“Danışıqlar müsbət yekunlaşarsa…”

0
364

Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki Bakıda olub. Belə ki, xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Dalğa Arena”da keçirilən “Xəzər Lənkəran” — “Neftçi” qarşılaşmasını izləyib. Xorvatiyalı mütəxəssis matçdan sonra mətbuata açıqlamasında öncə oyun haqda danışıb: “İlk hissədən çox razı qaldım. İkinci hissədən isə tam yox. Belə derbi oyununda 4 qırmızı vərəqə görməmişdim. Millinin baş məşqçisi olmağım isə hələ bilnmir. Bir neçə gün Azərbaycanda olacağam. Danışıqların necə nəticələnəcəyi sonra müəyyənləşəcək. Şərtlər barədə isə danışmaq fikrim yoxdur”.

Prosineçki bildirib ki, danışıqlar müsbət yekunlaşarsa, Azərbaycanda yaşayacaq: “Məni ölkənizdə yaxşı qarşıladılar. Danışıqlar alınsa, Azərbaycanda yasayacağam. Sabah aşağı yaş qruplarından ibarət komandaların oyunlarını izləyəcəyəm. Mən səbəbsiz yerə müqaviləni pozmuram. “Kayserispor”la aramızda problem var idi. Azərbaycanda isə belə olmayacaq. “Qarabağ”ın “Sent-Etyen”lə oyununu izləmək üçün Fransaya gedəcəyəm”. O, daha sonra yığmamızın Xorvatiyaya 0:6 hesabı ilə uduzduğu görüşdən də danışıb: “Komandanız həmin görüşdə yaxşı oynamadı. Xorvatiya yığmasının qapınıza vurduğu bütün zərbələr qol oldu. Yığmanız İtaliya və Bolqarıstana qarşı da yaxşı çıxış edə bilməmişdi. Komandada potensial var, inanıram ki, bundan sonra yaxşı olacaq”.

Prosineçki “Xəzər Lənkəran” — “Neftçi” oyununda bəzi futbolçuları bəyəndiyini söyləyib: “1-2 gün də gözləyin, bundan sonra bilinəcək ki, yığmanın baş məşqçisi olacağam, yoxsa yox. AFFA prezidenti Rövnəq Abdullayevlə bəzi məsələlər haqda danışmışıq. Futbolçuların aqressiv çıxışı xoşuma gəldi. Eləcə də bəzi futbolçuları bəyəndim. Amma təbii ki, belə intizamsız oyun məni narahat etməyə bilməz. Qırmızı vərəqələr oyuna təsir etdi”.

Qeyd edək ki, daha çox futbolçu kimi məşhurlaşan Prosineçki məşqçilik fəaliyyətinə 2006-cı ildə başlayıb. Ölkəsinin əsas yığmasına Slaven Biliçin köməkçisi kimi gələn futbol veteranı 4 il bu postda qalıb. 2010-cu ildə baş məşqçi kimi “Srvena Zvezda”ya qayıdan mütəxəssis 2012-ci ilədək burada çalışıb. 2012-ci ildə Türkiyənin “Kayserispor” klubunun “sükanı arxasına” keçən xorvatiyalı 2013-cü ilin sonunadək bu postda qalıb. Onun məşqçi kimi yeganə uğuru 2011-12 mövsümündə Serbiya Kubokunu qazanması olub.

45 yaşlı Prosineçki zəngin futbolçu karyerasında Yuqoslaviya (1989-91) və Xorvatiya (1994-2002) millilərində, “Dinamo”, “Hrvatska Draqovolyats”, “Zaqreb” (hamısı Xorvatiya), “Srvena Zvezda” (Serbiya), “Real”, “Ovyedo”, “Barselona”, “Sevilya” (hamısı İspaniya), “Standard” (Belçika), “Portsmut” (İngiltərə), “Olimpiya” (Sloveniya), klublarında çıxış edib. Xorvatiyalı dünya çempionatının bürünc mükafatçısı (1998), Çempionlar Kubokunun qalibi (1990-91), gənclər arasında dünya çempionu (1987), U-21-lərin Avropa ikincisi (1990) olub. Maraqlıdır ki, həmin finalda Yuqoslaviya millisini Tərlan Əhmədovun da heyətində olduğu SSRİ millisi məğlub edib.

Xorvatlar həmyerlilərinə inanır

Prosineçkinin milli komandamıza baş məşqçi təyin edilmə ehtimalı barədə bir neçə futbol adamı artıq münasibət də bildirib. İndi də həmin açıqlamalarla sizi tanış edirik:

Rəşad Sadıqov (milli komandamızın kapitanı): “Yığmanın baş məşqçisi kim olacaqsa, biz də onun rəhbərliyi altında oynayacağıq. Robert Prosineçki AFFA ilə hələ müqavilə imzalamayıbsa, onun yığmamızı çalışdırması haqda nəsə demək düz olmaz. Yalnız rəsmi müqavilədən sonra danışmaq mümkündür. Amma ümumilikdə bilirəm ki, Prosineçki təcrübəli məşqçidir. Vaxtilə mənim oynadığım “Kayserispor”u da çalışdırıb. Mən bu komandadan ayrılandan sonra da çıxışlarını izləmişəm. Xorvatiyalının oradakı fəaliyyətindən xəbərdaram. Prosineçki futbolçu kimi ulduz oyunçulardan olub. Son dövrlərin tanınmış futbolçularından biridir. Yığmaya kim gəlsə, ona uğurlar arzulayıram. İstərdim ki, millimiz gələcək baş məşqçinin rəhbərliyi altında daha yaxşı oynasın”.

Şahin Diniyev (futbol mütəxəssisi): “Robert Prosineçki barədə geniş məlumatım yoxdur. Bu səbəbdən onun haqqında danışmağım tezdir. Bildiyim odur ki, xorvatiyalı mütəxəssis elə də böyük klublarda işləməyib. Prosineçkinin futbol fəlsəfəsinə bələd deyiləm. Yəni əgər nəsə danışsam, gərək peşəkar şəkildə fikir bildirəm. Tanımadığım adam haqqında bir şey demək düzgün olmaz. Amma onu deyim ki, əgər bir əcnəbi mütəxəssis millimizin “sükanı arxası”na keçəcəksə, müəyyən şərtlərə əməl etməlidir. Yəqin ki, Prosineçki ilə tələsik danışıblar. Məsələn, burada yaşamalıdır, çempionatımızın oyunlarını izləməlidir. Məşqçinin hansı planları olduğunu da bilmək lazımdır. Əgər AFFA seçəcəyi məşqçini qarşısına şərt qoyubsa ki, ölkəmizdə qalmalıdır, bu, məni sevindirir. Çünki Berti Foqts kimi bizim qarşımıza şərt qoymamalıdır. Biz məşqçinin qarşısına şərt qoymalıyıq. Əgər bunlar olacaqsa, o zaman yəqin ki, uğur da gələr. Robert Prosineçki haqqında geniş yalnız ətraflı məlumatım olduqdan sonra danışacağam”.

Kazbek Tuayev (AFFA İcraiyyə Komitəsinin üzvü): “Prosineçkinin məşqçilik fəaliyyətini izləməmişəm. Qoy, onu Bakıya dəvət edənlər danışsın. Prosineçki ilə danışıqlar tamamlanandan, bütün prosedurlar yekunlaşandan sonra mən öz sözümü İcraiyyə Komitəsində deyəcəyəm. Orada nə deyəcəyimi isə sizə açıqlamayacağam. Bilirəm ki, Prosineçki yaxşı futbolçu olub. Amma onun necə məşqçi olduğunu bilmirəm. Axı mən onu izləyəsi deyiləm. Heç hansı ölkədə yaşadığını da bilmirəm. Mən özümüzünküləri izləmişəm. Anatoli Banişevskini, Yuri Kuznetsovu…”.

Vyekoslav Tomiç (“Xəzər Lənkəran”ın sabiq futbolçusu): “Robert Prosineçkinin Azərbaycan millisinin bas məşqçisi postuna namizəd olduğundan xəbərim var. Əgər onun təyinatı rəsmiləşsə, həqiqətən də, çox yaxşı olar. Məncə, AFFA onu baş məşqçi gətirəcəyi halda, yaxşı seçim edəcək. Prosineçkini mili komandadan tanıyıram. O, Xorvatiyada köməkçi məşqçi olanda, mən də orada oynayırdım. Prosineçki Azərbaycan futboluna xeyri dəyəcək bir adamdır”.

İvan Striniç (Xorvatiya millisinin müdafiəçisi): “Robert Prosineçki Xorvatiya futbolunda tanınmış məşqçilərdəndir. Fikrimcə, yığmanız üçün düzgün seçim olar. Onu şəxsən tanıyıram. Həm yaxşı insan, həm də yaxşı məşqçidir. Əgər, həqiqətən də, millinizin baş məşqçisi olacaqsa, bütövlükdə ölkənizin futboluna xeyri dəyəcək. Düşünürəm ki, bu, düzgün seçim olar. Biz Azərbaycan yığması ilə eyni qrupda yer almışıq. Prosineçkinin komandası ilə də qrup oyunlarında üz-üzə gəlmək maraqlı olacaq. Fikrimcə, bu mütəxəssis sizin komanda ilə bu seçmə mərhələdə də olmasa, qarşıdakı illərdə uğur qazanacaq. Ona vaxt vermək və gözləmək lazımdır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here