Qarabağda süni məskunlaşdırma: Məqsəd azərbaycanlıların doğma torpaqlarına dönmələrinin qarşısını almaqdır

0
411

Ermənistanda hakimiyyət dəyişsə də bu dövlətin işğalçı, terrorçu mahiyyəti əsla  dəyişməyib. Əksinə daha da güclənib. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə əlaqədar konkret planların müzakirə olunduğu vaxtlarda işğalçı ölkə bir qayda olaraq ya hərbi, ya da siyasi təxribatlara əl atır. İndi də Ermənistan beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın işğal edilmiş ərazilərində erməni mənşəli Livan vətəndaşlarını məqsədli şəkildə yerləşdirilməklə məşğuldur.  Məlumatlara görə, artıq Livandan iki ailə Dağlıq Qarabağda yerləşdirilib və bu prosesin davamlı olacağı bildirilir. İşğalçı ölkə bu yolla, Dağlıq Qarabağda yaşayan ermənilərin sayını artırmaqla Livanın paytaxtı Beyrutda baş vermiş dəhşətli partlayışdan maksimum yararlanmaq niyyətindədir. Belə ki, ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Dağlıq Qarabağa gəlməsi istisna olunmur. Bu isə o deməkdir ki, Ermənistanın Livan vətəndaşlarını işğal etdikləri ərazilərdə yerləşdirməkdə əsas məqsədi sonradan onların əllərinə silah verib öz çirkin niyyətləri üçün istifadə etməkdir.  Bununla bağlı kifayət qədər fakt da var. Qeyd edək ki, bundan əvvəl xaricdə yaşayan ermənilərin, xüsusən də Suriya ermənilərinin Dağlıq Qarabağda məskunlaşdırılması prosesi baş verib. Onlar Dağlıq Qarabağda Azərbaycan ordusuna qarşı aparılan müharibələrin iştirakçıları olublar.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Ukraynadakı “Doktrina” siyasi araşdırmalar mərkəzinin rəhbəri, politoloq Yaroslav Bojko bildirib ki, Dağlıq Qarabağda yürüdülən köçürmə siyasəti həm də tarixin saxtalaşdırılmasına yönədilmiş addımdır.

Politoloq Fikrət Sadıqov isə mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında söylədi ki, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır: “Bununla da Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olacağını tamamilə şübhə altına alır”.

Politoloq bu addımı işğalçı ölkənin faşist ideologiyasının təzahürü kimi dəyərləndirdi: “Burada bir məsələni də xüsusi vurğulamaq istərdim. Dünya miqyasında ən böyük təhdidlərdən biri bu gün faşizmin yenidən təşəkkül tapmasıdır. Bu prosesdə Ermənistan daha çox fəallıq göstərir.  Hətta mən deyərdim ki, neofaşizm hazırda Ermənistanda yeni intibah mərhələsini yaşayır. Elə işğalçı ölkədə Böyük Vətən müharibəsi illərində  faşistlərə xidmət etmiş ermənilərin qəhrəman kimi təqdim olunmaları bunun bariz nümunəsidir. Özgə torpaqlarına xarici ölkə vətəndaşlarının məskunlaşdırılması da elə faşizm ideologiyasının məhsuludur. Bu mənada faşismə ehtiram göstərmək Ermənistanın ictimai-siyasi həyatında heç də yeni bir hal deyil. Əslində Yaxın Şərqdə baş verən faciələrdən öz avantüraları üçün məharətlə istifadə etməyə çalışan Ermənistanın məqsədi sadəcə özünü dünyaya “qayğıkeş”, “humanist” bir ölkə kimi təqdim etməkdir. Bir sözlə, növbəti şou göstərməkdir. Digər tərəfdən, hamı yaxşı bilir ki, hazırda işğal olunmuş Dağlıq Qarabağda, eləcə də ətraf rayonlarda əhalinin yaşaması üçün heç bir şərait yoxdur. Nə qədər ki, Ermənistan öz iddialarından əl çəkməyib orada  heç bir yaxşı həyatdan söhbət gedə bilməz. Bu isə o deməkdir ki, Ermənistan erməni mənşəli Livan vətəndaşlarını aldatmaqla məşğuldur. Bir də məskunlaşmaya razı olan Livan erməniləri də məsuliyyətlərini dərk etməlidirlər. Sabah onların məskunlaşacağı Azərbaycanın işğal altındakı ərazilərində ölkəmizin ordusu beynəlxalq hüquq normaları çərçivəsində antiterror əməliyyatları keçirə bilər. Görünür, bununla Ermənistan beynəlxalq rəyi Azərbaycanın əleyhinə yönəldəcəyinə və təmizləmə əməliyyatına müəyyən qədər maneçilik törədəcəyinə ümid edir. Halbuki Ermənistan da yaxşı bilir ki, Azərbaycan xalqının iradəsi və tələbi, ordumuzun artan gücü, Ali Baş Komandanın qətiyyətli sayəsində işğal altında olan ərazilərimizi azad etməkdə fikrimiz qətidir. Yəni, Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonlarının azərbaycanlı sakinlərinin öz evlərinə geri qayıtmaq hüququnu təmin edəcəkdir. Bu mənada işğalçı ölkənin bu qanunsuz fəaliyyəti Dağlıq Qarabağ və ətraf rayonların işğalının davam etdirilməsi, ərazilərimizin ilhaqı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmalarının qarşısının alınmasına yönəldilən aksiyadır.”

Politoloq fikrini bu sözlərlə tamamladı: ”Amma təəssüf ki, Dağlıq Qarabağ problemi ilə bağlı ikili standartlardan çıxış edən bəzi beynəlxalq qurumlar, o cümlədən münaqişənin həllində yaxından iştirak edən ATƏT-in Minsk qrupu işğal edilmiş torpaqlarda aparılan süni köç fəaliyyətləri ilə bağlı hələ də susurlar. Yeri gəlmişkən onu da qeyd edim ki, 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma faktını aşkarlamış və hesabatlarında bunları açıq şəkildə qeyd etmişdir.  Bu isə o deməkdir ki,  həmsədrlərin Ermənistanın bu qanunsuz fəaliyyətinə münasibət bildirmələri üçün kifayət qədər əsaslar vardır.”

Fikrimizcə, bu yerdə Misirin Həlvan Universitetinin professoru, politoloq Adil Dərvişin AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi müsahibəsindəki bu sözləri də xatırlatmaq yerinə düşərdi: “Bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinin zəbt edilməsi və təcavüzkar ölkənin işğal olunmuş torpaqlarda möhkəmlənmək üçün qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməsi heç bir halda qəbul oluna bilməz. Beynəlxalq ictimaiyyət bunu qətiyyətlə pisləməli və onun qarşısını almalıdır.”

Qvami Məhəbbətoğlu“İki sahil”