İşğalçı ölkənin siyasətini müəyyənləşdirənlər kimlərdir?

0
791

Məlum olduğu kimi, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişini maliyyələşdirən Soros fondu olub. Fond bu gün də işğalçı ölkəyə dəstək verməkdədir. Elə bu yaxınlarda koronavirus pandemiyasına qarşı mübarizəyə “kömək” məqsədi ilə Soros fondunun Ermənistana 600 min dollar ianə verməsi bunu bir daha sübut edir.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, dünya miqyasında humanitar təhsil və siyasi maarifləndirmə adı altında təxribatlarla ad çıxarmış Soros fondunun əsas məqsədi hakimiyyətləri öz təsiri altına salmaqdan ibarətdir: “Görünən budur ki, onlar artıq Ermənistanda öz niyyətlərinə nail olublar. Belə ki, bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşlarıdırlar. Bəzi məlumatlara görə, bu fondla əlaqəsi olan deputatların sayı təxminən 50 nəfərə yaxındır. Soros fondunun göstərişləri və nəzarəti ilə işğalçı ölkədə müxtəlif sahələr üzrə fəaliyyət göstərən 70-ə yaxın təşkilat da var. Bir sözlə, Nikol Paşinyanın hakimiyyət dəyişikliyindən sonra təşkil olunan hökumətdə sorosçuların xüsusi paya malikdirlər. Bütün bunlar isə o deməkdir ki, onlar Ermənistanda getdikcə daha geniş qol-qanad açıblar. Bu mənada işğalçı ölkənini siyasətini müəyyənləşdirən elə sorosçulardır desək, yanılmarıq. Bu faktı işğalçı ölkənin siyasətçiləri də etiraf etməkdədirlər. Məsələn, Vahid Ermənistan partiyasının sədri Xaçik Asryan müsahibələrinin birində bildirmişdir ki, amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) Ermənistanda öz geniş şəbəkəsini qurub və faktiki olaraq Ermənistan hakimiyyətini ələ keçirib. Sorosun və onun strukturlarının Ermənistanın siyasi və ictimai həyatında iştirakını tənqid edənlər isə Nikol Paşinyanın güc orqanları tərəfindən repressiyaya məruz qalırlar. Məsələn, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq sədri, general Artur Vanesyanın işdən qovulmasının səbəbi onun telekanallardan birinə müsahibəsində “Sorosun maliyyələşdirdiyi QHT-lər ölkəmiz üçün çox böyük təhlükədir” deməsi olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında bu məsələyə toxunmuşdur. Hətta dövlətimizin başçısı demişdir: “Biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir, onların sifarişini icra edir.”

Milli Məclisin deputatı, həmçinin qeyd etdi ki, Soros fondu hər ölkəyə yardım etmir: “Soros fondu pandemiya ilə mübarizə istiqamətində postsovet məkanındakı heç bir ölkəyə maliyyə yardımı göstərməyib. Bu mənada Ermənistan bu təşkilatın belə bir dəstəyinə “layiq görülmüş” yeganə postsovet ölkəsidir. Bəs niyə bu fond məhz Ermənistana ianə verib? Çünki Soros fondu ancaq və ancaq Ermənistan kimi təxribatla məşğul olan, faşist ideyalarına sadiq ölkə  ilə əməkdaşlığa üstünlük verir”.

Müsahibimizin fikrincə, Ermənistanda baş vermiş “məxmər inqilab”ın, daha doğrusu, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın devrilməsi ssenarisinin müəlliflərindən biri elə  Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. “İnqilab”dan iki dağıdıcı il keçsə də, işğalçı ölkədə  heç nə dəyişməyib. Bu yerdə cənab Prezidentin sözlərini xatırlatmaq yerinə düşərdi: “Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir”. Yəni Nikol Paşinyan iqtidarı mövcud problemlərin həlli üçün hər hansı konsepsiyava malik deyil. Xalqın, ölkənin taleyi onu əsla düşündürmür. Nəticədə hazırda koronavirus pandemiyasının tüğyan etdiyi Ermənistan səfalətə  sürüklənib: dövlət xəzinəsinin talan edilməsi, xaricdən alınan kreditlərin mənimsənilməsi fonunda miqrasiya və yoxsulluq səviyyəsi yüksəlib, iqtisadiyyat tənəzzülə uğrayıb, sosial problemlərin miqyası daha da genişlənib. Odur ki, faşizm ideologiyasına xidmət edən Ermənistan rəhbərliyi ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirməklə sadə əhalini bu kimi problemlərdən yayındırmağa çalışır. Elə iyulun 12-də rəsmi İrəvanın Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar də bu təcavüzkar siyasətin nəticəsi  idi.”

Qvami Məhəbbətoğlu“İki sahil”