Kəndimizin ən zəhmətkeş vəzifəli şəxsi

0
421

Keçmiş sovet hakimiyyəti illərində öz vəzifə həddini aşan, ona verilmiş səlahiyyət çərçivəsindən kənara çıxan rəhbərlərin varlığı danılmaz faktdır. Ancaq işə can yandıran, sadə vətəndaşların problemləri ilə maraqlanan və buna görə də onların rəğbətini qazanan vəzifə sahibləri də olub. Həmkəndlimiz, rayon miqyasında sayılıb-seçilən Xıdır Balayev belə şəxslərdən biri kimi tanınıb.

Xıdır Balayev 26 oktyabr 1930-cu ildə Alpan kəndində anadan olub. Adi kolxozçu olan atası Nurbala kişi kəndimizdə minik, yük arabası hazırlayan şəxs  kimi tanınıb. Ziyarət xanımla ailə qurmuş Nurbala kişinin 7 övladı (5 oğul, 2 qız) dünyaya gəlib: Xıdır bu ailənin üçüncü övladı olub.  Alpan kənd məktəbində təhsilini başa vuran Xıdır Balayev Sabir adına meyvəçilik kolxozunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Elə kolxoz tarlalarında da o, öz gələcək planlarını qurub və  1951-ci ildə Quba Müəllimlər İnstitutuna daxil oub. Lakin Xıdır Balayev bu təhsil ocağında təhsilini davam etdirməyib. Ona görə yox ki, o, burada hansısa çətinliklərlə üzləşib. Ona görə yox ki, müəllimlik ona çətin peşə kimi görünüb. Sadəcə, təsərrüfatçı olmaq istəyi onu tərk etməyib. Odur ki, 1952-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutuna yollanıb. Bu təhsil ocağının aqronomiya fakültəsinin bitirəndən (1957) sonra o, Quba rayon Bitki Mühafizə Şöbəsində şöbə müdiri vəzifəsində işləyib. (O, bu vəzifədə 1957-ci ilin mayından 1958-ci ilin sentyabrına qədər çalışıb). 1958-61-ci illərdə isə Quba Sovxoz Texnikumunda yardımçı təsərrüfata rəhbərlik edib. Daha sonra XXII Partiya Qurultayının (Vladimirovka) baş aqronomu olub (1961-62). 

Xıdır Balayevin çalışdığı müəssisələrdə özünü ən yaxşı tərəfdən göstərməsi onun 1962-ci ildə  Quba Rayon Partiya Komitəsində təlimatçı vəzifəsinə təyin olunması ilə nəticələnir. Yəni onun belə məsul işə irəli çəkilməsində təkcə ali təhsilli mütəxəssis olması deyil, eyni zamanda yüksək təşkilatçılıq bacarığı, istedadı və təşəbbüskarlığı da mühüm rol oynayır. O, bu vəzifədə də iş üslubu, siyasi hazırlığı və səmimiliyi ilə fərqlənir və hər yerdə nümunəvi partiya işçisi  kimi qələmə verilir.  Bütün bu xüsusiyyətləri onun daha yüksək vəzifəyə, yəni 1965-ci ildə Quba Rayon Partiya Komitəsinin üçüncü katibi (Yeri gəlmişkən qeyd edək ki,  bu statusda olan kənd təsərrüfatı işlərinə cavabdeh olurdular) təyin olunması ilə nəticələnir. Deyilənlərə görə, o illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi Şıxseyid Kərimov olub.

 Kənd təsərrüfatı sahəsindən sırf siyasi rəhbərliyə keçirildiyi üçün Xıdır müəllimin partiya təhsili alması zərurətə çevirilir. Odur ki, o, 1970-ci ildə Moskva Ali Partiya Məktəbinə daxil olur. Lakin Xıdır müəllim Moskvada cəmi 6 ay təhsil ala bilir. Belə ki, səhhətində yaranmış problemlərlə bağlı həkimlər Xıdır müəllimin orada təhsil almasını məqbul hesab etmirlər. Odur ki, Xıdır müəllim təhsilini Bakı Ali Partiya Məktəbində davam etdirməli olur. Lakin o, təhsil alarkən vəzifəsi ilə vidalaşmaq məcburiyyəti qarşısında qalır. Səbəbi isə çox bəsit olur: səriştəli bir mütəxəssis və partiya işçisi kimi fəal və prinsipial mövqe tutmağı nədənsə yeni rəhbərliyi qane etmir. Yeri gəlmişkən qeyd edək ki, Xıdır Balayev işlədiyi müddət ərzində heç bir dəfə də partiya cəzasına məruz qalmayıb. Özü də uzun müddət rayon sovetinin deputatı olub. Nə isə… Onlarla, daha doğrusu, yeni təyin olunmuş katiblə kəllə-kəlləyə gəlməyin heç bir xeyiri olmayacağını düşünən Xıdır müəllim 1971-ci ildə öz ərizəsi ilə işdən azad olunur. İnsafən, rəqibləri də sonradan Xıdır müəllimin yolunda əngələ çevrilmirlər. Belə ki, o, 1971-ci ilin fevral ayında Quba Konserv zavoduna direktor təyin olunur və qısa zaman kəsiyində bu müəssisədə dönüş yaradır. Amma nədənsə bu irəliləyiş də rayon rəhbərliyini qane etmir. Odur ki, o,1972-ci ilin avqust ayında buradan da öz ərizəsi ilə uzaqlaşır. Bundan sonra bir il kəndimizdə – Sabir adına meyvəçilik sovxozunda partkom vəzifəsində çalışır. 1973-cü ildən 1998-ci ilə qədər Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun Xaçmaz Təcrübə Stansiyasının direktoru vəzifəsini icra edir. Buradan da öz ərizəsi ilə işdən azad olunur. Amma bu ərizə onun əvvəlki iş yerlərində yazdığı ərizələrdən fərqlənir. Belə ki, o, bu dəfə həqiqətən də səhhətində yaranmış probelmlərlə əlaqədar işindən ayrılır. Deyilənlərə görə, həmin illərdə xaçmazlıların bol məhsul əldə etməsində Xıdır müəllimin də kifayət qədər əməyi olub.

Haşiyə

Bu yazını hazırlayarkən Qubanın bəzi ziyalıları ilə görüşüb onların da fikirlərin öyrəndim.  Onların hamısının fikri demək olar ki, eyni oldu: “O, öz işində prinsipial idi”. Uzun müddət Quba rayon Partiya Komitəsində çalışmış Həsən Günəşov isə söbhətinə bu naxışları da vurdu: “Xıdır müəllimlə həmsöhbət olanlar elə ilk görüşdən dərk edirdilər ki,  qarşılarında ziyalı və yüksək ədəb-ərkanlı bir insan dayanıb. Çünki onun mənəvi varlığında hüdudsuz  işıqlı bir aləm vardı”. 1994-1996-cı illərdə Quba RİH-nin I müavini vəzifəsində işləmiş Laçın Səfərəliyev isə Xıdır müəllimin intizamlı, üzərinə götürdüyü vəzifələrin öhdəsindən gəlməyi bacaran bir insan kimi yaddaşına həkk olunduğunu söylədi.

Həyatından bir fraqment

Xıdır müəllim rəhbər vəzifədə işləyən alpanlılar arasında ən zəhmətkeş,  həm də təsərrüfata bağlı bir şəxs olub. Deyilənlərə görə, o,  hər gün işdən gələndən sonra öz həyətyanı sahəsində çalışardı. Yəni əkməkdən, biçməkdən xüsusu ləzzət alardı. Hətta o, məsul vəzifələrdə çalışarkən də bu şakərindən əl çəkməyib. Onun ən çox sevdiyi iş isə malina əkib-becərmək olub. Elə ailəsinin ehtiyaclarını bu məhsuldan gələn gəlirlə  qarşılayardı. Xıdır müəllim təqaüdə çıxandan sonra da təsərrüfatçılıqla məşğul olub. Bu işlərdə is ona əsasən həyat yoldaşı Aybikə xanım kömək edərdi. Yeri gəlmişkən qeyd edək ki, 1958-ci ildə aşpaz Aslan kişinin qızı Aybikə xanımla  ailə həyatı qurub və bu izdivacdan  4 övlad (2 oğul, 2 qız) dünyaya gəlib.

Bir ilk

…Bu təsərrüfatçılıq ona sonrakı işlərində də yardımçı olub. Belə ki, 1990-cı illərdə oğlu Malikin adına sovxozdan 11 hektar torpaq sahəsi icarəyə alaraq kəndimizdə ilk kooperativ təsərrüfat təsisi edib. 

Həyat yolundan bir neçə fraqment

Xıdır müəllim müxtəlif vəzifələrdə çalışarkən imkanı daxilində kəndimizin adamlarına da əl tutub. Məsələn, o, konserv zavoduna rəhbərlik edəndə kəndimizin bir neçə sakinini işlə təmin edib. Onlar Xıdır müəllimi indi də hörmətlə yad edirlər. Kolxozda partkom olarkən öz şəxsi vəsaiti hesabına kəndimizin Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə abidə ucaldıb. Deyilənlərə görə, Quba-Alpan yolunun asfaltlandırma layihəsi, eləcə də Mədəniyyət evinin tikintisinin plana salınması onun adı ilə bağlıdır. Yeri gəlmişkən, həmin illərdə Mədəniyyət evinin Qonaqkənddə inşa olunması nəzərdə tutulubmuş. O, həmçinin digər xeyirxah əməlləri ilə yaddaşlara həkk olunub.

Fərman Fərhadovun xatirələrindən: Xıdır müəllim vəzifə hərisi deyildi. Heç zaman da tutduğu vəzifəsi ilə öyünməzdi. Əksinə, sadə insanlarla daha çox ünsiyyət qurmağa çalışardı. O, yaşının ixtiyar çağında da bu adətindən qalmazdı. Kəndimizin nüfuzlu bir ağsaqqalı kimi gənclərə  dəyərli məsləhətlər verərdi. Yeri gəlmişkən onu da qeyd edim ki, atam Baləmi kişi yaşca Xıdır müəllimdən böyük olsa da, onu özünün ağsaqqalı hesab edərdi. Bir məsələni də vurğulamaq istərdim. Mən uzun müddət  müəllim kimi rayonumuzun müxtəlif kəndlərində fəaliyyət göstərmişəm. Hər kənddə də Xıdır müəllimdən söz düşəndə  onun adının  yaxşı bir insan kimi çəkildiyinin şahidi olmuşam. 

Xıdır müəllimin gileyi

ADPU Quba filialının baş müəllimi Rahib Sədullayevin xatirələrindən: “Mən qonşu Digah kəndində  müəllim işləyirdim. Qonşuluqda yaşayan Xıdır müəllim də kənarda işlədiyi üçün erkən çıxardı yola. Dayanacaqda avtobusu gözləməyimə baxmayaraq, hərdən məni öz xidməti maşını ilə iş yerimə çatdırardı. Yol bouynca müharibə, uşaqlıq və gənclik illərindən maraqlı epizodlar danışardı. Ən çox da gənclərin tənbəlliyindən  gileylənərdi. O zamanlar mən həm ev tikirdim, həm də şəxsi təsərrüfatımda qoyun-quzu, mal-qara saxlayırdım. Günlərin bir günü Xıdır müəllim mənə dedi ki, Rahib müəllim, sizi (O, məhz “Siz” deyərdi) həmişə övladlarıma nümunə göstərirəm. Sizin həm müəllim kimi bu şərəfli peşəni layiqincə təmsil etməyinizə, həm də növbəyə gedərkən çoban kimi geyinməyinizə heyranam. Mən təvazökarlıq göstərib dedim ki, Xıdır müəllim, mən çoban oğluyam, əslimi dana bilmərəm axı. Rəhmətlik şirin bir təbəssümlə dediyimə qarşı çıxaraq bildirdi:

– Əslini danmamaq bir igidlikdir, ancaq, mən müəllimləri də görürəm, çobanlığa belə layiq olmayan  adamların növbəyə getdiklərini də. Qarşılarına bir çaqqal çıxsa canavar bilib kəndəcən qaçacaqlar. Siz, maşallah, elə geyinirsiniz ki, tanımayan bilməz ki, ali təhsilli müəllimsiniz, yoxsa, professional çoban”.

Natiqlik məharəti

Müxtəlif tədbirlərdə çıxış etmək, mənalı danışığı ilə qulaq asanların diqqətini cəlb etmək, yadda qalmaq o qədər də asan deyil. Bu mənada Xıdır müəllim həm də yaxşı bir natiq idi. Bu isə o deməkdir ki, o, mütaliəyə ciddi fikir verər,  müzakirəyə çıxarılan hər hansı mövzu haqqında dərin biliklər əldə etməyə çalışardı. Bu mənada o, hər hansı bir mövzuda danşanda təqdim edilən sahənin əsl bilicisi kimi çıxış edərdi. Ona görə də o, tribunalarda heç zaman istehza ilə qarşılanmazdı.

Rafiq Balayevin xatirələrindən: “O zamanlar kommunist ideologiyasının tələblərinə əsasən, əgər belə demək mümkünsə, “Lenin cümə günləri” keçirilərdi. Həmin tədbirlərdə bir qayda olaraq vəzifəli şəxslər iştirak edərdilər. Təbii ki, belə tədbirlər mənim çalışdığım kollektivdə – Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda da  təşkil olunardı.  Mən həmin tədbirlərin bir neçəsində Xıdır müəllimin çıxışlarına qulaq asmışam. Gəldiyim qənaət bu olub ki, o, digər natiqlərdən fərqli olaraq həmişə camaatın ürəyinə yol tapa bilirdi. Yəni söz sarıdan yükünü elə tuturdu ki, dinləyicilər bezmirdilər. Bir sözlə, güclü məntiqi vardı Xıdır müəllimin. O yeri gələndə öz çıxışına bədiilik də əlavə etməyi bacarırdı”.

Və digər fraqmentlər

Zabit Babayevin xatirələrindən: “Bir dəfə hazırda oğlu Malikin işlətdiyi çayxana ilə əlaqədar bizə müraciət etmişdi. Mən onun sənədlərini qısa zaman kəsiyində sənədləşdirdim. Sənədləri Xıdır müəllimə təqdim edəndə zarafatla dedim ki, Xıdır müəllim, dövlətimizə inamı möhkəmləndirmək vətəndaş borcumuz olduğundan süründürməçiliyə yol vermədən arzunuzu yerinə yetirdim, sənədləriniz hazırdır”. O, mənim qolumdan tutub doluxsanmış halda minnəttarlığını bildirdi.  Onu da deyim ki, o, çox sakit, intriqadan uzaq bir şəxs idi…

ADPU Quba filialının baş müəllimi Rahib Sədullayevin xatirələrindən: “Məclislərin birində Xıdır müəllim haqqında söz demək qismət oldu mənə. Çıxışımın bir yerində dedim ki, Xıdır müəllim canlı tarixdir. Başdan-ayağa nümunə, ibrət olan bu tarixi oxumaq, öyrənmək gəncliyimiz üçün çox faydalı olar. Xıdır müəllim: -Kaş, hamı sizin kimi qədirbilən olaydı, müəllim, minnətdaram, – dedi.

Mənim yaddaşımdan

Bu yerdə uşaqlıq illərimdə Xıdır müəllimlə bağlı yazdığım bir neçə misranı da xatırlatmaq istərdim:

Baxıb cərgə, bu səfə

Söyləmişəm yüz dəfə,

Çox yaraşır vəzifə

Bizim bu alpanlıya…

O ağadır sözündə,

Təbəssüm var üzündə.

Allah dayaq  özü də

Bizim bu alpanlıya…

Son

1992-ci ildə oğlu Qədiri vaxtsız itirdi Xıdır kişi… Amma o, nə davranışında, nə də hərəkətlərində biruzə verirdi bu qəm-qüssəsini. Yəni kimsəni öz dərdinə şərik etməyi xoşlamazdı. Həm də nə həyatından, nə də səhhətindən şikayət etməzdi.

…Neçə illərdir ki, Xıdır müəllim aramızda yoxdur. Belə insanların sayı azaldıqca kənd-kəsəyin xeyir-bərəkəti də çəkilir. Onların yoxluğu, qalın meşələrdə kəsilən qocaman ağacların yeri kimi aydın görünür. Qeyd edək ki, Xıdır Balayev 2008-ci ilin avqust ayında dünyasını dəyişib.

Qvami Məhəbbətoğlu