Modul tipli məktəblərin sayı artır

0
957

Bütün imkanlarını koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər edən dövlətimiz bu bəlanın ölkəmizdə yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atmaqla yanaşı, iqtisadi, sosial, mədəni inkişafla bağlı da bir sıra əsaslı proqramlar işləyib hazırlayıb həyata keçirir. Bu mənada respublikamızda təhsil sahəsi də diqqət mərkəzindədir. Bu da təbiidir. Çünki hər bir ölkənin gələcəyi təhsillə bilavasitə bağlıdır. İnsanların bütün həyat tərzinə, davranışına və fəaliyyətinə təsir etmiş koronavirus pandemiyasının fəsadlarına baxmayaraq, yeni məktəblərin tikintisi, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Məsələn, iyulun 29-da Prezident İlham Əliyev Qəbələ, Qobustan, Balakən rayonlarına və Şəki şəhərinə səfər etmişdi. Həmin səfərlərdən sonra dövlət başçısı Qəbələ rayonunun Zarağan, Qobustan rayonunun Təklə Mirzəbaba, Balakən rayonunun Yeni Şərif kəndlərində, eləcə də Şəki şəhərində ümumtəhsil məktəb binalarının tikintisi ilə bağlı sərəncamlar imzaladı. Yeri gəlmişkən, qeyd edək ki, ölkə başçısı bölgələrə səfərləri zamanı mütəmadi olaraq məktəblərin tikintisi, əsaslı təmirdən sonra binaların vəziyyəti ilə maraqlanır, tövsiyə və tapşırıqlarını verir.  Bütün bunlar regionlarda da təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan xəbər verir.

Üstəlik, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi davam etdirilir. Belə ki, dövlət başçısının 8 avqust 2020-ci il tarixli “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, 13 rayonda (Bərdə, Cəlilabad, Goranboy, İmişli, Leriki, Neftçala, Quba, Qusar, Samux, Şəki, Tovuz, Xaçmaz, Xızı) daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən, Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb. Qeyd edək ki, ölkə başçısı cari ilin may ayında 34 belə məktəbin quraşdırılması məqsədi ilə 10 milyon manat vəsait ayırmışdı.

Ümumilikdə,ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində 293 modul tipli məktəb quraşdırılıb. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb istifadəyə verilib. Cari ilin sonuna kimi 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək ki,  onların 60-ı modul tipli məktəblər olacaq. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdir ki, xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi  yaxın iki il ərzində başa çatmalıdır.

Bütün bunlar təhsil sahəsində mühüm məsələlərdir. Şübhəsiz, bu göstəricilər, eləcə də son 16 ildə Azərbaycan təhsilinin inkişafı ilə bağlı 20-dən çox Dövlət proqramının qəbul edilməsi, hər şeydən əvvəl, Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır.

Xatırlatmaq yerinə düşər ki, ölkə Prezidentinin təşəbbüsü ilə 2017-ci ildən etibarən modul tipli məktəb təcrübəsi tətbiq edilməyə başlanıb. Dünyanın bir sıra qabaqcıl ölkələrində də istifadə edilən modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, təhlükəsizliyi yüksək səviyyədə qoruması, sinif otaqlarının şagirdlərin sayına uyğun azaldılıb-artırıla bilməsindədir. Elə buna görə də ekspertlər yeni modul tipli məktəbləri müsbət hal kimi dəyərləndirirlər. Onların fikrincə, modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə,  xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq. Üstəlik, modul tipli məktəblər təhsilimizin inkişafına da öz töhfəsini verəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”