Pandemiya dövrü: Özünüməşğulluq daha da aktuallaşır

0
316

Koronavirus pandemiyasının bütün dünya iqtisadiyyatına ciddi zərbələr vurduğu şübhəsizdir. Odur ki, ölkəmizdə iqtisadi inkişafı təmin etmək üçün bir sıra əsaslı proqramlar işlənib hazırlanır və həyata keçirilir. Əhalinin özünüməşğulluq məsələsi bu məqamda da prioritetlərdən biri kimi irəli çəkilir. Üstəlik, özünüməşğulluğun yüksək səviyyədə həlli üçün yeni yollardan, ehtiyat mənbələrindən istifadə olunur.

Şübhəsiz, özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, dövlətin köməyi ilə hər ailənin öz büdcəsi olur, bunun sayəsində  insanlar müəyyən işlər qura bilirlər. Bir sözlə, özünüməşğulluq maddi çətinliyi olan ailələrə yaxşı dolanışıq şəraiti yaratmağa imkan verir. Elə faktlar da bunu sübut edir. Belə ki, icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci ildə 1500 ailəni əhatə etmişdisə, 2018-ci ildə bu göstərici 7 min, 2019-cu ildə 10 min olub.  Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə 2020-ci il üzrə 12 min ailənin (50 min ailə üzvü) özünüməşğulluq proqramına cəlb edilməsi istiqamətində işlər aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat  ayrılıb.  Bu isə o deməkdir ki, bu sahə  bizim üçün həmişə prioritet olub və indiki şəraitdə bu daha çox önəm daşıyır. İnsanların işlə təmin olunmasına dövlət qayğısının və şəxsən Prezident İlham Əliyevin həssas münasibətinin nəticəsidir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter daşımaqdadır.

Yeri gəlmişkən, qeyd edək ki, Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli yeni qərarı ilə özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunmaları nəzərdə tutulur. Bu da özünüməşğulluq proqramının icrasının yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə də ardıcıl şəkildə davam etdirilməsinə imkan yaradır.

Özünüməşğulluq proqramının genişləndirilməsi məqsədi ilə  Dünya Bankı ilə də əməkdaşlığa  başlanılıb. Belə ki, Dünya Bankı və Azərbaycan Hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının  genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb. 2020-2025-ci illəri əhatə edən layihə üzrə bu müddətdə həssas əhali kateqoriyalarından olan 22 min işsiz şəxsin (o cümlədən 2 min nəfərinin 2020-ci il üzrə) proqrama cəlb edilməsi və kiçik biznesinin yaradılması nəzərdə tutulur. Digər tərəfdən, BMT-nin İnkişaf Proqramı ilə birgə layihə üzrə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir. Layihə çərçivəsində bir sıra bölgələrdə əlilliyi olan şəxslərə aktivlərin verilməsi prosesinə başlanıb və davam edir. Paralel olaraq Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi də “Sosial bağlar” layihəsi çərçivəsində hər il 250 ailə üçün təqribən bir hektar ərazidə bağ salınır. Məlumat üçün bildirək ki, bu layihə çərçivəsində ölkənin müxtəlif rayonlarında 2018-2019-cu illərdə 400-ə yaxın şəxs üçün intensiv meyvə bağlarından ibarət ailə təsərrüfatları yaradılıb. Banklarla da əməkdaşlıq həyata keçirilir. Aprelin 8-dən etibarən banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsi işləri aparılır və prosesə qoşulan bankların sırası getdikcə genişlənir. Ötən müddətdə 200-ə yaxın proqram iştirakçısına 800 min manatdan çox belə kredit verilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bank sektorunun özünəməşğulluq proqramına qoşulmasını təqdir edib.

Mütəxəssislərin fikrincə, özünüməşğulluq perspektivli proqramdır. Bu proqram insanların özlərinin dolanışığını yaxşılaşdırmağa, bəzi vətəndaşları ələbaxımlıq vərdişindən çəkindirməyə kömək edir. Onlar, həmçinin vurğulayırlar ki, qeyri neft-qaz sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün geniş imkanlar var. Şübhəsiz,  özünüməşğulluğa diqqətin artırılması insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır. Bütün bunlar olduqca təqdirəlayiqdir. Bu gün özünüməşğulluq proqramı iştirakçısının gələcəkdə kiçik, orta sahibkara çevrilə biləcəyi də istisna olunmur.

Qvami Məhəbbətoğlu, “İki sahil”