Kredit alanların sayı sürətlə artır

0
434

Ölkədə fəaliyyət göstərən 44 kommersiya bankından 38-sı yanvar-oktyabr aylarını mənfəətlə, 6-ı isə ziyanla başa vurub. Bu barədə Mərkəzi Bankdan məlumat verilib. Qeyd edək ki, ötən ilin analoji dövründə mənfəətlə işləyən bankların sayı 38, zərərlə işləyən bankların sayı isə 5 olub. Cari ilin 10 ayı ərzində bankların mənfəəti 393,63 milyon manat, zərəri isə 32,26 milyon manat olub. Bununla bağlı, bank fəaliyyətində ümumi mənfəət 361,37 milyon manat təşkil edib. Statistikaya əsasən, 38 bankın hər birinin qazancı orta hesabla 10,36 milyon manat olduğu halda, qalan 6 bank orta hesabla 5,38 milyon manat itki ilə üzləşib. Ötən ilin eyni dövrü ilə müqayisədə, 1 banka düşən orta mənfəət isə 2,48 milyon manat, 1 bank üzrə orta ziyan isə 2,67 milyon manat artıb.

 Son bir il ərzində banklardan borcalanların sayı 20,3% artıb

2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2014-cü ilin eyni dövründə cəmi borcalanların sayı 20,3%, başqa sözlə, 382 min 16 nəfər artaraq bu ilin noyabr ayının 1-nə 2 milyon 261 min 973 nəfər təşkil edib. Bunun 10 min 679 nəfəri hüquqi, 2 milyon 231 min 569-u fiziki şəxs, 19 min 725 nəfəri sahibkarlıq subyektidir. Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2013-cü ilin oktyabr ayından indiyədək daha 377 min 833 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 826 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 3 min 357 nəfərlik artım olub. Təkcə sentyabr ayı ilə müqayisədə oktyabrda bankdan kredit götürən fiziki şəxslərin sayında 28 min 215, sahibkarlıq subyektlərinin sayında 448, hüquqi şəxslərin sayında isə 54 nəfərlik artım olub.

 Kredit məlumatlarının ümumi sayı 8,6 milyon təşkil edir

Bu ilin oktyabr ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 294 min 990 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 27,13% artıb. Bu sorğuların 285 min 802-si banklar tərəfindən daxil olub. 9 min 188 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib. Sentyabr ayı ilə müqayisədə oktyabrda ümumi müraciətlərin sayında azalma qeydə alınıb. Belə ki, oktyabrda MKR-ə daxil olan sorğuların sayı sentyabrdakı göstəricidən 17 min 29 müraciət azdır. Bu ilin 10 ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə oktyabr ayında reyestrə daxil olan sorğular 5,1 dəfə çoxalıb. Məsələn, yanvar ayında 1799, fevralda 3 min 452, martda 4 min 228, apreldə 5 min 589, mayda 4 min 73, iyunda 4 min 86 nəfər, iyulda 9 min 205, avqustda 6 min 487, sentyabrda 8 mim 580 nəfər kredit tarixcəsini öyrənmək istəyib, oktyabrda bu göstərici 9 min 188-ə yüksəlib. Başqa sözlə, sentyabr ayı ilə müqayisədə oktyabrda fiziki şəxslərin sorğularının sayı 1,1 dəfə artıb. Oktyabr ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 milyon 261 min 973, kredit məlumatlarının ümumi sayı isə 8 milyon 593 min 218 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 milyon 64 min 867-dir.

 Son 10 ayda problemli kreditlər 160,2 milyon manat artıb

Cari ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin (problemli kreditlər) məbləği 943,4 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% və yaxud 160,2 milyon manat çoxdur. Ötən ayla müqayisədə isə problemli kreditlərin məbləği 30,2 milyon manat və yaxud 3,1% azalıb. Ötən illə müqayisədə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,2%-dən 5,3%-ə qalxıb. İlin əvvəli ilə müqayisədə isə problemli kreditlər 19% və yaxud 150,6 milyon manat artıb. 2013-cü ilin yekunlarına görə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,1% olub.

 Fiziki şəxslərin banklardakı əmanətləri çoxalıb

Yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 7 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1%, ilin əvvəkinə nisbətən 9,5%, ötən ayla müqayisədə isə 0,7% çoxdur. Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, əhalinin banklardakı əmanətləri əvvəlki ayla müqayisədə 33 milyon manat azalmışdı və 6 milyard 960 milyon manat təşkil etmişdi.

 Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatları 8,8 milyon ABŞ dolları azalıb. Noyabrın 1-nə ehtiyatların məbləği 15 milyard 33,6 milyon dollar təşkil edib. Sentyabrın yekununa isə bu rəqəm 15 milyard 42,4 milyon dollar olub. Mərkəzi Bankın valyuta ehtiyatları artıq 4-cü aydır ki, azalma tendensiyası nümayiş etdirir. Belə ki, iyul ayından başlayaraq ehtiyat 1% və ya 159,8 milyon dollar azalıb. Ancaq buna baxmayaraq 2014-cü ilin 10 ayı ərzində valyuta ehtiyatları 6,2% və ya 881,6 milyon dollar artaraq 14 miyard 152  milyon dollardan 15 milyard 33,6 milyon dollara qədər yüksəlib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here