Aqrar sektor: Pandemiyadan zərər çəkməyən sahə

0
1024

Ölkəmizdə koronavirus pandemiyası iqtisadiyyatımızın müxtəlif sahələrində müəyyən çətinliklər yaratsa da, aqrar sektorda ciddi problemlər özünü büruzə verməyib. Üstəlik, bu sahədə müəyyən irəliləyişlər baş verib. Şübhəsiz, bu,  Prezident İlham Əliyevin  dünyanın bir nömrəli bəlası olan pandemiya dövründə aqrar sektorun fəaliyyətinin mövcud çağırışlara uyğun qurmasından, kənd təsərrüfatı məhsullarının istehsalı üçün zəruri qabaqlayıcı tədbirləri həyata keçirməsindən qaynaqlanır. Belə ki, bu çətin günlərdə regionlarda mineral gübrə, pestisid, toxum təchizatı və satışı, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib, fermerlərə subsidiyalar ödənilib, girov tələb edilmədən mikrokreditlər verilməsinə başlanılıb. Təkcə bir faktı xatırladaq ki, artıq aprel ayından bu günə qədər 1000-dən artıq fermerə ümumilikdə 9,5 milyon manat mikrokredit verilib, 100-dən artıq şirkət vasitəsilə 2380 kənd təsərrüfatı texnikası fermerlərimizə satılıb. Bütün bunlar da öz bəhrəsini verməkdədir. Belə ki, 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 0,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb. Məlumata görə, cari ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə, 9,7 faiz çox kartof istehsal olunub. Diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 298,4 min ton, süd istehsalı 1,9 faiz artaraq 1242 min ton, yumurta istehsalı 7 faiz artaraq 1169,6 milyon ədəd və yun istehsalı 0,5 faiz artaraq 15 min ton olub.

Prezident İlham Əliyevin göstərişlərinə əsasən, pandemiya dövründə ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı da diqqətdən yayınmayıb. 2020-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderlik edir. Qeyri-neft sektorunda ölkəmizə valyuta gətirən əsas sahələrdən biri olan fındıq ixracında da ölkəmiz dünya bazarında öz yerini qoruyub saxlaya bilib. Yeri gəlmişkən qeyd edək ki, dövlətimizin başçısı iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edərkən demişdir ki, bu gün Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir. Bu, çox gəlirli, perspektivli bir sahədir. Odur ki, bu istiqamətdə işlər davam etdirilir. Məsələn, bu bilin birinci yarısında Balakən rayonunda 100 hektarda yeni meyvə bağları salınıb. Yeni salınan bağların 73 hektarına fındıq ağacları əkilib. 

Bu yerdə bir məsələni də xüsusi vurğulamaq istərdik. Dövlət başçımız koronavirus pandemiyası təhlükəsinə baxmayaraq, rayonlara tez-tez səfərlər edir, aqrar sahənin bugünkü problemləri ilə daha yaxından maraqlanır, onların operativ həlli üçün tapşırıqlar verir. Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyev ölkənin, o cümlədən kənd təsərrüfatının inkişaf və tərəqqisi üçün əlindən gələn hər şeyi edir. Buna daha bir misal.  İyulun 24-də Prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Sərəncam da imzalayıb. Sərəncama əsasən, kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 40 milyon manat ayrılıb.

Mütəxəssislərin fikrincə, sözügedən Sərəncam ilə ayrılan vəsait əsasən müasir suvarma sistemlərinin – avadanlıqlarının alınmasına yönəldiləcək. Bu da həyatın diktəsidir. Belə ki, dünyada iqlim dəyişiklikləri – havaların quraq keçməsi, yağıntıların miqdarının azalması problemlər yaradıb. Artıq ölkəmizdə də bu problem özünü büruzə verir. Belə ki, suvarma problemi yaşanmayan digər rayonlarda məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli yüksək olsa da, quraqlığa məruz qalmış ərazilər səbəbindən bu il taxıl üzrə ümumi nəticə ötən ilə nisbətən 5,5 faiz az olub. Odur ki, məhdud su resursları kontekstində suvarmanın səmərəliliyinin artırıl­ması üçün suvarma zəncirinin bütün mərhələlərində, o cümlədən birbaşa suvarma fazasında innovasiyaların tətbiqi artıq zərurətə çevrilib. Yeri gəlmişkən qeyd edək ki,  fermerlərin pivot, damlama, yağış yağdırma və tamburlu suvarma sistemlərinə marağı yüksəkdir. Suvarma sistemlərinin dövlət tərəfindən subsidiyalaşdırılan avadanlıqlar siyahısına daxil edilməsi isə bir daha onu göstərir ki, dövlətimiz  belə mexanizmlərin qurulmasına  ciddi yanaşır.

Qvami Məhəbbətoğlu, “İki sahil”