suala payızla bağlı bir şeirinizlə cavab verin.

Yağış göydə qalmaz, ah yerdə gülüm.

Bir həsrətə neçə kərə bükülüm?

Bəlkə daha xəzəl olub tökülüm?

Bir də gördüm payız kəsib qapımı…

 

İkimizi bir dözümdə görmədim,

Səhv elədim, bir sözümdə bilmədim,

Mən İlyasam, heç özüm də bilmədim,

Bir də gördüm payız kəsib qapımı…

Payız insanın ahıl çağına uyğun gəlir. Yəni  həyatın boyu işləyirsən, çalışırsan, amma zaman öz axarındadı. Bir də görürsən ki, qocalıq qapının kandarını kəsib…

– Sizin üçün indi hara daha rahat məkandır?

– Doğma kəndimə gedəndə özümü rahat hiss edirəm. Çünki orada mən uşaqlığımı yaşamışam. Oradakı insanlarla görüşəndə xatirələr ürəyimdə yenidən baş qaldırır. Orada hər dağ, ağac, yol, bulaq mənə tanışdı. Qayıdanda ağacla, daşla, quşla, dağlarla salamlaşıram. Təbiət məni ovudur. Bu barədə şeir də yazmışam:

Əzəl başdan siz oldunuz həyanım,

Dağlar, sizə baş əyməyə gəlmişəm.

Şair deyib, qiymət verib sayanım,

Dağlar, sizə baş əyməyə gəlmişəm.

 

Hər ürəyin payızı var, qışı var.

Hər yuvanın  bir qayıdan quşu var.

Çiçəyində anamın göz yaşı var,

Dağlar, sizə baş əyməyə gəlmişəm.

 

Ana elin əhvalını sormağa,

Baba yurdda bir dağ olub durmağa,

Aşığını oxutdurub yormağa,

Dağlar, sizə baş əyməyə gəlmişəm.

 – Yuxularınızda daha çox kimi, haraları görürsünüz?

– Açığını deyim ki, bu günlə bağlı təsadüfi halda yuxu görürəm. Yuxularım əsasən uşaqlıq illərimlə bağlı olur. Nənəmi, babamı, qardaşlarımı görürəm. Anamın bizi harasa aparmasını görürəm. Uşaqlığım keçən yerlərə qayıdanda ürəyim rahat olur…

Söhbətləşdi: Səməd Məlikzadə

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here