Bir gün getsən ellərdən…

0
380

Proloq

-Qapını açın!

-…

-Eşitmirsiniz?

Qapını döyənin səsi evdəki 4 uşağa – Arifə (1935), Münəvvərə(1937), Hətəmə (1938), Asifə (1940) tanış gəlmədiyindən səslərini çıxarmadılar. Az sonra onlardan biri – Münəvvər xanım dilləndi:

-Sən kimsən axı?

-Qapını açın deyim, sizi sevindirim.

-Bizi sevindirənə bax! Biz atam gələndə sevinəcəyik.

-Mən elə sizin atanızam da…

-Bizim atamız a… Bizim atamız müharibədədir, özü də nemeslərə qarşı döyüşür.

-Vallah-billah, mən sizin atanızam.

Amma uşaqlar müharibədən yenicə qayıtmış Vələd kişinin bu andına da əhəmiyyət vermədilər və inadlarından dönmədilər.

Vələd kişi daha dillənmədi. Dərindən köks ötürdü, gözləri doldu, müharibəni lənətləyə-lənətləyə bağa tərəf keçdi. Burada bir müddət dayanıb kəndi seyr etməyə başladı. Bağdan kənd demək olar ki, tamam görünürdü. Onu bu  xəyallar aləmindən uşaqlara baş çəkməyə gəlmiş Vələd  kişinin bacısı Sona xanım ayırdı. Sona xanım müharibədən yenicə qayıtmış qardaşı Vələdi bağrına basdı… Sevincindən göz yaşlarına hakim ola bilmədi. Vələd müəllim onu çətinliklə ovundurdu. Az zaman kəsiyində Vələd müəllimin müharibədən qayıtması xəbəri kəndə ildırım sürəti ilə yayıldı. Yas yerində olan Vələd müəllimin həyat yoldaşı Sürmə xanım da hövlnak özünü evlərinə yetirdi.

Vələd müəllimin qızı Münəvvər xanımın xatirələrindən: “Bu hadisə 1946-cı ilin yaz günlərinin birində baş verib. Tərslikdən elə həmin ilin may ayında kəndimizdə Pirhəsən (Qədirov) kişi qətlə yetirilmişdi. Kənd qorxu içində idi. Odur ki, anam bir yerə gedəndə bizə tapşırardı ki, bir kimsə üçün qapını açmayın. Biz də onun dediklərinə əməl edərdik. O ki qaldı atamız – Vələd Süleymanov üçün qapını açmamağımıza. Biz həqiqətən atamızı tanımamışdıq. Axı 6 il idi ki, biz onun nə üzünü görürdük, nə də səsini eşidirdik. Lənətə gəlmiş müharibə onu bizdən ayırmışdı. Eh, o illərdə ata həsrətini çəkən, onların yolunu gözləyən bizim kimi o qədər uşaq vardı ki…Təkcə uşaqmı?”

 Haşiyə

Fikrimizcə, bu yerdə Pirhəsən əhvalatına da aydınlıq gətirmək yaxşı  olardı. O illərdə Pirhəsən Qədirov Alpan kənd sovetinin sədri vəzifəsində çalışırdı. Kamil Qədirovun (Pirhəsən kişi onun əmisi olub) verdiyi məlumata görə, kənddən 3 nəfər şəxs vergi ödəmirmiş, buna görə də Pirhəsən kişi onları sıxışdırırmış. Buna görə də onlar sözü bir yerə qoyub hazırda Əşrəfin evinin yerləşdiyi məkanda Pirhəsən kişiyə çoxsaylı xəncər zərbələri vurub qaçırlar. Pirhəsən kişi özünü güc-bəla ilə öz həyətinə çatdırsa da, evinin pilləkənləri qarşısında can verir. Bu hadisədən sonra qatillər yaxalanır və onlar 25 il cəzaya məhkum olunurlar. (Bu hadisənin baş vermə səbəbi ilə əlaqədar digər versiyalar da var). Yeri gəlmişkən, bu qətldən bir neçə ay sonra Pirhəsən kişinin oğlu dünyaya gəlir və ona atasının adını verirlər.

Müharibə adamı

Vələd müəllimi mən də tanıyırdım. Qəribədir ki, gülərüzlü bu şəxsin  gözlərində həmişə izaholunmaz qəmginlik, kədər görünərdi. O zamanlar mənə elə gəlirdi ki, döyüşlərin, od-alovun içindən keçib gələn insanlar elə belə də olmalıdırlar. Sonradan atamdan öyrəndim ki, sən demə, məsələ heç də mənim düşündüyüm kimi deyilmiş. Yəni Vələd müəllimin gözlərinin lap dərinliklərindəki kədər başqa bir kədərmiş. İllər boyu ürəyində gəzdirdiyi bu kədəri, yəni erməni daşnaklarının 1918-ci ildə kəndimizə hücumunu isə o, ölkəmiz müstəqilliyə qovuşandan sonra dilə gətirmişdi. Belə ki, o, kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində deyirdi: “5 yaşım vardı. Günlərin bir günü kəndə hay düşdü. Arabalarla başladıq kənddən çıxmağa. Bizimkilər Kürkün tərəfə üz tutdular. Ancaq başa düşmürdüm ki, niyə gedirik? 20-25-gün orada olduq. Türklər gəlib erməniləri kəndimizdən qovub çıxardılar. Kəndə qayıdanda gördük ki, yaxşı evləri yandırıblar. Eləsi də vardı yarımçıq yanmışdı. Bizim də evin balkonu yandırılmışdı. Uşaq da olsam, o günlər mənim yaddaşıma öz ağrısı, açısı ilə elə hopub ki…”

Bu mənada onun gözlərinin dərinliklərindəki bu kədər 5 yaşında gördüklərinin  inikası idi.

 Hazırda Soçidə yaşayan nəvəsi Azadın (Arifin oğlu) xatirələrindən: “Vələd müəllim Böyük Vətən müharibəsi illərində Moskvada hərbi xidmətdə olub. Babam danışardı ki, o, müharibə illərində  SSRİ Daxili İşlər Nazirliyinə məxsus hərbi hissənin əsgəri olub. Məlum olduğu kimi, müharibə illərində Sovet İttifaqına hərbi texnika gətirən ingilis, amerikan gəmiləri öz yüklərini şimal limanlarında – Murmanskda və Arxangelskdə boşaldırdılar. Sovetlər də həmin texnikanın  müqabilində onlara qızıl verirdi. Babamgil həmin qızılları Moskvanın göstərişi ilə Murmanska kimi müşayiət edirdilər. Onlar, həmçinin həmin yüklərin müdafiəsinə, qorunmasına və digər obyektlərin də mühafizəsinə cavabdeh idilər. Onu da qeyd edim ki, babam müharibədən kəndimizə Şahbaba (Hacıyev) müəllimlə eyni gündə qayıdıb. Babam deyərdi ki, tale onları Rostovda görüşdürürb. Yeri gəlmişkən, babam Şahbaba müəllimlə görüşünü nəql edəndə kövrəlməmək mümkün deyildi”.

Vələd müəllim və Əli Qədirov

Həyat yolundan digər fraqmentlər

Süleymanov Vələd 3 mart 1913-cü ildə Alpan kəndində sadə kəndçi Fileydan kişinin ailəsində dünyaya göz açıb.  Vələd ailənin yeganə oğul övladı olub. Sona (arıçı Sadıq kişinin anası), Gülsabah (Ənvər müəllimin anası) adlarında bacıları olub. Vələd müəllim Babayev Qiyasəddin, Aslanov Orucəli, Qədirov Pirəsənlə birlikdə 7 illik məktəbi Qusarda oxuyub. Quba Pedaqoji Məktəbini bitirəndən sonra Rüstəm Zadayevlə  birlikdə Dəvəçinin (indiki Şabranın) Dağbilici kəndində pedaqoji fəalliyyətə başlayıb. 1932-də Sürmə (Məmmədova) İsmayıl qızı ilə ailə həyatı qurub. Yeri gəlmişkən, qeyd edək ki, 1915-ci il təvəllüdlü Sürmə xanım İsrafil kişinin bacısıdır.

Oğlu Rauf bəyin xatirələrindən: “Anam çox zəhmətkes qadın olub. O,  9 övlad (Arif, Münəvvər, Hətəm, Asəf, Rafiq, İsmayıl, Yavər, Camo, Rauf) dünyaya gətirib.  Bu usaqların 4-ü müharibəyə qədər  anadan olub. Onu da deyim ki, anam müharibə illərində kolxozda çalışıb. O dövrün çətinlklərinə baxmayaraq, anam onları sağ-salamat boya-başa çatdırıb. Üstəlik, o illərdə qayınatasının da qulluğunda dayanıb. Anam da atam kimi tələbkar bir insan idi. O, 1989-cu ildə dünyasını dəyişib”.

Vələd müəllim Qubanın Pirvahid kəndində isə bacısı Gülsabah xanımın həyat yoldaşı Həsən müəllimlə birgə fəaliyyət göstərib. Bundan sonra Alpan kəndində pedaqoji fəaliyyətini davam etdirib. Müharibədən qayıtdıqdan sonra isə Alpan kəndində kolxoz sədrinin müavini (o zaman kolxoz sədri Bayaz kişi idi), kolxoz partiya təşkilatının katibi, kənd soveti sədri vəzifələrində çalışıb.

Haşiyə

Bir neçə kəlmə də Zadayev Rüstəm barədə. Rüstəm kişi indiki məsciddə yerləşən anbardan buğda oğurluğunda günahlandırılıb. O, bu böhtanı çəkib-çiləyə bilməyib. Odur ki, kəndimizi tərk edib və Dəvəçidə məskunlaşıb. Qeyd edək ki, onun oğlu Ramiz öz nadir biliyi və bacarığı ilə metallurq vəzifəsindən direktor vəzifəsinədək yüksəlib.

Kəndimizin tarixçisi Şərafəddin Dadaşovun xatirələrindən:  “Xatırlatmaq istəmədiyim bir haqsızlıq nəticəsində Vələd müəllim bir müddət işsiz qaldı. Mən o zaman Qələdüz kənd ibtidai məktəbinin müdiri və müəllimi idim. Mən onda qiyabi təhsil alırdım, müəyyən çətinliklərim yaranırdı. Odur ki, Vələd müəllimə Qələdüzdə işləməyi məsləhət gördüm. Beləcə, o mənim təşəbbüsümlə Qələdüzdə müəllim çalışdı. 1961-ci ildə o, kəndimizə təyinat aldı və 1987-ci ilə kimi burada çalışdı”.  Qeyd edək ki, Vələd müəllim 6 iyul 2003-cü ildə dünyasını dəyişib.

Deyilənlərə görə

Vələd müəllimi yaxından tanıyanlar söyləyirlər ki, o, qayda-qanuna ciddi riayət edən, özünə və başqalarına eyni dərəcədə tələbkar olan bir şəxs idi. Müharibə illərində onda formalaşmış hərbi nizam-intizamı o, ömrünün sonuna kimi davam etdirib. Yəni o zamanın təbirincə desəki,  dinc quruculuq illərində o, özünü kənddə bir hərbçi kimi aparıb. Belə ki, o, hər gün orduda olduğu kimi səhər tezdən durar, müəyyən hərəkətlərdən sonra bir qayda olaraq, öz həyətyanı sahəsindən  kəndi seyr edərdi. Amma etiraf edək ki, ümumiyyətlə, onun tələbkarlığı bəzilərinin heç də xoşuna gəlməzmiş. Elə vəzifəsindən uzaqlaşdırılması da bununla əlaqədar olub. Yeri gəlmişkən qeyd edək ki, Vələd müəllimin  vəzifəsindən haqsız olaraq çıxarılması müəyyən olunandan sonra ona yenidən əvvəlki vəzifəsi təklif olunub. Amma Vələd müəllim: “Mən tərk etdiyim vəzifəni bir daha icra etmərəm”, – deyərək bu təkliflə razılaşmayıb.

Vələd müəllim öz övladlarına, hətta nəvələrinə qarşı da  ciddi olub. Oğlu Raufin dediyi kimi, dərslərini hazırlamayanda Vələd müəllim onları özünəməxsus qaydada cəzalandırarmış: “Atam bizi yalnız sözlə tərbiyə etməyib. Biz onun əməlləri ilə böyümüşük. O, bizə daim öz üzərimizdə işləməyi təlqin edərdi. İnsan fiziki, həm də intellektual cəhətdən inkişaf etməlidir, deyərdi”.

Bəli, Vələd müəllimin evində ciddi intizam hökm sürüb. Onlardan daha birini qeyd edək. “Evimizdə, əgər belə demək mümkünsə, xüsusi qayda vardı. Belə ki, atam gün ərzində necə dəfə otağa daxil olsaydı, böyüklü-kiçikli ayağa qalxardıq. Bu bizdə adət halına almışdı Onu da deyim ki, atam həm də kövrək bir insan idi” (Oğlu İsmayılın xatirələrindən).

Vələd müəllim Dəvəçidə işlədiyi illərdən xatirə

Nəvəsi Azadın xatirələrindən: “Yay tətilində babamgilə gəlmişdim. Bütün uşaqlar kimi mən də ora-bura qaçmaq, əylənmək istəyirdim. Amma babam buna imkan vermirdi. Deyirdi ki, vaxtını səmərəli keçirməyə çalış, üstəlik, əlavə edirdi ki, uşaq  yaşlarından vaxtın qədirini bilməyən sonra da onun qədirini bilməz. Hə, yadıma düşmüşkən…Mən ibtidai sinifdə oxuyanda xəttim yaxşı deyildi.  Az müddətdə babam mənə öz taktikasına əsasən yazmağı elə öyrətdi ki, hətta sonradan sinif müəllimimz heyrətini gizlədə bilmədi. Onu da deyim ki, mən 13 yaşımdan hərbi liseydə oxumuşam. Babamın öyrətdikləri hərbi də köməyim olub”.

Yağışla torpaq dirçələr, müəllimlə…

Belə bir kəlam var: “Yaxşı müəllim susuz torpağa can verən yağışdan da qiymətlidir, yağışla torpaq dirçələr, müəllimlə bütün bəşəriyyət”. Təəssüf ki, bu ifadənin kimə məxsus olduğunu unutmuşam. Zənnimcə bu, o qədər də önəmli deyil.  Bu mənada Vələd müəllimin öyüd-nəsihətləri sayəsində neçə-neçə şəxs həyata vəsiqə alıb, layiq olduqları mərhələyə yüksəliblər.   Onların sırasında biologiya elmləri doktoru Tələt Qayıbovun, tarixçi Məmməd Rüstəmbəylinin, neftçi-alim Kənan Qayıbovun, “Tərəqqi” medalına,  “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş Abdulrəhim (İbrahim) Hacıyevin, kəndimizdə uzun müddət çoğrafiya fənninin tədris etmiş Cövhərət Əhmədovanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdirinin müavini  Fəxri Aydəmirovun, “Azərbaycan bayrağı” ordenli polkovnik Məmmədşah Hacıyevin, Bakı Dövlət Universitetinin tarix müəllimi Aqil Şahmuradovun və digərlərinin misal göstərmək olar.

Epiloq

Yazımı isə Nəzakət xanımın (Qumalat kişinin qızı) bu sözləri ilə bitirmək istərdim: “Bəli, atamın bibisi (Pəri) oğlu, kəndimizin ilk ziyalılarından olan Vələd  bir çox müəllimlərin, eləcə də müxtəlif peşə adamlarının müəllimi olub. 1961-ci ildə ürkə-ürkə birinci sinfə getdiyim günləri indi də xatırlayıram. Nə xoş, gözəl günlər idi o günlər. Bu yerdə Hüseyn Arifin bu misralarını da xatırlatmaq yerinə düşərdi:

Qayıt usaqlığım,qayıt bir anlıq,

Yeriyib, yıxılıb qaçmaq istərəm.

 Səhərlər çiynimdə məktəb çantası

Sinif otagını açmaq istərəm.

Mən o xoş  günləri ibtidai sinif müəllimim olan Vələd müəllimin sinfində yaşamışam. Onu da deyim ki, Vələd müəllim gülərüzlü olsa da, yersiz hərəkətləri sevməzdi,  belə hərəkətlərə yol verənləri də cəzalandırardı. Məni də iki dəfə cəzalandırıb. Yəni onun üçün qohum, yad uşağının heç bir fərqi yox idi. Hər kəsə də layiq olduğu qiyməti verərdi. Çox gözəl xətti var idi. Bizə yazmağı necə öyrədirdisə, çoxumuzun xətti eyni olardı. Adını unutduğum bir müəllifin bir şeiri var. Həmin şeirdə deyilir:

Ömrümə bir çıraqsan,
Arzuma bir soraqsan,
Yaddan çıxmayacaqsan,
Mənim ilk müəllimim.

Bir gün getsən ellərdən,

Sözün qalar dillərdə.

Yaşarsan könüllərdə,

Mənim ilk müəllimim”.

Bəli, həqiqətən də Vələd müəllim bu gün könüllərdə yaşayan müəllimlərimizdəndir.

Qvami Məhəbbətoğlu (Rəsulov)

Müharibə illərində… bir dostu ilə
Kürkünlü dostu Rəsul bəylə
Xalası Məleykəcahanla
Bacısı Sona xanımla
Ən yaxın dostu mayor Baxşəli ilə

P.S. Bu yazının ərsəyə gəlməsində məndən də çox çalışan kəndimizin ziyalısı Maarif Əmkişiyevə təşükkürümü bildirirəm.