Koronavirusa yoluxanların sayı 28 milyon nəfəri ötüb

0
56

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 28 milyon nəfəri, sağalanların sayı isə 20 milyon nəfəri ötüb.

azərtac pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, sentyabrın 9-da dünya üzrə 286 min 548 nəfər koronavirus infeksiyasına yoluxub, 6 min 227 nəfər isə həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 28 milyon 30 minə yaxın yoluxma və 908 mindən çox ölüm faktı qeydə alınıb. Eyni zamanda, 20 milyon 106 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 15 min 799 xəstədən 60 min 633-nün vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 549 min 475 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Hindistan tutur – 4 milyon 465 min 863 nəfər. Braziliyada 4 milyon 199 min, Rusiyada 1 milyon 41 min, Peruda 702,8 min, Kolumbiyada 686,8 min nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 195 min 239 nəfər. İlk beşliyə daxil olan Braziliyada 128 min 653, Hindistanda 75 min 91, Meksikada 69 min 95, Birləşmiş Krallıqda isə 41 min 594 nəfər infeksiya səbəbindən həyatını itirib.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.