Ölkəmizin artan nüfuzunun əyani təzahürləri

0
338

BMT Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinin əməkdaşlığı məsələsinə dair xüsusi sessiyanın keçirilməsi təşəbbüsünə görə Azərbaycana təşəkkürünü və minnətdarlığını bildirib. Belə ki, o, bu günlərdə həmin sessiyanın təşkilinə həsr olunmuş məsləhətləşmələr zamanı bildirib ki, Baş Assambleyada pandemiya məsələsinə dair xüsusi sessiya keçirilməsi təklifi bu təhlükəyə qarşı mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi üçün etibarlı təməldir. O, həmçinin belə bir sessiyanın keçirilməsi ilə bağlı təşəbbüsü çox ehtiyac duyulan bəşəri təşəbbüs kimi dəyərləndirib. Onun fikrincə, xüsusi sessiya dünya liderlərinin pandemiyaya reaksiyası ilə bağlı həyata keçirdikləri tədbirlərin nəticələrinə daha çox diqqət yetirmələrini təmin edəcək: “İnanıram ki, xüsusi sessiya daha çox sayda dünya liderlərinin pandemiyaya nəticəyönümlü reaksiya verməsinə şərait yaradacaq.”

Şübhəsiz, insanların həyatının dəhşətli xəstəlik təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda dünya dövlətləri tərəfindən təqdir olunan belə bir təşəbbüsü BMT Baş Assambleyasının sədrinin dəstəkləməsi təqdirəlayiqdir. Siyasətçilərin fikrincə,  bu təşəbbüs koronavirus pandemiyasına qarşı mübarizədə dövlətlərin həmrəyliyinin möhkəmlənməsinə, beynəlxalq səylərin səfərbər edilməsinə töhfə verəcək, qlobal təhdidə cavab axtarışı üzrə beynəlxalq əməkdaşlığı gücləndirəcək. Həmin təşəbbüsün dəstəklənməsini həm  belə bir qurumun ölkəmizə olan inamı, etibarı, həm də Prezident İlham Əliyevin timsalında  beynəlxalq münasibətlər sistemində ölkəmizin yüksələn reputasiyasının göstəricisi kimi dəyərləndirmək olar. Zənnimizcə, burada bir məsələni də xüsusi qeyd etmək yerinə düşərdi. Belə ki, dünya miqyasında nüfuzlu, söz sahibi olan dövlətə çevrilən rəsmi Bakı artıq dünyanı narahat edən başlıca problemlərin həllində hərəkətverici mərkəz rolunda çıxış edir.

Şübhəsiz, bu təşəbbüs həm də bu günə kimi koronavirus pandemiyasına qarşı mübarizədə o qədər də yeri görünməyən BMT-yə əlavə dividend qazandıracaq. Halbuki belə bir qurumda dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarının müzakirə edilməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat vardır. Xatırladaq ki, belə bir sessiyanın keçirilməsinin təşəbbüskarı Prezident  İlham Əliyev olmuşdu. Belə ki, dövlətimizin başçısı bu təklifi Qoşulmama Hərəkatının Zirvə görüşü zamanı irəli sürmüşdü. Zirvə görüşündən sonra Azərbaycan Prezidentinin təşəbbüsü üzv ölkələr arasında razılaşdırılmış və bundan sonra cənab İlham Əliyev onların adından BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etmişdi. İyulun 8-də isə Antonio Quterreş bu təşəbbüsü bəyəndiyini və təqdir etdiyini bildirmişdi.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev yaxşı bilir ki, hazırda koronavirus pandemiyasına qarşı mübarizədə ayrı-ayrı dövlətlər səviyyəsində görülən tədbirlər yetərli deyil. Yəni, indiki çətin şəraitdə ölkələrin bir-birlərindən təcrid olunmaları, özlərinə qapanmaları vəziyyəti daha da ağırlaşdırır. Odur ki, dünya müharibəsi ilə müqayisə olunan COVID-19-la  mübarizədə beynəlxalq səviyyədə əlaqələndirilmiş fəaliyyət qurulmalı, həmrəylik gücləndirilməli və səylər birləşdirilməlidir. Bir sözlə, qlobal təhdidlər yaradan bu bəlaya qarşı birgə mübarizə aparılmalıdır. Bu isə o deməkdir ki, Azərbaycan koronavirus pandemiyasına qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri həyata keçirdiyi kimi, beynəlxalq miqyasda da özünü çox məsuliyyətli dövlət kimi aparır, qlobal həmrəyliyin möhkəmlənməsinə dəstək nümayiş etdirir.

Məlumat üçün bildirək ki, koronavirus pandemiyası ilə bağlı cari ilin aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfranslar vasitəsilə Zirvə görüşləri keçirilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş hər iki görüş beynəlxalq miqyasda da geniş əks-səda doğurmuşdur. Şübhəsiz, Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizədə ölkələrin əməkdaşlığı məsələsinə dair xüsusi sessiyanın keçirilməsi təşəbbüsü də bu bəlanın fəsadlarının aradan qaldırılmasında önəmli bir addım kimi dünya tarixinə düşəcək. Üstəlik, Azərbaycanın bəşəri problemlərin həllində çevik davranan önəmli ölkə olduğu bir daha dünya miqyasında özünü təsdiqləyəcək.

Bəzi mənbələrə istinadən onu da qeyd edək ki, 1945-ci ildə yaradılmış BMT tarixində  indiyədək 31 xüsusi sessiya keçirilmişdir. Bunlardan yalnız üçü bu və ya digər dövlətin təşəbbüsü ilə təşkil edilmişdir.

Qvami Məhəbbətoğlu“İki sahil”