Azərbaycanda ilk dəfə şam tüstüsünün hisi ilə əsərlər yaradan rəssam

0
552

Qazax rayonunun Çaylı kəndinin 65 yaşlı sakini Nəcməddin Hüseynov qeyri-adi bacarığı ilə – Azərbaycanda ilk dəfə şam tüstüsünün hisi ilə əsərlər yaradan rəssam kimi tanınır. Hələ uşaq ikən müəlliminin verdiyi ev tapşırığı əvəzinə xalq qəhrəmanı Babəkin şəklini çəkən balaca Nəcməddinin bu sevgi və həvəsi onu rəssamlığa gətirib çıxarıb.

N.Hüseynov təhsilini Bakı şəhərində, Dövlət rəssamlıq məktəbində alıb. Burada müəllimlərdən sənətin sirlərini öyrənib.

Onun yaradıcılığının ən üstün cəhətlərindən biri müxtəlif janrlarda əsərlər yaratmaqdır. İkinci qrup əlil olan rəssam 3 mindən çox əsərin müəllifidir. “Tez–tez təbiət qoynuna çıxıram. Burada əsər yaratmaq daha yaxşıdır. Mənim bir sıra fərdi sərgilərim olub. Rayonda və Bakı şəhərində sərgilərim keçirilib. Əsasən yağlı boyalarla və qrafika ilə işləyirəm. Sürrealizm və modernizmin sintezini işləməyi xoşlayıram”, – deyə rəssam bildirib.

Rəssam əsərlərini yaradarkən maraqlı vasitədən də istifadə edir. O, boyalarla işləməyi xoşlasa da, yanar şamla da əsərlər yarada bilir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan N.Hüseynovun əsərləri bir sıra muzeylərdə və qalereyalarda olsa da, onun ən böyük arzusu rəsmlərinin xaricdə nümayiş etdirilməsidir. Demək olar ki, bütün janrlara müraciət edən rəssam karikaturalar da çəkir. azərtac