Bu gün müqəddəs Qurban bayramı qeyd olunur

0
271

Bu gün Azərbaycanda İslam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.

Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Koronavirus səbəbilə bu il digər müsəlman ölkələrindən, o cümlədən Azərbaycandan Həcc ziyarəti baş tutmadı. Həcc ziyarəti yalnız Səudiyyə Ərəbistanı daxilindəki zəvvarlar üçün təşkil edilib. Bu il pandemiya səbəbindən məscidlərdə bayram namazı qılınmayacaq. 

Qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Qurbanlıq qoyunların sifarişi www.qurbanliq.kendden.az saytı vasitəsilə ediləcək.

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır.

Qurban bayramı bütün müsəlman ölkələrində qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Hər il bu bayramda aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır. Bu əziz gündə şəhidlərimizin xatirəsi yad edilir, Allah-Təaladan torpaqlarımızın işğalçılardan təmizlənməsi, qaçqın və məcburi köçkünlərə isə bu mübarək bayramı doğma yurdlarında keçirməsi arzulanır.
Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı ilə əlaqədar iyulun 31-i və avqustun 1-i Azərbaycanda Qurban bayramı qeyd olunur. Ümumilikdə isə bayramla əlaqədar iyulun 31-dən dörd gün ölkəmizdə qeyri-iş günüdür. 

Bayramınız mübarək!