Misirli politoloq: Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz məskunlaşdırma siyasətinin aparılması yolverilməzdir

0
464

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində mənfur məqsədlər üçün qanunsuz məskunlaşdırma siyasətinin aparılması yolverilməzdir.

Bunu azərtac-ın xüsusi müxbirinə müsahibəsində Misirin Həlvan Universitetinin professoru, politoloq Adil Dərviş söyləyib.

Ermənistanın Livan və Suriyadan, habelə Yaxın Şərqin digər ölkələrindən erməni əhalisini işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirməsi cəhdlərinin hamıya məlum olduğunu bildirən politoloq qeyd edib: “Dağlıq Qarabağ və ətraf ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüquq normalarına ziddir və bundan əvvəl də həyata keçirilib. İşğalçı ölkənin bu cür əməlləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının faktaraşdırıcı missiyalarının hesabatlarında da qeyd edilib. Eyni zamanda, Ermənistanın bu qanunsuz hərəkətləri 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun əlavə protokollarının da kobud şəkildə pozulmasıdır”.

Həlvan Universitetinin professoru ümidvar olduğunu bildirib ki, beynəlxalq təşkilatlar, o cümlədən daim Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını dəstəkləyən İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın bu qanunsuz əməllərinə lazımi qiymət verəcək. “Bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinin zəbt edilməsi və təcavüzkar ölkənin işğal olunmuş torpaqlarda möhkəmlənmək üçün qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməsi heç bir halda qəbul oluna bilməz. Beynəlxalq ictimaiyyət bunu qətiyyətlə pisləməli və onun qarşısını almalıdır”, -deyə politoloq vurğulayıb.