Yeni su anbarları aqrar sahənin inkişafına töhfə verəcək

0
766

Hazırda ölkəmizdə quraqlıq və su çatışmazlığının təsir etdiyi ən böyük sahələrdən biri kənd təsərrüfatıdır. Belə ki, hər il suvarmada yaranan çətinliklər ucbatından  tonlarla məhsul xarab olur, bağlar və əkin sahələri quruyaraq sıradan çıxır. Unutmayaq ki, əkin sahələrinin vaxtında və səmərəli suvarılması məhsuldarlığın artmasına şərait yaradan amillərdəndir. Yeri gəlmişkən qeyd edək ki, iyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirmişdir ki, mart-aprel aylarında havaların yağıntılı olması vəziyyəti qismən xilas etsə də, bir sıra, xüsusilə aran rayonlarında 100 min hektar ərazidə taxıl sahələrinə ziyan dəymişdir: “Suvarma problemi yaşanmayan digər rayonlarda məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli yüksək olsa da, quraqlıq keçmiş ərazilər səbəbindən bu il taxıl üzrə ümumi nəticə ötən ilə nisbətən 5,5 faiz az olmuşdur.” Bu isə o deməkdir ki, fermerləri, sahibkarları stimullaşdırmaq üçün çox böyük proqramlar icra edirlsə də,  suyun çatışmazlığı  aqrar sahəyə böyük ziyan vurur. 

Bu problemi aradan qaldırmaq məqsədi ilə respublikamızda  əməli tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Belə ki, ölkə başçısı  İlham Əliyevin 27 iyul 2020-ci il tarixdə im­zaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” hazırlanıb və təsdiq edilib. Bu sənəddə su itkilərinin qarşısını almaq üçün hidroqovşaq, kollektor, suvarma kanallarının yenidən qurulması, Xəzər dənizinin suyundan istifadə olunması ilə bağlı təkliflərin hazırlana­raq hökumətə göndərilməsi, subartezian və artezian quyularının qazılmasının davam etdirilməsi əksini tapıb. Sənəddə, həmçinin dağ çayları sularının yığılması üçün relyeflərə uyğun Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması da nəzərdə tutulub. Artıq sözügedən 10 su anbarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işləri həyata keçirilir.

Qeyd edək ki, onlardan 4-ü – Qudiyalçay, Vəlvələçay, Qaraçay və Qusarçay su anbarları ölkəmizin Quba rayonunun ərazisində inşa olunacaq. Mütəxəssislərin fikrincə, yeni yaradılan su anbarları quraqlıq və su çatışmazlığının kənd təsərrüfatına mənfi təsirinin qarşısını almaq baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, bu su anbarları tikildikdən sonra Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının ərazilərinə suvarma suyunun fasiləsiz verilməsi ilə torpaq sahələrinin suvarılması əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Yeri gəlmişkən qeyd edək ki, şimal bölgəsində inşa olunacaq bu su anbarlarından Samur-Abşeron kanalına su verilməklə “Taxtakörpü” və “Ceyranbatan” su anbarlarına suyun ötürülməsi də nəzərdə tutulur.

Qeyd edək ki, son illər yaradılan Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi su anbarlarının kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında rolu olduqca mühümdür. Regionların sosial-iqtisadi inkişafına dair proqramlarının icrası çərçivəsində həmin layihələr icra olunmasaydı, hazırda ölkənin su təsərrüfatında daha ciddi problemlərin yaşanması qaçılmaz olardı. Bu isə o deməkdir ki, su problemlərinin həlli çoxdan Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Onu da qeyd edək ki, ölkəmiz bu sahədə beynəlxalq maliyyə institutları ilə də əməkdaşlıq edir. Belə ki, Azərbaycanın Dünya Bankını və Asiya İnkişaf Bankını əməkdaşlığa dəvət etdiyi sahələrdən biri suvarma sistemlərinin yenidən qurulması ilə bağlıdır.

Ekspert Nicat Nəsirli və Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Fermerlər Şurasının üzvü  İldırım Məmmədov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamalarında bildiriblər ki, ümumiyyətlə, yeni tikiləcək su anbarları ölkəmizin yay aylarında su ehtiyatlarını artırılmasında mühüm rol oynayacaq. Üstəlik, həyata keçirilən digər tədbirlər nəticəsində ölkəmiz tezliklə özünün su təhlükəsizliyini də tam təmin edəcək. Bu həm də onu göstərir ki, Ermənistanın işğalçılıq siysətinin və koronavirus pandemiyasının vurduğu ağır zərbələrə baxmayaraq, dövlətimiz qarşıya çıxan maneələri, o cümlədən su qıtlığı problemini də həll etmək iqtidarındadır.

Qvami Məhəbbətoğlu“İki sahil”