”Məni çəkməyin haa… anam danışar”

0
484

 

Ömrün ixtiyar çağını yaşasa da, Cəmilə ananın  əli işdən soyumayıb, ürəyi həvəsdən düşməyib. Əllərinin içi qabar-qabardır, üzünün, alnının qırışları onu 80-90 yaşlarında göstərir. Yaşı yetmişi adlasa da, yaşamaq həvəsi onu nisbətən cavan göstərir. Amma Cəmilə ananın anasının 90 yaşı var. Ailənin qayğısını illər öncə anası çəkirdisə, indi isə bu yükü Cəmilə ana çəkir. Onun haqqında sosial şəbəkələrdə məlumat aldıq. Bu günlərdə Mingəçevirin küçələrində Cəmilə  ana ilə rastlaşanda bir anlıq ayaq saxlayıb hər kəsin bu xanım haqqında yüksək fikirdə olduğunun  ona bildirdik. Gücü çatmasa da yük dolu əl arabasını saxlayıb belini düzəldib:  “Məni çəkməyin haa, anam danışar”, – dedi.

Bildirdik ki, Cəmilə xala, sənin haqqında sosial şəbəkələrdə o qədər ürək açan sözlər yazılıb ki, biz də istədik ki, ömrünün bu çağında öz halal əməyi ilə dolanan bir xanım haqqında ətraflı məlumat alaq. Əlavə etdi ki, sovet dönəmində Mingəçevir Toxuculuq Kombinatında uzun illər işləyib. Kombinat bağlandıqdan sonra harada iş olsaydı, Cəmilə orada olub: ”Gənclik illərimdən anam və iki övladımla birgə yaşayırıq. Övladlarıma anam baxırdı, mən də evin həm kişisi, həm də qadını olmuşam. Mənim belə yaşlı görsənməyimə baxmayın. Gün qocasıyam. Həyatın sərt üzü məni belə erkən qocaldıb. Yaşım o qədər də çox deyil. Hələ gümraham, boş karton yeşiklərini toplayıb kiloqramı 6 qəpikdən təhvil verirəm. Şükür, pensiya da alıram, hər gün mənimlə rastlaşan insanların bəziləri mənə yardım da edirlər, mən dolanışığımdan narazı deyləm. Özüm uşaqlıqdan  zəhmətə alışdığımdan evdə bikar otura bilmirəm. Bir də ki, iş insanın cövhəridir. Nə qədər ki, ayağım yer tutur, çalışıcağam. Həmişə anam bizə baxıb, indi də mən anama baxıram. Təki əl açıb dilənməyək, mən bəzən utanıram əl açıb adamın üstünə dilənməyə gələnlərdən. Allah o günlərdən saxlasın məni”.

Cəmilə anadan ayrılarkən onun şəklini çəkmək istədiyimizi görüb utancaq tərzdə: “Məni çəkməyin haa, anam danışar, – dedi”. Bildirdi ki, mənim heç vaxt şəkilim çəkilməyib, bir neçə gün öncə sosial şəbəkələrdə paylaşılan şəkillərimdən başqa. Onu da görməmişəm, məni görən dost,tanışlar deyir”.

Esmira Hidayətova, Mingəçevir