Ordu xalqa, xalq da orduya güvənəndə…

0
186

Son illər ölkəmiz hərbi potensialını xeyli artırıb. Belə ki, ordumuz ən müasir silah-sursat, texnika, avadanlıqlarla təchiz edilib. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Şübhəsiz, ordumuzun son illər Ermənistan ordusunun təxribatlarına tutarlı cavablar verməsinin təməlində bu amillər dayanır. Əsgər və zabitlərimizin hər cür qayğı ilə əhatə olunması, həmçinin xalqımızın ordumuzu dəstəkləməsi də bu prosesdə mühüm rol oynayır. Bu mənada xalqımız dövlət başçısının ordu quruculuğu sahəsindəki fəaliyyətini yüksək dəyərləndirir.

Yeri gəlmişkən qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” mövzusunda keçirdiyi sosioloji sorğu əsasında hazırladığı növbəti analitik hesabatda  Prezident İlham Əliyevin cari ilin ikinci rübündəki fəaliyyətinin ictimai qiymətləndirilməsinə dair təhlil yer alıb. Burada Prezident  İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən biri olan ordu quruculuğuna da toxunulub. STM-nin keçirdiyi sor­ğunun nəticələrindən aydın görünür ki, əhali ordu quruculuğu istiqamətində dövlət başçısının fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir. Yəni, rəyi soruşulanların 70,7 faizi, yəni mütləq çoxluğu dövlətimizin başçısının ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu bildirib.

II qrup Qarabağ qazisi, ehtyatda olan baş leytenant Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil”ə verdiyi açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən birini ordu quruculuğu təşkil edir: “Şübhəsiz, silahlı qüvvələrimizə xüsusi diqqətin ayrılması hər şeydən öncə ölkəmizin müharibə şəraitində olması ilə əlaqədardır. Bu mənada bu addımlar günün tələbidir. Bəli, inkarolunmaz faktdır ki, son illər ordumuz  gücünü, qüdrətini birə beş artırıb. Cari ilin iyulun 12-16-da baş vermiş Tovuz döyüşlərində Azərbaycan Ordusu öz peşəkarlığı ilə düşmənə sarsı­dıcı zərbələr endirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu bir daha göstərdi. Hətta mən deyərdim ki, dünyanın 50 ən qüvvətli ordusu sırasında yer alan ordumuz azğın düşmənə, hələ də faşist simasını dəyişməyən Ermənistana  2016-cı ilin aprelində və 2018-ci ilin mayında, əgər belə demək mümkünsə, verdiyi dərsləri bir daha yadına saldı. Bununla da Azərbaycanın heç vaxt erməni işğalı ilə barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracağını nümayiş etdirdi. Həm də Azərbaycan Ordusu bir daha göstərdi ki, problemlər məngənəsində boğulan, ölüm və korrupsiya mənbəyinə çevrilən, mənəvi-psixoloji durumu gündən-günə daha da ağırlaşan Ermənistan ordusu onun qarşısında acizdir. Onu da vurğulayım ki, hazırda Ermənistanda orduya inam da qalmayıb. İndi də Ermənistan ölkədə “hərbi könüllü dəstələrin” yaradılması barədə düşünür. Bu onu göstərir ki, faktiki olaraq işğalçı ölkədə müdafiəni təşkil edəcək insan resursları yoxdur.  Bu mənada mən deyərdim ki, işğalçı ölkə saman çöpündən yapışmaqla özünə gün ağlamaq istəyir. Şübhəsiz, bu “könüllü xalq qoşunları” yaratmaq ehtiyacı qarşı tərəfə layiqli cavab verməyimiz səbəbindən qaynaqlanır.”

Müsahibimiz daha sonra dedi: “Yeri gəlmişkən onu da bildirim ki, həm ordumuzun gücünü, həm də xalqımızın Azərbaycan Ordusuna olan sevgisini və inamını göstərən Tovuz döyüşlərindən söz açan Prezident İlham Əliyev demişdir: “Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq.” Burada bir məqama da toxunmaq istəyirəm. Aprel döyüşlərində Raqub Orucov, Murad Mirzəyev, Samid İmanov, Vuqar Yusifov, Mühid Orucov kimi qəhrəman komandirlərimiz bizlərə “İrəli” yox, “Ardımca” əmrini verirdilər, Tovuz hadisələri zamanı isə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər zabitlərimiz onlar kimi hərəkət etdilər. Bu, bir daha onu göstərdi ki Azərbaycan Ordusunun generalından tutmuş sıravi  əsgərinə kimi hər biri müsəlləh əsgərdir, Azərbaycanın ərazi bütövlüyünün müdafiəçisidir.”

“Bu gün ordumuz xalqımızın, xalqımız da ordumuzun dayağıdır” sözləri ilə söhbətini davam etdirən müsahibimiz vurğuladı ki, əminliklə demək olar ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi, xalqımızın iftixar yeridir: “Təkcə bir faktı xatırladım ki, Tovuz hadisələri zamanı minlərlə könüllü vətənpərvər gənc müharibəyə getmək üçün səfərbərlik bölmələrinə, hətta ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət ünvanladı. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasəti xalqımız qətiyyətlə müdafiə edir və bu müqəddəs işdə onun yanındadır. Bu həm də onu göstərir ki, hazırda ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyi özünün ən yüksək mərhələsindədir. Elə ordumuzun hər dəfə zəfər əldə etməsi də bu birliyin nəticəsidir. Zənnimcə, bu, hər şeydən əvvəl, Ali Baş Komandanımıza olan inamın təzahürüdür. Cəsarətlə demək olar ki, dövlətimizin bu haqq savaşında atdığı bütün addımlara dəstək olan ordumuzun və xalqımızın birliyi nəticəsində ölkəmiz qarşılaşdığı bu  bəladan tezliklə xilas olacaq. Yəni, xalqdan güc olan ordumuz çox yaxın tarixdə Qələbə sevincini xalqımıza yaşadacaq. Bu mənada deyə bilərəm ki, Azərbaycan Ordusunun sayəsində xalqımızı xoş müjdələr gözləyir. Biz qazilər də bu şərəfli yolda Azərbaycan əsgərinin, zabitinin yanındayıq.”

Qvami Məhəbbətoğlu“İki sahil”