Qardaşlığın nikbin notları

0
325

Ermənistanın yürütdüyü faşist ideologiyası, ölkəmizə qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünyanın gözü qarşısında baş verir. Lakin beynəlxalq qurumlar, həmçinin bəzi dövlətlər bu məsələlərə hələ də ikili standartlardan yanaşırlar. Bununla da işğalçı ölkəyə dəstək  nümayiş etdirirlər. Amma Türkiyə həmişə bu məsələlərdə öz ədalətli  mövqeyini ortaya qoyur, Ermənistanın təcavüzkar siyasətini ifşa edir, eləcə də Dağlıq Qarabağ haqqında həqiqətləri daha dolğun və obyektiv şəkildə  dünya ictimaiyyətinə çatdırır, üstəlik, Ermənistanı işğalçı ölkə kimi tanıyır. Məsələn, bu günlərdə Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində növbəti erməni təxribatı nəticəsində yaranan gərginlik zamanı ilk etiraz səsini ucaldan, Azərbaycanı birmənalı dəstəkləyən, bir daha ölkəmizin yanında olduğunu və olacağını bildirən məhz qardaş Türkiyə oldu. Dünya bununla daha bir mesaj aldı ki, Türkiyə–Azərbaycan  vəhdəti sözdə deyil, əməldədir.

Azərbaycan da qardaş ölkədən öz köməyini əsirgəmir, həmişə onun ədalətli mövqeyini dəstəkləyir. Dövlətimizin başçısı İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən söylədiyi fikirlər də bunu bir daha sübut edir. Belə ki, həmin görüşdə Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdən söz açan Prezident İlham Əliyev qardaş ölkənin ədalətli mövqeyini birmənalı dəstəklədiyini  bildirdi. Prezident İlham Əliyev əlavə etdi ki, beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını qoruyan Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, həm də bizim üçün qardaş ölkədir: “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük… Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.” Bununla da Prezident İlham Əliyev də Türkiyə ilə “Bir millət – iki dövlət” olduğumuzu bir daha bütün dünyaya bildirdi, qardaş ölkənin gücünə güc əlavə etdi, qüvvəsinə qüvvə qatdı, həm də beynəlxalq aləmdə verdiyi qərarların arxasında tam məsuliyyəti ilə dayanan bir ölkə olduğunu göstərdi. Prezident bu fikirləri ilə həm də Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olan  Azərbaycanın siyasi dəst-xəttini, dövlətçilik simasını, həmişə haqqın-ədalətin tərəfdarı olduğunu nümayiş etdirdi.

Yeri gəlmişkən qeyd edək ki, müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsi  xarici siyasətimizin mühüm tərkib hissəsidir.

Xatırladaq ki, indiyədək Prezident İlham Əliyev müxtəlif məsələlərdə Türkiyənin ədalətli mövqeyini dəfələrlə dəstəkləyib. Məsələn, dövlətimizin başçısı 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək demişdi: “Ermənistan Prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Məlumat üçün bildirək ki, Ermənistan Xarici İşlər Nazirliyi Şərqi Aralıq dənizi ilə bağlı açıqlama verərək Türkiyəyə qarşı ittihamlarla çıxış edib. Halbuki siyasətçilərin fikrincə, əslində Ermənistan Şərqi Aralıq dənizindəki vəziyyəti tam anlamır və “cəfakeşliyinin” yeganə səbəbi məsələnin Türkiyəyə aid olmasıdır. Digər tərəfdən, Ermənistan, Yunanıstan və Kipr hərbi əməkdaşlığı mövcuddur. Əməkdaşlığın bu üçtərəfli formatı da Azərbaycanı narahat edir.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri Nərgiz Eyvazova mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, cənab Prezident İlham Əliyevin dövlətimizin Türkiyənin yanında olmasını növbəti dəfə birmənalı şəkildə bəyan etməsi həm tarixi-mədəni, milli köklərimizlə, həm də qardaş ölkəyə qarşı aparılan  çirkin kampaniya  ilə bağlıdır: “Unutmayaq ki, bəzi beynəlxalq qurumlar, dövlətlər Türkiyə ilə bağlı məsələlərdə eynən bizə qarşı olduğu kimi ikili standartlardan çıxış edirlər. Yəni, söz Türkiyədən düşəndə haqq-ədaləti, eləcə də  beynəlxalq hüquq prinsiplərini riyakarcasına pozurlar. Belə məqamlarda biz də iştirak etdiyimiz beynəlxalq tədbirlərdə Türkiyənin ədalətli mövqeyini dəstəkləyir və onun hüquqlarının müdafiəçisi kimi çıxış edirik. Yeri gəlmişkən onu da vurğulayım ki, son dönəmlər artıq dünyanın bəzi jurnalistləri də Ermənistanın faşist xislətini ifşa etməkdədirlər”.

Müsahibimizin fikrincə, dövlətimizin başçısı İlham Əliyevin  Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyə ilə bağlı söylədiyi fikirləri həm də dünyaya mesaj kimi dəyərləndirmək olar: “Əminlikə deyə bilərəm ki, bu çıxışı ilə Prezident İlham Əliyev həm də haqqı, ədaləti tapdalayanlara yaxşı dərs verdi. Həm də açıq-aydın bildirdi ki, Azərbaycan həmişə haqqın, ədalətin carçısı olub və olmaqda davam edəcək.”

Qvami Məhəbbətoğlu“İki sahil”