Ermənistanın təxribatlarının sonu görünmür

0
99

Düşmən təxribatlarının səngiməməsi Azərbaycanı öz imkanları daxilində beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edərək ərazilərini işğalçılardan azad etməyə vadar edəcək

Xəbər verildiyi kimi, iyulun ortalarında Ermənistan-Azərbaycan dövlət sərhədində işğalçı ölkənin təxribatı nəticəsində döyüşlər baş vermişdir. Atışma bir neçə gün davam etmiş və çox sayda insan tələfatı ilə nəticələnmişdir. Amma gərginlik hələ də davam edir. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, təkcə bir faktı qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq normaları pozaraq cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə bu ayın 9 günündə atəşkəs rejimini 425 dəfə pozub. Ermənistanın atəşkəs rejimini mütəmadi pozması işğalçı ölkənin təxribat planlarının aktual olduğunu göstərir.

Ermənistanın təxribatları sərhəddə və təmas xəttində atəşkəs rejimini mütəmadi pozmaqla bitmir. Belə ki, iki il bundan öncə hakimiyyəti vədlərlə ələ keçirən  və baş nazir səviyyəsinə yüksələn, amma ölkədə iqtisadiyyatın bərpası üçün hələ də konkret proqram ortaya qoymayan, sadəcə öz si­yasi rəqiblərini aradan götürməklə məşğul olan Nikol Paşinyanın Dağlıq Qarabağa səfərlərinin intensiv xarakter alması, işğal edilmiş ərazilərdə yaradılan separatçı rejimin danışıqlar prosesində tərəf olmasını davamlı şəkildə gündəmə gətirməsi, Azərbaycana məxsus olan torpaqlarda tikinti işləri  aparması, eləcə də qondarma “respublika”nın prezidenti Araik Arutyunyanla görüşərək hərbi əməkdaşlığı müzakirə etməsi, könüllü hərbi dəstələr yaratması, üstəlik, bir zamanlar “sülh göyərçini” rolunu oynamağa çalışan həyat yoldaşı Anna Akopyanı bir “döyüşçü” kimi qoşunların təmas xəttinə göndərməsi təxribatların  digər  halqalarıdır. Bütün bunlar azmış kimi Nikol Paşinyanın göstərişi ilə Ermənistanın müdafiə naziri D. Tonoyan “yeni ərazilər üçün yeni müharibə” doktrinası, qondarma rejimin başçısı Araik Arutyunyanın isə Gəncənin vurulması iddiası  ilə çıxışlar edirlər.

Digər tərəfdən, ictimai-siyasi vəziyyəti gündən-günə pisləşən Ermənistan beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın işğal edilmiş ərazilərində erməni mənşəli Livan vətəndaşlarını məqsədli şəkildə yerləşdirməklə məşğuldur. İşğalçı ölkə bu yolla Dağlıq Qarabağda yaşayan ermənilərin sayını süni şəkildə artırır. Qeyd edək ki, bundan əvvəl xaricdə yaşayan ermənilərin, xüsusən də Suriya ermənilərinin Dağlıq Qarabağda məskunlaşdırılması prosesini həyata keçirib. Amma nə qədər qəribə görünsə də işğalçı ölkə beynəlxalq aləmdə bütün təxribatlarına, işğalçı əməllərinə özünəməxsus şəkildə don geyindirməyə, yəni haqlı olduğunu sübut etməyə çalışır. Elə bu amili də Ermənistanın Azərbaycana qarşı təxribatı kimi dəyərləndirmək olar.

Bu yerdə bir məsələni də vurğulamaq istərdik. Xəbər verildiyi kimi, Ermənistan Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi Azad Suriya Ordusuna qarşı döyüşmək üçün  450 hərbçi göndərib. Əslində isə məsələ başqa cürdür. Belə ki, işğalçı ölkənin bu addımı həmin hərbçilərin Suriyadakı ASALA terror təşkilatının təcrübəli hərbçilərinin təlimlərinə qoşmağa və qazandıqları təcrübədən gələcəkdə Dağlıq Qarabağda istifadə etməyə hesablanmış növbəti təxribatdan başqa bir şey deyildir.

Bütün bunlar bir daha sübut edir ki, Ermənistanın istər diplomatik, istərsə də hərbi müstəvidə təxribatı bitib-tükənmək bilmir. Doğrudur, ekspertlər ölkədəki ictimai-siyasi vəziyyətə nəzarət edə bilməyən, korona­virus pandemiyasının fəsadlarını aradan qaldırmaqda çətinliklərlə üzləşən Nikol Paşinyanın  bu addımlarının Ermənistan sakinlərinin diqqətini daxili si­yasi və iqtisadi vəziyyətdən ya­yındırmağa hesablandığını bildirirlər. Amma görünən budur ki, işğalçı ölkənin bütün təxribatları beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı hörmətsizlik və sayğısızlıqdır. Bütün bu sadaladıqlarımızdan bir daha belə qənaətə gəlmək olar ki, beynəlxalq normalara məhəl qoymayan işğalçı ölkə hər vəchlə vəziyyəti yenidən gərginləşdirməkdə, bununla da Cənubi Qafqazda sülhün bərqərar olacağını tamamilə şübhə altına almaqda maraqlıdır. Yeri gəlmişkən qeyd edək ki, sentyabrın 8-də AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin video-konfrans formatında keçirilən iclasında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təcavüzkar siyasətini və cinayətkar fəaliyyətini hələ də davam etdirdiyini bir daha qeyd edib. Bu məsələdə beynəlxalq qurumlar, o cümlədən aparıcı dövlətlər fəal olmalı, açıq-aşkar işğalçı siyasət yürütdüyünə görə təcavüzkar Ermənistana qarşı təzyiqləri artırmalı, bir sözlə, işğalçı ölkə beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Əks halda, düşmən təxribatlarının səngiməməsi, daha da şiddətlənməsi Azərbaycanı öz imkanları daxilində beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edərək ərazilərini işğalçılardan azad etməyə vadar edəcək. Çünki riyakar, faşizm ideologiyasına xidmət edən Ermənistan Azərbaycana bundan başqa seçim yolu qoymur. Şübhəsiz, bu mübarizədə qalib tərəf haqq-ədalət, yəni Azərbaycan olacaq. Buna işğalçı ölkənin, həmçinin Ermənistanın havadarlarının da şübhəsi olmasın.

Qvami Məhəbbətoğlu“İki sahil”