“Əkinçi”dən başlanmış missiya

0
536

Azərbaycan milli mətbuatının bu gün 145 ili tamam olur. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Azərbaycan mətbuatı 145 ildə çox böyük tarixi yol keçib. Bu gün cəmiyyətimizin mədəni inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan söz və ifadə azadlığı, kütləvi informasiya vasitələrinin bolluğu, təxminən əsr yarıma bərabər müddətin həyatımıza gətirdiyi nailiyyətlərdir. Onların hər birində “Əkinçi”nin işığı görünür.

Məlumat üçün qeyd edək ki, “Əkinçi” qəzetinin yarandığı 22 iyul 1875-ci il tarixi ilə əlaqələndirilən “Milli Mətbuat Günü” Azərbaycanda 1991-ci ildən rəsmi olaraq təsbit olunsa da, onun yaddaqalan bayram kimi qeyd olunması və bu münasibətlə dövlət səviyyəsində xüsusi tədbirlərin, jurnalistlərlə çoxsaylı görüşlərin keçirilməsi, fərqlənən yüzlərlə qələm sahiblərinin ayrı-ayrı dövlət təltifləri ilə mükafatlandırılması və sair kimi xoş ənənəni 1995-ci ildən Prezident Heydər Əliyev yaradıb. Heydər Əliyevə qədər Azərbaycanda “22 iyul Milli Mətbuat Günü” ölkə səviyyəsində jurnalistlərin və dövlət rəsmilərinin birgə təşkilatçılığı ilə, rəsmi bayram kimi heç zaman qeyd olunmayıb. Yalnız 1995-ci ildən başlayaraq hər il 22 iyul Milli Mətbuat Günü kimi ölkə səviyyəsində, ali siyasi rəhbərliyin iştirakı ilə, xüsusi bayram tədbiri kimi qeyd olunmağa başlanıb.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi plüralizm və azad media siyasəti sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib.