Ermənistan İsrailə qarşı niyə fəallaşıb?

0
622

Bu gün Azərbaycanla İsrail arasında siyasi, iqtisadi, mədəni əlaqələrlə yanaşı, hərbi əməkdaşlıq da yüksək səviyyədədir. Mütəxəssislər bildirirlər ki, Azərbaycan Ordusunun müasir tələblərə cavab verən silahlarla təmin edilməsində, müdafiə sənayesinin inkişafında İsraillə münasibətlərin xüsusi yeri vardır. Azərbaycan-İsrail qarşılıqlı münasibətləri bir sıra ölkələr üçün nümunə göstərilir.  Bu mənada iki ölkə arasındakı strateji xarakter daşıyan münasibətlər yeni bir mərhələdədir desək, səhv etmərik. Analitiklər İsrail-Azərbaycan münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyini birmənalı olaraq vurğulayırlar. Odur ki,  bu amil bir sıra dövlətlərdə, o cümlədən işğalçı Ermənistanda müəyyən qısqanclıqlar yaradır. Belə ki, faşist ideologiyasına xidmət edən, terrora ehtiram göstərən daşnaklar mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın Dağlıq Qarabağla bağlı ədalətli mövqeyini dəstəkləyən İsrailə qarşı haqsız fikirlər söyləməklə yanaşı, bu ölkəni də mənəvi terrora məruz qoymağa çalışırlar. Belə ki, son günlər televiziya kanallarında antisemit ruhlu verilişlər yayımlayan, on minlərlə dinc insanın öldürülməsində iştirak edən, Böyük Vətən müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı kimi tanınan Qaregin Njdeyə  abidə ucaldan və onu “müasirləşdirən” Ermənistan yəhudilərə qarşı təbliğatlarını daha da gücləndirib. Nəticədə  bəzi məlumatlara görə, bu ölkədə  antisemitizm səviyyəsi 60 faizə çatıb. Başqa sözlə desək, Ermənistan əhalisinin təxminən 1,3 milyonu antisemit əhval-ruhiyyəli insanlardır. Bu da artıq ölkədə öz “bəhrə”sini verir.  Belə ki, bir müddət öncə rusiyalı şair və diplomat Aleksandr Qriboyedovun Yerevandakı abidəsinə təhqir edənlər, onu rəngə boyayanlar bu  günlərdə daha “irəli” gedərək bir xoşagəlməz əmələ də imza atıblar. Belə ki, onlar İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin üzərində “Yəhudilərə ölüm” sözlərini yazıblar.  Özü də törətdikləri  bu vandalizmə belə don geyindiriblər: “Bu, ermənilərin Azərbaycana silah satan İsrailə etirazıdır”.

 Şübhəsiz, bu, o deməkdir ki, artıq Ermənistan və onun havadarları Azərbaycanın haqq mövqeyini dəstəkləyənlərlə sivil qaydada danışa bilmir, onlara qarşı özlərinə, daha doğrusu xislətlərinə uyğun şəkildə “mübarizə” aparırlar. Ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən, onun haqq səsinə səs verən ölkələrin sayı isə getdikcə artmaqdadır.

Digər tərəfdən, görünən odur ki, Ermənistanın belə addımları, əslində bu işğalçı ölkənin dövlət siyasətinin əsas prioritetlərindəndir. Çünki bu cür hadisələr erməni cəmiyyətində ancaq faşizm prinsiplərini formalaşdırır ki, Ermənistan rəhbərliyinin də hədəfi məhz bundan ibarətdir. Bu mənada qeyd etdiyimiz fakt bir daha Ermənistanın hər zaman faşizmi ictimailəşdirən, faşist ideologiyasını aparıcı qüvvəyə çevirən bir ölkə olduğundan  xəbər verir.

Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin təhqir edilməsində bir məsələni də xüsusi vurğulamaq lazımdır. Zənnimizcə,  ermənilərin faşist Njdeyə abidə və törətdikləri digər bu kimi vandalizm aktları onların azərbaycanlılara qarşı apardıqları etnik təmizləməyə, törətdikləri soyqırımlara bəraət qazandırmaq cəhdidir. Bununla da onlar faşist Almaniyasının yəhudilərə qarşı apardığı məhvetmə siyasətini dəstəkləyirlər. Yeri gəlmişkən qeyd edək ki, Holokost qurbanları Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.

Tarixi mənbələrə görə, nasist havadarı Qarigen Njde, həm də Avropanın yəhudi əhalisinə qarşı Holokost soyqırımında iştirak edib. Bu mənada Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin təhqir edilməsi Ermənistan tərəfindən həmin dəhşətli tarixin unutdurulması, öz milli “qəhrəmanının” təbliği istiqamətində görülən işlərin tərkib hissəsindən başqa bir şey deyil. Bu, hər şeydən əvvəl, rəsmi Yerevanın faşizmin açıq-aşkar təbliğatıdır.

Qvami Məhəbbətoğlu“İki sahil”